Çin strateji layihələr çərçivəsində Azərbaycanın rolunu yüksək qiymətləndirir — Politoloq rəyi

GÜNDƏM 01 sentyabr 2025, 17:17
Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak etmək məqsədilə Çin Xalq Respublikasına (ÇXR) işgüzar səfər edib. Bu səfər Azərbaycan və Çin arasındakı münasibətlərin məzmun və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını göstərir, eləcə də Çinin bölgədə Azərbaycanın artan siyasi, iqtisadi və enerji gücündən irəli gələn maraqları ilə uzlaşan xarici siyasət vektoruna uyğun gəlir. Səfərin ilk günü dövlətimizin başçısının keçirdiyi görüşlərin məzmunu bunu tam şəkildə əks etdirir. Belə ki, ÇXR-in Sədri Si Cinpinin Prezident İlham Əliyevə “əziz dostum” ifadəsi ilə xitab etməsi iki ölkə liderləri arasında tam şəkildə etibar və etimad atmosferinin formalaşmasından xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, 30 illik tarixə söykənən diplomatik münasibətlər artıq hər iki ölkə arasında strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Çin və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə göstərdiyi dəstək “Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin 1.1-ci maddəsində öz əksini açıq şəkildə tapıb. Bu, hər iki ölkə üçün qütbləşən dünyanın yenidən geostrateji cəhətdən formalaşmasında olduqca vacib amildir.

“Çin üçün Cənubi Qafqaz regionunda Azərbaycan kimi tərəfdaşla çoxvektorlu əməkdaşlığın qorunub saxlanılması ikitərəfli münasibətlərdə əsas məsələlərdən biridir. Belə ki, Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsində Azərbaycan çox vacib və hətta strateji yer tutur. Xəzər dənizində yerləşən ən böyük limana sahib olan Azərbaycan uzaq Şərqlə Avropa arasındakı coğrafi məkanda vacib tranzit ölkə rolunda çıxış edir ki, bu da öz növbəsində Çindən marşrutlarla daşınan yüklərin daha az müddətdə çatmasına, həmçinin iqtisadi cəhətdən daha səmərəli olmasına xidmət edir. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz kimi strateji layihələr çərçivəsində Azərbaycanın rolunu yüksək qiymətləndirir, habelə Zəngəzur dəhlizinin açılması istiqamətində ölkəmizin siyasətini də təşviq edir. Bu səfər də heç şübhəsiz ki, Azərbaycanla Çin arasında əsasən nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində birgə yeni addımların atılmasına zəmin yaradacaq.

Azərbaycan üçün də Çin kimi regional gücə sahib olan dövlətlə əməkdaşlıq vacibdir. Birincisi, Çin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Rəsmi Pekin ilə Bakı arasında siyasi, iqtisadi, turizm və təhsil sahəsində ən yüksək səviyyədə əməkdaşlıq qurulub. Təkcə 2024-cü ildə hər iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard ABŞ dolları təşkil edib. Bundan əlavə, hər iki ölkə arasında investisiya qoyuluşu üzrə dövriyyə qeyd olunan dövr üzrə 85,9 faiz artaraq 14 milyon ABŞ dolları səviyyəsinə çatıb. Eyni zamanda, Çin ilə Azərbaycan arasında müasir nəqliyyat infrastrukturunun qurulması perspektiv baxımından da ölkəmiz üçün vacibdir. Belə ki, dövlətimizin başçısının "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşündə məhz bu şirkətin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci mərhələsində bu şirkətin iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son onillikdə Çinin rəqəmsal texnologiyaların inkişafı və onun iqtisadiyyatın müxtəlif sahələrində uğurlu tətbiqi üzrə təcrübəsi də dünyanın aparıcı ölkələri tərəflindən öyrənilir. Bunu nəzərə alaraq Prezident İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində "CETC" (China Electronics Technology Group Corporation) korporasiyasının baş direktoru Cu Pen ilə görüşüb. Görüşdə rəqəmsal texnologiyalar vasitəsilə milli idarəetmə sistemi və idarəetmə qabiliyyətlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, milli şəbəkə təhlükəsizliyinin təmini, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlıqla bağlı fikirlər qarşılıqlı müzakirə olunub”, - deyə A.Əliyev vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycanda zəngin karbohidrogen ehtiyatlarının və alternativ enerji mənbələri üçün əlverişli şəraitin olması Çin üçün də əsas maraq doğuran sahələrdən biridir. Pekinin bu sahədə əldə etdiyi innovativ yeniliklərin Azərbaycanda tətbiq edilməsi, həmçinin bərpaolunan və alternativ enerji mənbələrinin birgə təşkil olunması mövzuları dövlətimizin başçısı ilə “China Energy Engineering Corporation Limited” ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüş zamanı əsas müzakirə istiqamətləri olub.

Qeyd olunan faktlarla yanaşı, Çin rəsmi olaraq Azərbaycanın ŞƏT daxilindəki mövqeyini dəstəkləyir və yaxın gələcəkdə ölkəmizin bu təşkilata tamhüquqlu üzv olması istiqamətindəki səylərinin artırılmasının vacibliyini bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top