Mətbəxlərdə uzun illərdir istifadə olunan mikrodalğalı sobalar bəzi evlərdə daha çoxfunksiyalı cihazlarla əvəzlənir. Son dövrlər isti hava ilə bişirmə, qril və buxarda hazırlama kimi funksiyaları birləşdirən çoxfunksiyalı bişiricilərə maraq artır.
Demokrat.az xəbər verir ki, bu barədə "The Coolist" nəşri yazıb.
Mikrodalğalı soba yeməyi qısa müddətdə qızdırsa da, bəzi hallarda qidanı qeyri-bərabər isidir. Çörəyin rezin kimi sərtləşməsi, kartofun yumşalıb formasını itirməsi bu cihazın çatışmazlıqları sırasında göstərilir. Mətbəx dizaynerləri də plitənin üzərində quraşdırılan iri mikrodalğalı sobaların yer tutmasını, bəzi insanlar üçün hündür yerləşdirilməsini və havalandırmaya mane olmasını nəzərə alaraq alternativ həllərə üstünlük verirlər.
Nəşrin məlumatına görə, alternativlərdən biri bir neçə bişirmə üsulunu özündə birləşdirən çoxfunksiyalı sobadır. Modelindən asılı olaraq bu cihazlarda mikrodalğalı qızdırma, konveksiya, isti hava ilə qızartma, buxarda bişirmə və qril rejimləri mövcud ola bilər. Belə cihazlarda pizza yenidən qızdırıldıqda xırtıldayan qala, əvvəlki gündən qalan düyü isə qurumadan isinə bilər.
Bununla belə, mikrodalğalı sobanın tamamilə sıradan çıxacağı qənaətinə gəlmək düzgün deyil. O, içkiləri qızdırmaq, popkorn hazırlamaq və məhsulları tez əridmək üçün hələ də əlverişli seçimdir. Çoxfunksiyalı cihazlar isə sadə qızdırma zamanı daha çox vaxt tələb edə və baha başa gələ bilər.
Beləliklə, seçim istifadəçinin ehtiyaclarından, mətbəxdəki yer imkanlarından və büdcəsindən asılıdır. Çoxfunksiyalı cihazlar bir neçə avadanlığı əvəz edə bilsə də, mikrodalğalı soba gündəlik işlər üçün praktikliyini qoruyur.
Jalə


