"SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş"nin 15 illik yubileyi qeyd olundu — FOTOLAR

SOSİAL 24 oktyabr 2025, 17:09
Oktyabrın 23-də paytaxt Bakıda “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş”in Azərbaycan filyalının fəaliyyətə başlamasının 15-ci ildönümü münasibətilə yubiley tədbiri keçirilib. 

Demokrat.az
xəbər verir ki, tədbirdə şirkətin ölkəmizdə və regionda uğurla həyata keçirdiyi layihələr, eyni zamanda Azərbaycan və qardaş Türkiyə arasında iqtisadi və dostluq əlaqələrinin inkişafına verdiyi töhfələr qeyd olunub.

Tədbirin açılış mərasimində ilk öncə Azərbaycanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.

Tədbirin aparıcısı, tanınmış telejurnalist Samirə Mustafayeva, qonaqları salamlayaraq, şirkətin yarandığı gündən etibarən keçdiyi inkişaf yolundan, iqtisadi fəaliyyət istiqamətlərindən və Azərbaycanda reallaşdırdığı mühüm layihələrdən bəhs edib.

O, vurğulayıb ki, şirkət ötən 15 il ərzində peşəkar fəaliyyəti, innovativ yanaşmaları və strateji əməkdaşlıq prinsipləri ilə etibarlı tərəfdaş imici qazanıb. Daha sonra tədbir iştirakçılarına şirkətin 15 illik fəaliyyətinə həsr olunmuş xüsusi hazırlanmış qısa metrajlı tanıtım videosu təqdim olunub. Video süjetdə şirkətin tarixi inkişaf mərhələləri, mühüm layihələri və gələcəyə yönəlmiş hədəfləri əks etdirilib.

Tədbirdə çıxış edən “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş”in Azərbaycan filyalının direktoru  tanınmış iş adamı Serkan Kamer, yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib və şirkətin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib.

O, bildirib ki, şirkət fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan bazarında etibarlı tərəfdaş statusu qazanmaqla yanaşı, həm də ölkənin iqtisadi inkişafına mühüm töhfələr verib.

“Azərbaycan bu gün regionun ən stabil və dinamik inkişaf edən dövlətlərindən biridir. Burada xarici şirkətlər üçün yaradılmış əlverişli biznes mühiti, iqtisadi sabitlik və təhlükəsizlik şəraiti sayəsində bir çox uğurlu layihələr reallaşdırmaq mümkün olub. Biz də bu mühüm prosesin bir hissəsi olmaqdan qürur duyuruq. Azərbaycan iqtisadiyyatının inkişafına töhfə vermək və fəaliyyət istiqamətlərimizi daha da genişləndirmək bizim üçün həm məsuliyyət, həm də böyük şərəfdir", deyə Serkan Kamer vurğulayıb.

Şirkət rəhbəri əlavə edib ki, qarşıdakı illərdə Azərbaycanda həyata keçiriləcək layihələrin həcmi və keyfiyyəti daha da artırılacaq, yerli tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Ceyhun Məmmədov, Vüqar İsgəndərov, Elman Nəsirov və digər rəsmi şəxslər şirkət kollektivini 15 illik yubiley münasibətilə təbrik ediblər. Deputatlar çıxışlarında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə olduğunu qeyd ediblər.

“Azərbaycan və Türkiyə xalqları tarixən ortaq dəyərlərə, dilə, dinə və mədəni köklərə bağlı xalqlardır. Ulu öndər Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ kəlamı bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu gün də hər iki ölkə bütün sahələrdə – istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahədə – bir-birini sarsılmaz şəkildə dəstəkləyir. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizədə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyi heç vaxt unudulmayacaq", deyə deputatlar çıxışlarında bildiriblər.

Millət vəkilləri həmçinin qeyd ediblər ki, Türkiyəyə məxsus şirkətlərin Azərbaycandakı uğurları hər bir azərbaycanlıda qürur və fəxarət hissi doğurur. Onlar şirkətin 15 illik fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə yeni nailiyyətlər və uzunmüddətli əməkdaşlıqda uğurlar arzu ediblər.

Tədbirin növbəti hissəsində Türkiyə Respublikasının Azərbaycandakı Baş Ticarət müşaviri Gulizar Yavaş, Azərbaycanın sabiq Təhsil Naziri, professor Firudin Cəlilov və “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş” -in təsisçisi Mustafa Değirmenci çıxış ediblər.

Onlar şirkətin fəaliyyəti, əməkdaşlıq prinsipləri və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında oynadığı rol barədə fikirlərini bölüşüblər. Çıxışlar zamanı vurğulanıb ki, belə şirkətlər Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının dayanıqlı inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verirlər.

Çıxışlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra Şirkətin ictimaiyyətlə əlaqələr və Marketinq direktoru Tuğba Kamer tərəfindən fərqlənən şirkət əməkdaşları təltif edilib. Onlara təşəkkür plaketləri təqdim olunub.

Rəsmi hissədən sonra tədbir ziyafət və konsert proqramı ilə davam edib. Gecədə  Azərbaycanın tanınmış sənətçiləri səhnə alaraq musiqi nömrələri ifa ediblər. Qonaqlara milli mətbəximizin ən ləziz təamları təqdim olunub, səmimi və bayram ab-havası tədbir boyu davam edib.

Qeyd edək ki, Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, beynəlxalq və yerli şirkətlərin rəhbərləri, eləcə də mədəniyyət və media nümayəndələri iştirak ediblər.

 














SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2025, 17:48
Top