İnsan yaşa dolduqca həyat tərzi, maraqları və insanlarla münasibətləri dəyişir. Gənclik illərində geniş dost çevrəsinə sahib olmaq ön planda olduğu halda, zaman keçdikcə bir çox insan daha az, lakin daha yaxın münasibətlərə üstünlük verir. Bəziləri tək qalmaqdan zövq alır, bəziləri isə sosial çevrəsinin daralması nəticəsində özünü tənhalıq içində hiss edir.
Yaş artdıqca dostların sayının azalması normaldırmı? İnsanlar niyə zaman keçdikcə daha çox tək qalmağa üstünlük verirlər?
Demokrat.az-a bu barədə danışan psixoloq Zümrüd Əsədova bildirib ki, yaş artdıqca dostların sayının azalması kifayət qədər təbii haldır:
"Çünki insanın həyat prioritetləri dəyişir. Gənclikdə yeni insanlarla tanış olmaq, müxtəlif çevrələrə daxil olmaq, çoxlu dost qazanmaq daha maraqlı görünə bilər. Zaman keçdikcə isə insan münasibətlərdə saydan çox yaxınlığa, güvənə və rahatlığa önəm verməyə başlayır. Bunun başqa bir səbəbi də həyatın özüdür. İş, ailə, övlad, məsuliyyətlər artır. İnsan əvvəlki kimi hər kəslə görüşməyə, ünsiyyət saxlamağa vaxt və enerji tapa bilmir. Üstəlik, illər keçdikcə insan özünü daha yaxşı tanıyır, kimlə özünü rahat hiss etdiyini, hansı münasibətlərin ona yaxşı təsir etdiyini daha aydın görür. Buna görə də bəzi insanlarla yollar təbii şəkildə ayrılır".
Psixoloq əlavə edib ki, tək qalmağa üstünlük vermək də hər zaman tənhalıq demək deyil:
"İnsan bəzən gün ərzində çox ünsiyyətdə olur və tək qalaraq dincəlməyə, düşüncələrini toplamağa ehtiyac duyur. Əgər insan təkliyindən zövq alırsa, özünü yaxşı hiss edirsə və istədiyi zaman yaxınları ilə əlaqə qura bilirsə, bu, tamamilə normaldır. Amma insan ünsiyyət istəyib əlaqə qura bilmirsə, özünü kənarda qalmış hiss edirsə, bu zaman tənhalıq hissi yarana bilər. Yəni burada insanın neçə dostunun olması yox, münasibətlərindən nə qədər məmnun olması və özünü nə dərəcədə bağlı hiss etməsi önəmlidir. Yəni yaş keçdikcə münasibətlərdədə dəyərlərə əsasən yön verilir. Əsas odur ki, insan özü anlasın tək qalmağı özü seçir, yoxsa komunikasiya çətinliyinə görə məcbur təklik yaşamalı olur".


