YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Eyni məbləğdə pul yatırırlar, amma fərqli faiz alırlar — Səbəbi bu imiş

Eyni məbləğdə pul yatırırlar, amma fərqli faiz alırlar — Səbəbi bu imiş

Azərbaycanda banklarda əmanət yerləşdirən müştərilərə təklif olunan faiz dərəcələri bəzən eyni məbləğdə pul yatıran şəxslər üçün belə fərqlənir. Belə ki, banklar depozitin məbləğindən, müddətindən və digər şərtlərindən asılı olaraq fərqli gəlirlilik təklif edə bilirlər. Bu isə əmanətçilərdə faiz dərəcələrinin hansı meyarlar əsasında müəyyənləşdirildiyi ilə bağlı suallar yaradır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev Demokrat.az-a açıqlamasında bildirib ki, banklarda əmanətlərə tətbiq olunan faiz dərəcələri əvvəlcədən bank tərəfindən müəyyənləşdirilir və müvafiq şərtlər əsasında elan olunur.

Eyni məbləğdə pul yatırırlar, amma fərqli faiz alırlar — Səbəbi bu imiş

Onun sözlərinə görə, müştərilər də həmin şərtlərə uyğun olaraq banklara vəsait yerləşdirirlər:

"Eyni məbləğdə əmanət yerləşdirən müştərilərin fərqli gəlir əldə etməsinin bir neçə səbəbi var. Bunlardan başlıcası əmanətin müddətidir. Belə ki, əmanətin müddəti uzandıqca müştəriyə təklif olunan faiz dərəcəsi də dəyişə bilər. Qısamüddətli əmanətlər bank qarşısında vəsaitin daha tez geri qaytarılması öhdəliyi yaratdığı halda, uzunmüddətli əmanətlər banklara həmin vəsaitlərdən daha səmərəli istifadə etmək imkanı verir.

Vergi Məcəlləsində də uzunmüddətli əmanətlərin təşviqinə yönələn yanaşma mövcuddur. Belə ki, əmanətlər üzrə aylıq faiz gəlirinin 200 manatadək olan hissəsi vergidən azaddır. Həmçinin 18 aydan artıq müddətə yerləşdirilən əmanətlərə də müəyyən vergi güzəştləri tətbiq olunur. Bütün bunlar göstərir ki, həm bankların faiz siyasətində, həm də vergi mexanizmlərində uzunmüddətli əmanətlərin təşviqinə xüsusi önəm verilir".