YapiKredi Müraciət Forması
Texnologiya Özəl

SIM kartı çıxararkən edilən bu səhv telefonun suya davamlılığını poza bilər

SIM kartı çıxararkən edilən bu səhv telefonun suya davamlılığını poza bilər

Smartfondan SIM kartı çıxararkən kiçik bir diqqətsizlik cihazın suya qarşı müdafiəsini zəiflədə və bahalı təmirə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Pocket-lint" nəşri məlumat yayıb.

Müasir telefonlarda SIM kartı xüsusi yuva vasitəsilə çıxarılır. Bunun üçün cihazın komplektinə daxil olan nazik aləti yuvanın yanındakı kiçik dəliyə daxil edib yüngülcə basmaq kifayətdir. Lakin bəzi modellərdə SIM kart yuvasının dəliyi mikrofon dəliyinə çox yaxın yerləşdiyindən onları səhv salmaq mümkündür.

Əsas təhlükə nədədir?

Mikrofon dəliyinə təsadüfən SIM kart çıxarma alətini və ya kağız sancağını daxil etmək cihazın suya davamlılığına zərər vura bilər. Nəşrin məlumatına görə, telefonun mikrofon hissəsində suyun daxili komponentlərə keçməsinin qarşısını alan xüsusi qoruyucu membranlar və kipkəclər mövcuddur. İti alət həmin qoruyucu təbəqəni zədələyərsə, cihazın hermetikliyi pozula bilər.

Bu zaman əvvəllər su ilə təmasa davam gətirən telefon nəmə qarşı daha həssas hala düşə bilər. Üstəlik, nasazlıq dərhal üzə çıxmaya bilər. Telefon həftələrlə, hətta aylarla normal işlədikdən sonra içəriyə su daxil olması nəticəsində problemlər yarana bilər.

Nəşr qeyd edir ki, mikrofon dəliyinə alət salınması hər dəfə mütləq zədələnmə ilə nəticələnmir. Risk telefonun konstruksiyasından və qoruyucu hissənin nə dərəcədə zədələnməsindən asılıdır. Hətta IP68 standartına uyğunluq da zədələnmiş kipkəclər şəraitində suya davamlılığa zəmanət vermir.

Mütəxəssislər nə tövsiyə edir?

SIM kartı çıxarmazdan əvvəl onun yuvasının dəqiq yerini müəyyənləşdirmək və istehsalçının təlimatını yoxlamaq məsləhət görülür. Yuva yüngül təzyiqlə açılmırsa, aləti daha güclü basmaq və ya başqa dəlikdə sınamaq düzgün deyil. Bu, cihazın zədələnməsi riskini artıra bilər.

Jalə