Prezidentin Çinə səfəri: "Rəsmi Bakı hədəfinə çatmaq üzərədir"

GÜNDƏM 01 sentyabr 2025, 19:43
"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri olduqca böyük əhəmiyyət kəsb edir. Bu səfərin nəticələri təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün strateji xarakter daşıyır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunub və rəsmi Bakı bu quruma üzvlüklə bağlı addımlar atır. Burada Azərbaycanın gələcək inkişaf perspektivləri və prioritet hədəfləri ortaya qoyulub".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. 

O bildirib ki, bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan yalnız Cənubi Qafqazda deyil, həm də qlobal miqyasda öz strateji mövqeyini gücləndirir və siyasi iradəsini nümayiş etdirir:

"Hazırda ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ABŞ-da paraflanması çoxvektorlu siyasətin mühüm nəticələrindən biridir. Bununla yanaşı, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin hazırlanması istiqamətində işlər aparılır. Azərbaycan həm də Çinin strateji tərəfdaşıdır.

Bütün bunlar göstərir ki, rəsmi Bakı atdığı addımları dəqiq hesablayır və ölkənin maraqlarını təmin etmək üçün ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyevin yürütməkdə olduğu çoxvektorlu xarici siyasət artıq ölkəyə ciddi qlobal dividendlər qazandırır. Yaxın gələcəkdə isə bu siyasətin müsbət nəticələrini təkcə Azərbaycan yox, bütün Cənubi Qafqaz görəcək".

Politoloq deyib ki, Azərbaycan çoxvektorlu xarici siyasət yürütməklə qlobal miqyasda çevik manevrlər edə bildiyini sübut edib və bütün tərəflərlə qarşılıqlı, faydalı və bərabərhüquqlu münasibətlər qurmaqda maraqlı olduğunu nümayiş etdirib:

"Bu siyasət ölkənin gələcək inkişafı üçün əlverişli şərait yaradıb.Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət alması, Çinə səfəri və yüksək səviyyədə qarşılanması ölkəmizin qlobal təsir gücünü və strateji əhəmiyyətini bir daha ortaya qoyur.Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan Zəngəzur dəhlizinin əsas iştirakçı tərəflərindən biridir. Bu dəhliz Avropa və Asiyanı iqtisadi-ticari əlaqələr baxımından birləşdirəcək mühüm geo-iqtisadi layihədir. Çin kimi böyük dövlət də bu dəhlizin açılmasında maraqlıdır və istifadəçilər sırasında olacaq.Beləliklə, Azərbaycan həm Qərb, həm də Şərq üçün mühüm strateji əhəmiyyət daşıyan dövlət səviyyəsinə yüksəlib. Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçilik isə ölkəmizin inkişaf perspektivləri baxımından xüsusi önəm kəsb edir. Yaxın gələcəkdə rəsmi Bakının bu istiqamətdə də hədəfinə çatacağı gözlənilir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top