Qəbirstanlıqda beton tökənlə gül satan arasında dava düşdü — İş məhkəməyə getdi

KRİMİNAL 21 sentyabr 2026, 11:30
Naxçıvan şəhərində 44 yaşlı kişi tanışına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 7-də Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan şəhər qəbiristanlığında baş verib.

1982-ci il təvəllüdlü Ayaz həmin gün saat 10 radələrində mübahisə zamanı əlində olan bıçaqla Vəlinin (adlar şərtidir – red.) bilək nahiyəsindən vurub, ona xəsarətlər yetirib.

Ayazın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Naxçıvan şəhər qəbiristanlığında usta işləyib, qəbirlərin üzərinə beton tökməklə məşğul olub:

“Zərərçəkmiş Vəlini məhəllədən tanımışam. O da Naxçıvan şəhər qəbiristanlığında gül satıb. Məlum hadisədən 15 gün əvvəl Vəli gələrək qəbir işinə qarışdı. O, “mən də bundan sonra qəbir işi də görəcəm” dedi, gördüyüm işə şərik oldu. Bu hərəkəti mənə xoş gəlmədi. Ona “get sən otur gülünü sat, mənim işimə qarışma” dedim. Vəli bildirdi ki, qəbir işi də görəcəm, gül də satacam. Onun cavan olduğunu gördüm, üstünə getmədim”.

Təqsirləndirilən şəxs deyib ki, gecə qəbiristanlıqda qara əqrəb tutub:

“Bu zaman Vəli də əqrəb tutdu, mənimlə üzbəüz gəldi. Bundan sonra Vəli bildirdi ki, bundan sonra bir nəfərə sertifikat verəcək, ikisi əqrəbi tutacaq, qalan heç kəs əqrəb tutmasına imkan verməyəcək. O, həm də əqrəb tutanı söyərək təhqir etdi. Bu zaman ona kim olduğunu, belə danışdığını soruşdum, onun arxasınca dalınca düşdüm. Vəli qaçaraq oradan getdi”.

Ayazın ifadəsinə görə, daha sonra Vəlinin məhəlləsinə gedib, onların qapısına çatanda Vəli evdən çıxaraq onun üstünə hücum edib:

“Vəli məni dəyənəklə vurdu, zərbənin təsirindən yerə yıxıldım. O, telefonumu yerə ataraq əzdi, ekranı sındırdı”.

Ayaz bildirib ki, bundan sonra sentyabrın 7-də, saat 10 radələrində Naxçıvan şəhər qəbiristanlığına gedib, Vəlini kənara çəkib və ona telefonunu sındırdığını, telefon almasını deyib:

“Vəli isə telefon alıb mənə verməyəcəyini dedi. Ona “yekə oğlansan, bu nə söhbətdir, mənə telefon lazımdır” dedim. Vəli isə yenə də verməyəcəyini söylədi. Bunun üstündə Vəli ilə aramızda mübahisə oldu. Mübahisə zamanı Vəli orada olan güllərin qoyulduğu dəmir disk parçasını götürdü və başımdan vurdu. Bu vaxt yerə yıxıldım. Həmin vaxt üstümdə əqrəb tutmaq üçün bıçaq olub. Həmin vaxt Vəli məndə bıçağı gördü və bıçağı götürmək istədi. Mən bıçağı ona çəkməmişəm. Vəli cibimdən bıçağı dartan zaman qolu kəsildi. Həmin zaman qəbiristanlıqda çox adam olmayıb, bir-iki adam olub. Tanıdığımız İlqar orada idi. O, gələrək bizi ayırdı. İlqar Vəlinin əlindən bıçağı aldı”.

Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Vəlinin onu bıçaqla vuracağından qorxub:

“Vəli bıçağı götürmək istəyəndə özüm də onu tutdum və “əl vurma, əl vurma” dedim. Özüm də bıçağı götürəndə, bıçaq onun qolunu kəsdi”.

İş üzrə zərərçəkmiş Vəlinin sözlərinə görə, dəfələrlə Ayaz onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verib:

“Hətta evimə basqın edərək qapıma ciddi ziyan vurub. Övladlarım evdə olan zaman övladlarıma qarşı ciddi psixoloji sarsıntı yaşadıb. Ayazın atdığı daş parçası az qala evdə olan qızıma xəsarət yetirəcəkdi. Bu hadisədən bir həftə sonra Naxçıvan şəhər qəbiristanlığına gələrək əlində bıçaqla bu işin qanla bitəcəyini vurğuladı, mənim şərəf və ləyaqətimi alçaldaraq özümün, ailəmin ünvanına ağıza alınmayacaq söyüşlər işlətdi. Əlində bıçaq olduğundan, özümün də anlaqsız vəziyyətdə olduğum zaman əlimə dəmir götürərək, ona tərəf getdim. Dəmiri əlim ilə tutaraq onu sinə nahiyəsindən itələyərək yerə yıxdım, bıçağı əlindən almaq istədim. Bıçağın qarın nahiyəmə vurulacağını gördüm və qolumu qabağa verdim. Bıçaq bilək vətərlərimi kəsdi”.

Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə münasibətdə amnistiya aktı tətbiq edilib, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top