Hollivudun tanınmış aktrisalarından Selma Blair təyyarədə baş verən insidentə görə ciddi hüquqi problemlə üzləşib. İki uçuş əməkdaşına, polisə və tibb bacısına hücum etməkdə ittiham olunan 54 yaşlı aktrisa yeddi ilədək həbs cəzası ala bilər.
Demokrat.az xəbər verir ki, hadisə oktyabrın 11-də Los-Ancelesdən Nyu-Yorka uçuş zamanı baş verib. İddialara əsasən, aktrisa təyyarədə bir neçə nəfərə hücum edib, hətta stüardessalardan birini dişləyib. O, bununla bağlı ikinci dərəcəli hücum ittihamları üzrə məhkəmə qarşısına çıxarılıb və özünü təqsirli bilməyib.
Blairin vəkili Şon Barns hadisənin qəsdən törədilmədiyini bildirib. Müdafiə tərəfinin sözlərinə görə, aktrisa uzun müddətdir mübarizə apardığı dağınıq skleroz (MS) xəstəliyinə görə qəbul etdiyi güclü dərmanın dozalarını vaxtında qəbul etməyib. Bundan əlavə, uçuşdan əvvəl yıxılaraq başını vurduğu da iddia olunur.
Vəkil bildirib ki, dərman qəbulunun pozulması, baş zədəsi və uçuş hündürlüyünün təsiri aktrisada ciddi çaşqınlıq və oriyentasiya pozuntusu yaradıb. O, hadisənin qəsdən törədilmiş hücum olmadığını müdafiə edib.
Məhkəmə zamanı müdafiə tərəfi aktrisanın məşhurluğunun və kino karyerasının nəzərə alınmasını istəyib. Lakin hakim onun tanınmış şəxs olmasına görə xüsusi münasibət göstərilməyəcəyini vurğulayıb. Blair 20 min dollar girov qarşılığında sərbəst buraxılıb.
Qeyd edək ki, bu, aktrisanın uçuş zamanı yaşadığı ilk insident deyil. O, 2016-cı ildə də təyyarədə qəribə davranışlarına görə reysdən uzaqlaşdırılmışdı. Həmin vaxt şahidlər onun şərab içdiyini, pilot isə alkoqolla dərmanların birlikdə qəbul edilməsinin mümkün təsirləri barədə xəbərdarlıq etdiyini bildirmişdi.
İnsidentin Hollivuddakı karyerasına da mənfi təsir göstərə biləcəyi qeyd olunur. Sənaye nümayəndələrinin fikrincə, hüquqi problemlər aktrisanın gələcək film və televiziya layihələri üçün sığorta əldə etməsini çətinləşdirə bilər.
Selma Blairin növbəti məhkəmə iclası yanvarın 19-na təyin edilib.


