Paşinyan: Vaşinqtonda əldə olunmuş razılaşmalar region üçün tarixi dönüş nöqtəsidir

GÜNDƏM 01 sentyabr 2025, 18:33
Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir.

"Report" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində "ŞƏT+" formatında keçirilən görüşdə bildirib.

"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh quruldu. Bu, regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələləri gündəlikdədir. Bu, nəqliyyat əlaqələri üçün həm beynəlxalq, həm də dövlətdaxili üstünlüklər qazandıracaq.

"Vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri sülh bəyannaməsində konstruktiv mühitin yaradılmasına və gələcək fəaliyyətin həyata keçirilməsinə kömək edəcək müəyyən terminologiya razılaşdırılıb. Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları kommunikasiya sahəsində "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (Zəngəzur dəhlizi - red.) adlı investisiya proqramını həyata keçirir. Bu proqram inkişaf edəcək və investisiyalar cəlb edəcək. Bu layihələrin icrası nəticəsində təkcə Ermənistan və Azərbaycan arasında daxili və ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə yeni logistik imkanlar açılacaq", - N.Paşinyan əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top