2027-ci il Şərq təqviminə əsasən Qırmızı Odlu Keçi ili olacaq. Astroloji yozumlara görə, bu dövr ailə münasibətləri, yaradıcılıq, şəxsi inkişaf və əməkdaşlıq baxımından əlverişli hesab edilir. Bununla yanaşı, emosional qərarlardan və tələskənlikdən uzaq durmaq tövsiyə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə UNİAN-a astroloq İrina Nijnik danışıb.
Onun sözlərinə görə, Çin təqvimində yeni il 2027-ci il fevralın 6-da başlayacaq və 2028-ci il yanvarın 25-dək davam edəcək. Həmin tarixə qədər isə Odlu At ili hökm sürəcək.
Astroloqun fikrincə, Od elementi enerji, cəsarət, ehtiras və fəallıqla, Keçi simvolu isə mehribanlıq, harmoniya və yaradıcılıqla əlaqələndirilir. Bu iki simvolun birləşməsi gələn ili həm şəxsi münasibətlərin möhkəmləndirilməsi, həm də yeni ideyaların həyata keçirilməsi üçün münasib dövr kimi xarakterizə edir.
Ailə, karyera və maliyyə məsələləri
Şərq astrologiyasında Keçi ili ailə dəyərləri, ev rahatlığı və yaxın insanlarla münasibətlərə xüsusi diqqət ayrılan dövr hesab olunur. Bu baxımdan 2027-ci ildə evin təmiri, yaşayış yerinin dəyişdirilməsi və məişət şəraitinin yaxşılaşdırılması üçün əlverişli imkanların yarana biləcəyi bildirilir.
Karyera sahəsində isə şəxsi təşəbbüslərin irəli sürülməsi ilə yanaşı, komanda işinə üstünlük verilməsi tövsiyə olunur. Yaradıcılıqla məşğul olmaq, yeni bacarıqlar qazanmaq, musiqi, fotoqrafiya, dizayn və incəsənətin digər sahələrinə vaxt ayırmaq da bu ilin uğurlu istiqamətləri sırasında göstərilir.
Maliyyə məsələlərində isə ambisiyalarla qənaətcillik arasında tarazlıq saxlamaq vacib sayılır. Astroloq xəbərdarlıq edir ki, emosional alış-veriş və başqalarında yaxşı təəssürat yaratmaq istəyi pul yığımına mane ola bilər.
2027-ci ildə nələrdən çəkinmək lazımdır?
İrina Nijnikin sözlərinə görə, gələn il bütün problemlərdən qaçmağa çalışmaq və vacib qərarları daim təxirə salmaq düzgün yanaşma deyil. Bəzi hallarda problemləri susaraq keçişdirmək vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Astroloq xüsusilə emosiyaların təsiri altında qərar verməməyi tövsiyə edir. İş yerini dəyişmək və ya başqa əraziyə köçmək kimi uzun müddətdir planlaşdırılan addımlardan isə yalnız ilin simvoluna görə çəkinmək lazım deyil.
Bundan başqa, hər kəsi razı salmağa çalışmaq və öz maraqlarını daim arxa plana keçirmək də məsləhət görülmür. Belə davranışın emosional tükənməyə səbəb ola biləcəyi vurğulanır.


