Valideynlərin övladlarını böyütmək, onların təhsil və yaşayış ehtiyaclarını qarşılamaq üçün illərlə çəkdikləri zəhmət heç kimə sirr deyil. Lakin yaşlılıq dövründə maddi və sosial dəstəyə ehtiyac duyan valideynlərin övladları tərəfindən diqqətdən kənarda qalması da cəmiyyətdə aktual problemlərdən biridir.
Bəs övlad valideyninə baxmaqdan imtina edərsə, qanun qarşısında hansı məsuliyyəti daşıyır? Valideynə maddi yardım göstərmək yalnız mənəvi borcdur, yoxsa hüquqi öhdəlik də hesab olunur?
Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
Qanuna görə, tərəflər arasında aliment ödənilməsi barədə razılaşma olmadıqda, valideynlər övladlarından məhkəmə qaydasında aliment tələb edə bilərlər.
Alimentin məbləği müəyyənləşdirilərkən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və digər diqqətəlayiq hallar nəzərə alınır.
Məsələnin maraqlı tərəfi isə yalnız aliment öhdəliyi ilə məhdudlaşmır.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60 manatdan 100 manatadək cərimə tətbiq olunur.
Bununla yanaşı, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirmədiyi məhkəmə tərəfindən müəyyən olunarsa, övladlar onları saxlamaq vəzifəsindən azad edilə bilərlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərə münasibətdə də aliment öhdəliyi yaranmır.


