Bakının Sabunçu rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 dekabr 2025-ci il tarixində Sabunçu rayonu, Balaxanı-Pirşağı şosesinin kənarında baş verib.
Cəbrayıl rayon sakini, 2001-ci il təvəllüdlü Əfqan həmin ərazidə tanışı Ülvi (adlar şərtidir – red.) ilə mübahisə edib. Əfqan Ülvinin onunla kobud danışması səbəbindən yaranan mübahisə zamanı qəsdən yumruqla onun üz nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə Ülvi xəsarət alıb.
Əfqana qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Binəqədi rayonunda ailəsi ilə birlikdə yaşadığını bildirib. Onun sözlərinə görə, zərərçəkmiş Ülvi də onunla eyni qəsəbədə yaşayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmişlə aralarında yaxın münasibət olmasa da, bir-birlərini tanıyıblar və indiyədək aralarında hər hansı mübahisə baş verməyib:
"Dekabrın 17-də, təxminən saat 13:00 radələrində idarə etdiyim "Toyota Prius" markalı avtomobillə Sabunçu rayonu ərazisində Balaxanı-Pirşağı şosesi ilə hərəkətdə olarkən digər hərəkət iştirakçısı olan "Changan" markalı avtomobilin sürücüsünün mənim hərəkət istiqamətimə kəskin şəkildə keçməsi səbəbindən səs siqnalı verərək etirazımı bildirdim. Həmin şəxs mənə əl hərəkəti ilə işarə etdikdən sonra avtomobili yolun kənarında saxladım. Qarşı tərəf də avtomobilini saxlayaraq düşdü. Həmin şəxsin Ülvi olduğunu gördüm. Ondan nə üçün avtomobilin önünə keçdiyini soruşdum. Onun kobud cavab verməsi səbəbindən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək yumruqla bir dəfə Ülvinin üz nahiyəsindən vurdum. Daha sonra mübahisənin böyüməsinin qarşısını almaq məqsədilə avtomobilimə əyləşərək hadisə yerindən uzaqlaşdım".
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Əfqanın barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


