"Revanşistlər Azərbaycan-Ermənistan sülh prosesinə maneə törədə bilərlər" — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 01 sentyabr 2025, 18:51
"8 avqustda Vaşinqtonda imzalanan bəyanatı Azərbaycan-Ermənistan sülh prosesində ciddi bir nəticə, tarixi bir an kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu bəyanatla uzunmüddətli konfrontasiyanın sonuna gəlindiyi söylənə bilər".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Ekspert bildirib ki, hər kəs istərdi ki, bəyanatda əks olunan prinsiplər tezliklə həyata keçirilsin və regionda davamlı, sabit sülh yaransın:

"Lakin bu prosesdə müəyyən çətinliklər hələ də mövcuddur. İlk növbədə qeyd etmək lazımdır ki, Vaşinqton sənədi özü sülh sazişi deyil; bunun üçün Ermənistan parlamentində müəyyən dəyişikliklər edilməli və komissiya konstitusiya layihələrini tamamlamalıdır".

O, bildirib ki, 2026-ci il iyunun 26-da Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra vəziyyət daha aydın olacaq. Əgər revansistlər hakimiyyətə gələrsə, onlar Azərbaycan-Ermənistan sülh prosesinə maneə törədə bilərlər:

"Bundan əlavə, regionda xarici dövlətlərin maraqlarını da nəzərə almaq vacibdir. İsveçli tədqiqatçı Svante Kornelin “Small Nations, Great Powers” əsərində qeyd etdiyi kimi, böyük güclər Qafqazda davamlı sülhün olmasında maraqlı olmayıblar. Sülh olarsa, təsir imkanları azalır, buna görə də bəzi ölkələr münaqişə yaratmaqla regionu idarə etməyə çalışırlar".

Onun sözlərinə görə, Rusiya və İran xüsusilə regionda davamlı sülhün yaranmasına maraqlı olmaya bilərlər:

"Hazırda Rusiyanın Ermənistana müdaxiləsini müşahidə edirik. O, özünə bağlı qüvvələrin möhkəmlənməsinə çalışır ki, bu da Ermənistanın siyasi sabitliyinə təsirsiz ötüşmür. Belə destruktiv siyasətə qarşı Türkiyənin sabitləşdirici rolu region üçün çox vacibdir".

Politoloq qeyd edib ki, Türkiyə əvvəldən regionda sülh və əmin-amanlığın təmin olunmasına çalışıb:

"15 il əvvəl Prezident Ərdoğan Qafqazda təhlükəsizlik və sabitlik platformasını təşəbbüs etmişdi. Daha sonra, ikinci Qarabağ müharibəsindən sonra, Türkiyə Azərbaycanla birlikdə regional platformaların fəal iştirakçısı olub.
Bu baxımdan Türkiyənin fəaliyyəti regional sabitlik və Rusiya ilə İran arasında balansın təmin olunması üçün açar roludur. Türkiyə, regional layihələrdə və platformalarda fəal iştirak edərək, Azərbaycanla koordinasiyalı mövqedə dayanaraq, Rusiya və İranın mümkün maneələrinə qarşı sülhün təmin olunmasına töhfə verə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top