Son illərdə arıqlamaq istəyənlərin ən çox üstünlük verdiyi zəifləmə iynələri bu dəfə tamamilə fərqli bir problemlə gündəmə düşüb. Məlum olub ki, sürətli çəki itkisi dərinin sallanmasına, dərin qırışların əmələ gəlməsinə və üzdə çökmüş, solğun görünüşə yol aça bilər.
Demokrat.az xəbər verir ki, türkiyəli tanınmış dermatoloq Özlem Su Küçükün zəifləmə iynələri ilə bağlı açıqlaması böyük əks-səda doğurub.
Mütəxəssis diqqət çəkib ki, piylənmə və diabetin müalicəsində tətbiq olunan GLP-1 qrupu preparatlarla qısa müddətdə sürətlə arıqlayan insanlarda üz nahiyəsində ciddi və nəzərə çarpan dəyişikliklər baş verə bilər. Özlem Su Küçük vurğulayıb ki, sürətli çəki itkisi yalnız yağ toxumasını deyil, həm də əzələ kütləsini əridərək ciddi nəticələrə gətirib çıxarır.
Professor xüsusilə xəbərdarlıq edib ki, həftədə bir kiloqramdan çox çəki itirmək almacıq sümüklərinin daha qabarıq görünməsinə, gözaltı nahiyənin çökəkləşməsinə, yanaqların içəri çökməsinə, eləcə də boyun və üz dərisinin sallanmasına səbəb ola bilər. Nəticədə insan olduğundan xeyli yaşlı görünə bilər.
Dermatoloq həmçinin bu vəziyyətin dolğu prosedurlarına marağı kəskin artırdığını qeyd edib və belə kosmetik müdaxilələrə əl atmadan öncə mütləq mütəxəssis dermatoloqla məsləhətləşməyin vacibliyini vurğulayıb.
Mütəxəssis əlavə edib ki, bu cür dəyişikliklər yalnız zəifləmə iynələrindən istifadə edənlərdə deyil, piylənmə əməliyyatı keçirən və qısa müddətdə böyük həcmdə çəki itirən insanlarda da müşahidə olunur.


