"Apple" şirkətinin "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" smartfonları əsas texniki imkanlarına görə bir-birinə çox yaxındır. Modellər arasında əsas fərqlər ekranın ölçüsü, batareyanın işləmə müddəti və qiymətlə bağlıdır.
Demokrat.az xəbər verir ki, "Gizmochina" nəşri iki smartfonu müqayisə edərək daha bahalı modelə əlavə 100 dollar ödəməyin nə dərəcədə məqsədəuyğun olduğunu araşdırıb.
Əsas fərq ekranın diaqonalındadır. "iPhone 18 Pro" 6,3 düymlük, Pro Max isə 6,9 düymlük displeylə təchiz olunub. Hər iki cihaz 120 Hz yenilənmə tezliyinə malik Super Retina XDR OLED ekran, HDR10 və Dolby Vision dəstəyi, eləcə də 3000 nitə çatan pik parlaqlıq təklif edir.
Böyük ekranlı Pro Max videolara baxmaq, oyun oynamaq, sənədlərlə işləmək və eyni vaxtda bir neçə tapşırığı yerinə yetirmək üçün daha əlverişlidir. Bununla belə, ölçülərinin böyük olması telefonu bir əllə idarə etməyi çətinləşdirə bilər. Daha kompakt "iPhone 18 Pro" isə gündəlik istifadə zamanı, xüsusilə hərəkətdə olarkən, rahatlıq baxımından üstünlük qazanır.
Texniki göstəricilərə gəldikdə, hər iki model A20 Pro prosessoru və üç 48 meqapiksellik moduldan ibarət əsas kamera sistemi ilə təchiz edilib. Optik yaxınlaşdırma 4 dəfə, ön kameranın təsvir ölçüsü isə 18 meqapikseldir. Buna görə də Pro Max modelini seçmək performans və kamera imkanları baxımından əlavə üstünlük vermir.
Bununla belə, batareyanın işləmə müddətində Pro Max öndədir. Məqalədə bildirilir ki, böyük modelin akkumulyatoru təxminən 20 faiz daha tutumludur. Bu, xüsusilə səyahət edən, telefonu intensiv istifadə edən və oyun oynayan şəxslər üçün əhəmiyyətli ola bilər.
Nəşrin qiymətləndirməsinə görə, əksər istifadəçilər üçün "iPhone 18 Pro" daha sərfəli seçimdir. O, flaqman səviyyəli performansı və kamera imkanlarını daha kompakt korpusda təqdim edir. Böyük ekran və daha uzun batareya ömrü istəyənlər üçün isə Pro Max variantına əlavə ödəniş etmək məqsədəuyğun ola bilər.
Mənbənin məlumatına əsasən, ABŞ-da "iPhone 18 Pro"-nun 256 GB yaddaşa malik versiyasının qiyməti 1200 dollardan, Pro Max modelinin qiyməti isə 1300 dollardan başlayır. Ukraynada isə qiymətlər müvafiq olaraq təxminən 77 min və 85 min qrivnadan başlayır.
Jalə


