Türk dünyasında əməkdaşlığın yeni hədəfləri

SİYASƏT 18 sentyabr 2026, 17:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsi, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm fikirlər səsləndirib.

Dövlət başçısı bildirib ki, TDT artıq beynəlxalq gündəliyin müxtəlif məsələlərinin müzakirə edildiyi və üzv ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyi mühüm təşkilata çevrilib. Onun sözlərinə görə, təşkilata üzv dövlətlərin böyük potensialı və əlverişli coğrafi mövqeyi enerji və nəqliyyat təhlükəsizliyi baxımından TDT-nin rolunu daha da artırır.

Prezident İlham Əliyev Azərbaycanın bu proseslərdə xüsusi rolunu qeyd edərək bildirib ki, ölkə həm dünya bazarlarının enerji resursları ilə təchizatında, həm də Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında iştirak edir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

Çıxışında Türk dünyası ilə əlaqələrə də toxunan dövlət başçısı TDT-yə üzv ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirib, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.

Prezident İlham Əliyev TDT-ni birləşdirən amillər sırasında ümumi etnik kökləri, dil və mədəniyyət yaxınlığını xüsusi vurğulayıb. O bildirib ki, bu mənəvi birlik təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə mühüm təsir göstərir.

Təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı regionda baş verən müharibələrin və artan geosiyasi gərginliyin yeni çağırışlar yaratdığını qeyd edib. Onun sözlərinə görə, dövlət təhlükəsizliyinə cavabdeh qurumlar arasında məlumat və təcrübə mübadiləsinin, operativ əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

İlham Əliyev TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edib. Dövlət başçısı gənclərin müxtəlif forum və tədbirlər vasitəsilə bir-biri ilə daha sıx ünsiyyət qurmasının Türk dünyasında qarşılıqlı əlaqələrin gələcək inkişafına töhfə verəcəyini bildirib.

Prezident çıxışında beynəlxalq hüququn roluna da diqqət çəkib. O, Azərbaycanın uzun illər ərzində beynəlxalq hüquqla təsbit olunmuş hüquqlarının təmin olunması ilə bağlı çətinliklərlə üzləşdiyini qeyd edib və beynəlxalq hüquq normalarının bütün dövlətlər üçün eyni prinsiplərlə tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısı TDT-nin gələcək perspektivlərinə toxunaraq bildirib ki, təşkilatın üzv ölkələri birgə səylərlə beynəlxalq təhlükəsizlik, enerji, nəqliyyat və ticarət məsələlərində daha fəal rol oynaya bilər. Onun sözlərinə görə, mövcud potensialdan səmərəli istifadə etməklə TDT-nin beynəlxalq arenadakı mövqeyinin daha da gücləndirilməsi mümkündür.

Prezident İlham Əliyev çıxışının sonunda TDT-nin qarşısında duran əsas vəzifələr sırasında üzv ölkələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini və təşkilatın beynəlxalq proseslərdə rolunun artırılmasını qeyd edib.

Zəminə Nuriyeva 
M.Adıgözəlov adına Xırdalan şəhər 4 №li tam orta məktəbin direktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top