Aşağı gəlirli əhalinin büdcəsində ən böyük xərc nədir? — İqtisadçı açıqladı

SOSİAL 18 sentyabr 2026, 16:30
Bakıda yaşayış xərclərinin artması xüsusilə aşağı gəlirli vətəndaşların büdcəsinə ciddi təsir göstərir. Nəqliyyat, səhiyyə, təhsil, geyim və digər gündəlik tələbatlar da nəzərə alındıqda, az gəlirlə yaşayan insanların büdcəsində hansı xərc maddəsinin daha böyük yük yaratdığı məsələsi aktuallaşır.

Bəs Bakıda yaşayış xərclərinin artması aşağı gəlirli insanların büdcəsini əsasən hansı istiqamətlər üzrə yükləyir? Ərzaq, kirayə və kommunal ödənişlər, nəqliyyat, səhiyyə və təhsil xərcləri arasında bölgü necə dəyişir və insanlar artan xərcləri qarşılamaq üçün hansı ehtiyaclarından güzəştə getməli olurlar?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında söyləyib ki, son illərdə inflyasiyanın tərkibində ən çox artan komponent ərzaq xərcləridir.  



Onun sözlərinə görə, ümumiyyətlə, pandemiyadan sonra inflyasiyanın tərkibində ərzaq qiymətləri sürətlə artır:

“Elə bu il də, misal üçün, 5–7 faiz inflyasiya var, amma ərzaq qiymətləri 7,2 faiz artıb. Yəni inflyasiyanı daha sürətli edən əsas komponent ərzaq qiymətləridir. Kasıb, imkansız əhalinin xərclərinin tərkibində də 60–70 faizi ərzaq xərcləridir. Ona görə də ərzaq qiymətlərinin sürətlə artması sosial cəhətdən həssas təbəqənin cibinə daha çox təsir göstərir.

Kirayə xərcləri də sürətlə artır. Kirayə qiymətləri pandemiyadan sonra təqribən 30–40 faiz artıb. Bu, həm daşınmaz əmlak, həm də paralel olaraq kirayə qiymətlərinin bahalaşması ilə əlaqədardır.

Digər tərəfdən, nəqliyyat, səhiyyə, təhsil kimi məsələlərə gəldikdə isə, təhsil dövlət tərəfindən verilir və pulsuzdur. Yəni imkansız adam nə üçün pullu bağçaya, xəstəxanaya və ya özəl təhsil müəssisələrinə getməlidir ki? Dövlətin pulsuz təhsili var, dövlətin icbari tibbi sığorta sistemi var. Səhiyyədə zəruri xidmətləri də bu yolla almaq mümkündür.

Nəqliyyatda qiymətlər dövlət tərəfindən, Tarif Şurası vasitəsilə tənzimlənir. Əsas artan ərzaq xərcləridir. Kommunal və digər xərclər də dövlət tərəfindən tənzimlənir. Burada qeyd etdiyiniz kommunal ödənişlər, nəqliyyat, səhiyyə və təhsil xərclərinin hamısı dövlət tərəfindən tənzimlənir. Dövlət özü əhalinin imkanlarını nəzərə alaraq tarifləri dəyişir”, – deyə Xalid Kərimli fikrini tamamlayıb.

Nuray Paşşanlı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top