Xırdalanda gecəyarısı taksi sürücüsü xanım müştəriyə dəhşət yaşatdı — Təfərrüat

KRİMİNAL 23 fev 2021, 11:29
Abşeron rayonunda qadına xəsarət yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1984-cü il təvəllüdlü Seymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Seymur Əliyev Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən at heykəlinin yaxınlığında idarə etdiyi Daevoo Ravon markalı avtomobildə sərnişin qismində olan İlahə Hüseynova ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib. O, qadını uca səslə nalayiq ifadələrlə söyüb, qolundan tutaraq avtomobildən yerə yıxlıb. Qadın hadisə zamanı xəsarət alıb.

İstintaq orqanı tərəfindən Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, icarə əsasında götürdüyü və etibarnamə ilə idarə etdiyi Daevoo Ravon markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur: “Hadisə baş verən günü, güecə saat təxminən 01 radələrində mənə iki sifariş gəldi. Həmin sifarişlərdən biri şikayət edən qadın olub. Binəqədi rayonunda yerləşən “Lake” otelə taksi sifariş verdi, digər sifariş isə Xırdalan şəhərində yerləşən Bravo marketin qarşısına oldu. Qazanc əldə etmək məqsədi ilə hər iki sifarişi qəbul etdim. “Lake” otelə getmək üçün Xırdalan şəhərinə gəlməli oldum. Sifarişlərin birini Qurtuluş-93 yaşayış kompleksi ilə üzbəüz binadan bir nəfər şəxsi avtomobilə əyləşdirdi. Həmin şəxs avtomobilin qabaq oturacağında əyləşdi. Bundan sonra avtomobilimə Masazır qəsəbəsi, 2-ci massivdə yerləşən binadan bir qadın avtomobilə yaxınlaşdı. Həmin qadın ön tərəfdə bir nəfər şəxsin əyləşdiyini gördü. Həmin qadına ön tərəfdə əyləşən şəxsin Xırdalan şəhərində düşəcəyini, bundan sonra isə həmin qadını “Lake” otelə aparacağımı bildirdim. Qadın mənimlə razılaşdı və avtomobilin arxa oturacağında əyləşdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Xırdalan şəhərində yerləşən icra hakimiyyətinin qarşısında olduqları zaman arxada oturan qadın ona əlavə sərnişin götürdüyü üçün narazılıq etməyə başlayıb: “Həmin qadın məni söydüyü üçün Xırdalan şəhərinda yerləşən at heykəlinin yaxınlığında avtomobili saxladı. Qadına avtomobildən düşməyi tələb etməyimə baxmayaraq o düşmədi. Həmin qadının qol nahiyyəsindən tutaraq avtomobildən çıxartdım. Bu zaman qadın yerə yıxıldı. Mübahisə zamanı avtomobildə əyləşən digər şəxs avtomaşından çıxaraq qaçdı. Mən də həmin yerdən yaşadığım Masazır qəsəbəsinə gəldim. Sonradan həmin qadının barəmdə polisə şikayət etdiyi mənə məlum oldu”.

Seymur Əliyev ifadəsinin sonunda təqsiri olmadığı üçün bəraət verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs qismində ifadə verən İlahə Hüseynova bildirib ki, vəfat etmiş qızının uşağı-nəvəsi ilə Abşeron Masazır qəsəbəsində yaşayır: “Pandemiya şəraiti ilə əlaqədar işi bağlanmış bacıma pul lazım olduğuna və səhər tezdən rayona çıxdığına görə ona pul çatdırmaq üçün gecə saat 01 radələrində Binəqədi rayonunda “Lake” otelin yaxınlığında yaşayan bacımgilə getmək üçün taksi sifariş verdim. Ünvanımdan “Lake” otelin yaxınlığı deyə söylədim, sonradan mənə zəng gəldi. Mən həyətə düşdüm, sifarişim ilə gəlmiş Daevvo Ravon markalı avtomobilə əyləşən zaman qabaq tərəfdə bir nəfər şəxsin əyləşdiyini gördüm. Sürücüdən həmin şəxsin kim olduğunu soruşdum. Sürücü həmin şəxsin qabaqda düşəcəyini bildirdi. Mən arxa oturacaqda əyləşdim”.

Zərərçəkmişin ifadəsinə görə, Xırdalan şəhərində yerləşən at heykəlinin yanına çatdıqda sürücüdən ön oturacaqda oturan şəxsin hara getdiyini soruşub: “Sürücü mənə “maşın mənimdi, özüm bilirəm” sözlərini bildirdi. Məni nəlayiq sözlərlə təhqir etdi. Sürücüyə sifariş verdiyim taksinin sifarişin sonuna qədər mənə aid olduğunu bildirdim. Bundan sonra sürücü avtomobildən düşdü və məni sürüyərək yerə düşürdü. Sifətimə yumruqla vurdu. Sürücü məni yerdə sürüyərkən qışqırığıma adamlar toplaşdış Sürücü məni həmin yerdə qoyaraq getdi”.

İlahə Hüseynova bildiri ki, həmin gün polisə şikayət etməsə də, hadisədən bir neçə gün sonra isə onun ağrıları olduğundan polisə şikayət edib. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Seymur Əliyev 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum olunub.

Onun cəzasını əsas iş yeri üzrə çəkməsi və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması hökm edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top