YapiKredi Müraciət Forması
Kriminal Özəl

"Arvadımla dalaşdım, çıxdı getdi dostumgilə " — Qumar borcuna görə dava düşdü

Arvadımla dalaşdım, çıxdı getdi dostumgilə  — Qumar borcuna görə dava düşdü

Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 dekabr 2025-ci il tarixində Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü Elbəy həmin gün səhər saat 09:00 radələrində həyat yoldaşı Zəhra (adlar şərtidir – red.) ilə mübahisə edib. Ailə-məişət zəminində yaranmış mübahisə zamanı o, qəsdən əli və ayaqları ilə qadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Nəticədə Zəhra xəsarət alıb.

Elbəyə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elbəy ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində təxminən bir neçə il əvvəl Zəhra ilə ailə həyatı qurduğunu bildirib.

"28 dekabr 2025-ci il tarixində həyat yoldaşımla yaşadığımız evdə mübahisə etdik. Mübahisədən sonra Zəhra yaşayış yerini tərk edərək Zabrat qəsəbəsində yerləşən dostuma məxsus evə getdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 29-da səhər saat 09:00 radələrində həyat yoldaşının olduğu Zabrat qəsəbəsindəki ünvana gedib.

"Həmin ünvanda Zəhra ilə söhbət etdik və dekabrın 28-də evi tərk etməsi ilə bağlı ona iradımı bildirdim. Eyni zamanda, qumar oyunlarına pul xərcləməyim səbəbindən aramızda yenidən mübahisə yarandı. Mən etdiyim hərəkətlərin yanlış olduğunu dərk etdiyimi bildirdim və Zəhradan özümü toparlamağım üçün mənə beş dəqiqə vaxt verməsini xahiş etdim. Lakin Zəhra otaqdan çıxmağıma mane oldu və mübahisəni davam etdirdi. Bu zaman əsəblərimi cilovlaya bilməyərək Zəhraya bir dəfə şillə vurdum. Zərbənin təsirindən onun ayağı sürüşdü və metlax örtüklü döşəməyə yıxıldı. Zəhra yerdə olarkən ona əlavə fiziki zorakılıq tətbiq etməmişəm. Bununla da mübahisə sona çatdı. Əvvəllər aramızda mübahisələr baş versə də, həyat yoldaşıma qarşı fiziki zorakılıq tətbiq etməmişəm. Əməlimdən peşman olduğumu bildirmişəm və zərərçəkmiş şəxslə barışmağa cəhd göstərmişəm. Lakin zərərçəkmiş şəxs barışmağa razılıq verməyib".

İş üzrə zərərçəkmiş Zəhranın sözlərinə görə, təxminən 2020-ci ildə Elbəy ilə ailə həyatı qurub. Onun sözlərinə görə, ailə qurduqdan sonra Elbəyin mütəmadi olaraq spirtli içki qəbul etməsi, digər qadınlarla yazışması və qumar oyunlarına pul xərcləməsi səbəbindən aralarında dəfələrlə mübahisələr baş verib.

"Həmin mübahisələr zamanı Elbəy tərəfindən fiziki zorakılığa məruz qalsam da, xəstəxanaya müraciət etməmişəm. O, cəza almasın deyə xəsarətlərimin səbəblərini gizlətmişəm. Bu hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Dekabrın 28-də Elbəyin dostu Orxan adlı şəxs mənə onun qumar oyunlarına 260 manat pul qoyduğunu və qazanc əldə edə bilmədiyini bildirdi. Həmin gün Elbəy evə gəldi. Ondan pul qoyub-qoymadığını soruşdum. O isə pul qoymadığını bildirdi. Elbəyə yalan danışmamağı və həqiqəti deməyi tələb etdim. O, əsəbiləşərək qışqırmağa başladı və masanın üzərindəki balonu başıma vuracağını bildirdi. Mübahisə davam edərkən, gecə saat 21 radələrində məni küçəyə atdı. Gecəni küçədə qalmamaq üçün Elbəyin dostunun yaşadığı ünvana getdim. Epilepsiya xəstəsi olduğum üçün həmin ünvana çatdıqdan sonra baş verənlərin təsiri ilə qıcolma keçirdim. Bir müddət sonra özümə gəldim".

Zərərçəkmiş qeyd edib ki, dekabrın 29-da Elbəy dostunun yaşadığı evə gəlib və həmin vaxt evdə olan dostunun anası Nazilə adlı şəxsdən onun harada olduğunu soruşub.

"Daha sonra Elbəy olduğum otağa daxil olmaq istədi. Lakin Nazilə buna mane olmağa çalışdı. Elbəy qapını itələyərək otağa daxil oldu və mənimlə mübahisə etməyə başladı. Məni itələyərək mətbəxə apardı, orada başımı bir neçə dəfə metlax örtüklü döşəməyə vurdu. Həmçinin əli və ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr endirərək mənə xəsarət yetirdi. Səs-küyə Elbəyin dostu Orxan və onun ailə üzvləri gəldi. Orxanın atası müdaxilə edərək bizi ayırdı. Bundan sonra həmin evi tərk etdim. Yolda olarkən yenidən qıcolma keçirdim. Hadisə yerində mənə ilkin tibbi yardım göstərən şəxslər bədənimdəki xəsarətləri gördülər və 102 xidmətinə məlumat verdilər".

Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs ona davamlı olaraq fiziki və psixoloji zorakılıq göstərib. Onun sözlərinə görə, Elbəy dəfələrlə əlinə bıçaq alaraq üzərinə hücum edib, bıçağı havada irəli-geri hərəkət etdirərək "Bıçağı soxum qarnıva? Cırım töküm içalatıvı?" kimi təhdidlər səsləndirib.

"Bu hadisələr zamanı çox qorxmuşam, təhdidlər real olub. Həyatımı təhlükə altında hiss edirəm. Elbəy ondan şikayət etdiyimə görə məni hədələyib və deyib ki, onsuz da məhkəmə onu ya həbs edəcək, ya da cərimələyəcək. Elə bilirsən, mən çıxandan sonra sən yaşayacaqsan? O, mənə "Səni sağ qoymayacağam", "Səni öldürəcəyəm", "Səni evin içində olanda evlə birlikdə yandıracağam", "Sənin işini elə gərək birdəfəlik həll edərdim" kimi hədələyici ifadələr işlədib".

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Elbəy 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli

Editor
Redaktor