Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması və dayanıqlı inkişafın təmin olunması üçün qeyri-neft sektorunun gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Bəs ölkə iqtisadiyyatın şaxələndirilməsi üçün hansı sahələrə daha çox investisiya yatırmalı və qeyri-neft gəlirlərini necə artırmalıdır?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda investisiyaların hansı sahələrə yönəldilməsi ilə bağlı müzakirələr aparılır.

Onun sözlərinə görə, ilk növbədə iqtisadiyyatın liberallaşdırılmasına, yəni iqtisadi azadlıqların genişləndirilməsinə diqqət yetirilməlidir:
"Çünki iqtisadi mühit nə qədər sərbəst və əlverişli olarsa, insanların investisiya qoymaq üçün imkanları və təşəbbüsləri də bir o qədər artar. Əgər iqtisadi azadlıqlar genişləndirilərsə, kredit faizləri aşağı salınarsa və investisiya mühiti yaxşılaşdırılarsa, insanlar özləri müxtəlif sahələrə sərmayə yatırmaqda maraqlı olacaqlar. Belə olan halda, dövlətin konkret sahələri seçərək investisiyaları yalnız həmin istiqamətlərə yönəltməsinə xüsusi ehtiyac qalmaz. Əlverişli iqtisadi şərait yaradıldıqda sahibkarlar bazarın tələblərini, mövcud imkanları və gəlirlilik perspektivlərini nəzərə alaraq özləri qərar verə bilərlər.
Azərbaycanda inkişafı prioritet hesab edilən sahələr onsuz da mövcuddur. Bunlara aqrar sektor, turizm, informasiya texnologiyaları və digər istiqamətlər daxildir. Bu sahələrin inkişafı üçün əsas məsələ sahibkarların fəaliyyət imkanlarının genişləndirilməsi, iqtisadi maneələrin aradan qaldırılması və biznes mühitinin daha da yaxşılaşdırılmasıdır.
Xüsusilə vergi və gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, sahibkarlar üçün daha şəffaf və proqnozlaşdırıla bilən qaydaların yaradılması vacibdir. Eyni zamanda, investorlara bərabər imkanların təmin edilməsi və bazarda sağlam rəqabət mühitinin formalaşdırılması da əhəmiyyət daşıyır. Bunlar həyata keçirildiyi təqdirdə, həm yerli sahibkarların investisiya fəallığı arta, həm də xarici investorların Azərbaycana marağı güclənə bilər.
Yəni əsas məqsəd yalnız konkret sahələrə investisiya ayrılmasını müzakirə etmək deyil, insanların sərbəst şəkildə investisiya qərarları verə biləcəyi əlverişli iqtisadi mühit formalaşdırmaqdır. İqtisadi azadlıqlar genişləndirildikcə və biznes fəaliyyəti üçün maneələr azaldıqca, müxtəlif sahələrə sərmayə qoyuluşunun da artması üçün daha əlverişli şərait yaranar".


