YapiKredi Müraciət Forması
Texnologiya Özəl

Böyük ekran sevməyənlər üçün 5 Android smartfonu - Qiymətlər və xüsusiyyətlər

Böyük ekran sevməyənlər üçün 5 Android smartfonu - Qiymətlər və xüsusiyyətlər

Böyük ekranlı telefonlardan istifadə etməyi sevməyənlər üçün bazarda hələ də yığcam ölçüləri və güclü texniki göstəriciləri ilə seçilən modellər var. Ekspertlər ekran ölçüsü, batareya tutumu, kamera imkanları və proqram təminatı dəstəyini nəzərə alaraq beş Android smartfonunu seçiblər.

Demokrat.az xəbər verir ki, "BGR" nəşrinin hazırladığı siyahıya qiyməti 130 dollardan başlayan modellər daxil edilib.

Google Pixel 10a

6,3 düymlük ekranla təchiz olunan model 120 Hz yenilənmə tezliyi və 3000 nit pik parlaqlıq təklif edir. "Tensor G4" prosessoru, 48 MP əsas və 13 MP ultra genişbucaqlı kameraları var. 5100 mAh batareya ilə işləyən cihazın əsas üstünlüklərindən biri yeddi il Android və təhlükəsizlik yeniləmələri alacağına dair vəddir.

128 GB yaddaşlı versiyanın qiyməti 599 dollar, 256 GB-lıq variantın qiyməti isə 699 dollardır.

Bluefox NX1

Həqiqətən kiçik telefon axtaranlar üçün nəzərdə tutulan bu model 4 düymlük ekranı və təxminən 106 qram çəkisi ilə seçilir. "Helio G81" prosessoru və Android 15 əməliyyat sistemi ilə işləyir. Batareyasının tutumu 3000 mAh, əsas kamerasının təsvir ölçüsü isə 20 MP-dir.

4 GB RAM və 64 GB yaddaşa malik versiya təxminən 130 dollara, 8 GB RAM və 128 GB yaddaşlı model isə 170 dollara təklif olunur.

Moto Razr+ 2024

Qatlana bilən telefonlara üstünlük verənlər üçün bu model diqqətəlayiq seçimdir. Bağlandıqda az yer tutur, açıldıqda isə 6,9 düymlük daxili ekrana malik olur. Bundan başqa, 4 düymlük xarici ekranı, "Snapdragon 8s Gen 3" prosessoru və IPX8 səviyyəsində suya davamlılıq xüsusiyyəti var.

4000 mAh batareya ilə təchiz edilən telefon 45 Vt naqilli və 15 Vt simsiz enerji doldurmanı dəstəkləyir. Əsas kamera və telefoto modulunun hər ikisi 50 MP-dir. Bununla belə, proqram dəstəyi daha məhduddur: istehsalçı üç böyük Android yeniləməsi və dörd il təhlükəsizlik yeniləməsi vəd edib.

OnePlus 13s

Yığcam korpusda yüksək performans istəyənlər üçün "OnePlus 13s" təklif olunur. Model 6,32 düymlük AMOLED ekran, 120 Hz yenilənmə tezliyi və güclü "Snapdragon 8 Elite" prosessoru ilə təchiz edilib. İki 50 MP arxa kamera və 32 MP ön kamera ilə yanaşı, 5850 mAh batareyaya malikdir.

Telefon 80 Vt sürətli enerji doldurmanı dəstəkləyir. 12 GB RAM və 256 GB daxili yaddaşlı versiyasının qiyməti təxminən 556 dollardır. İstehsalçı üç böyük Android yeniləməsi və altı il təhlükəsizlik yeniləməsi təqdim etməyi planlaşdırır.

Motorola Edge 60 Neo

2025-ci ildə təqdim olunan model 6,36 düymlük P-OLED ekranı və 120 Hz yenilənmə tezliyi ilə seçilir. "Dimensity 7400" prosessoru ilə işləyən smartfonun 50 MP əsas, 13 MP ultra genişbucaqlı və 10 MP telefoto kameraları var. Telefoto kamera üçqat optik yaxınlaşdırmanı dəstəkləyir.

5000 mAh batareya 68 Vt naqilli və 15 Vt simsiz enerji doldurma imkanına malikdir. Modelin digər üstünlükləri arasında IP69 səviyyəsində su və tozdan qorunma, eləcə də süni intellekt funksiyaları yer alır. 8 GB RAM və 256 GB yaddaşlı versiyanın qiyməti təxminən 300 dollardır.

Beləliklə, siyahıda həm kiçik ekranlı büdcə telefonları, həm də qatlanan və flaqman səviyyəli modellər var. Seçim zamanı yalnız ekran ölçüsünü deyil, batareyanın davamlılığını, kamera imkanlarını və istehsalçının proqram təminatı dəstəyini də nəzərə almaq tövsiyə olunur.

Jalə