ABŞ-da tanımadıqları insanların toyunda iştirak etmək üçün pul ödəyənlərin sayı artır. Yeni yaradılan onlayn platforma toyunda boş yerləri qalan cütlüklərlə başqalarının toyunda iştirak etmək istəyən şəxsləri bir araya gətirir.
Demokrat.az xəbər verir ki, "Not a Wedding Crasher" adlı sayt San-Dieqoda yaşayan Ceff və Karina Besen cütlüyü tərəfindən yaradılıb. 19 ildir evli olan cütlük platformanı 2026-cı ilin martında istifadəyə verib. İdeya Ceff Besenin toy mərasimlərində iştirak etmək istəyindən yaranıb.
"Fortune" nəşrinin oktyabrın 20-də dərc etdiyi məlumata görə, platformada indiyədək təxminən 20 min nəfər qeydiyyatdan keçib. Təxminən 1000 qonaq 60-a yaxın toy mərasimində iştirak edib. Sayt vasitəsilə cütlüklər bir boş yerdən 60 nəfərlik qonaq tutumuna qədər elan yerləşdirə bilirlər.
Platformada bir yerin qiyməti toyun formatından asılı olaraq 25 dollardan başlayır, dəbdəbəli mərasimlərdə isə 150-160 dollara çatır. Orta qiymət təxminən 50 dollardır. Sayt hər satılan yer üçün ödənişin 20 faizini komissiya kimi götürür.
İştirakçılar istədikləri toya birbaşa gedə bilmirlər. Əvvəlcə onların şəxsiyyəti və üz görüntüsü yoxlanılır. Daha sonra namizədlər qatılmaq istədikləri mərasimi seçərək bunun səbəbini qısa şəkildə izah edirlər. Son qərarı isə toy sahibləri verir. Təsdiq aldıqdan sonra qonaqlara mərasimin keçiriləcəyi məkanın adı və ünvanı bildirilir. Toya hədiyyə aparmaq məcburi deyil.
Yeni trendin əsas səbəblərindən biri toyların yüksək xərcidir. "The Knot" araşdırmasına görə, ABŞ-da bir toyun orta qiyməti 34 min 200 dollar, hər qonaq üçün xərc isə təxminən 292 dollar təşkil edir. Son anda qonaqların iştirakdan imtina etməsi və məkanların minimum qonaq sayı tələbi cütlüklərin əlavə xərc çəkməsinə səbəb olur.
Beləliklə, platforma boş qalan yerləri doldurmaq istəyən cütlüklərlə fərqli təcrübə yaşamaq arzusunda olan insanları birləşdirir. Bu model bir tərəfdən toy sahiblərinin xərclərini qarşılamağa kömək edir, digər tərəfdən isə tanımadığı insanların toyunda iştirak etməyi yeni sosial təcrübəyə çevirir.
Jalə


