Makaronun qan şəkərinə təsirinin yalnız tərkibindən deyil, formasından da asılı ola biləcəyi müəyyən edilib.
Demokrat.az xəbər verir ki, araşdırmada eyni undan hazırlanan spagetti, penne, kuskus və çörəyin qan şəkərinə təsiri müqayisə olunub. 2022-ci ildə dərc edilən tədqiqatın iki ayrı mərhələsində 30 sağlam yetkin iştirak edib və onların yeməkdən sonrakı iki saat ərzində qan şəkəri göstəriciləri ölçülüb.
Nəticələrə görə, spagetti və penne qan şəkərini çörək və kuskusla müqayisədə daha az yüksəldib. Spagettinin yaratdığı artım isə pennedən də aşağı olub.
Tədqiqatçılar bunu makaronun strukturunun həzmi nisbətən yavaşlatması ilə əlaqələndirirlər. Makaron çörək və kuskusdan daha çox çeynənib, laboratoriya şəraitində mədə həzmi təqlid edilərkən isə makaronun daha iri hissələrinin qaldığı və tərkibindəki nişastanın bir hissəsinin həzm olunmadan qaldığı müşahidə edilib.
Bununla yanaşı, makaronun həddindən artıq bişirilməsi bu üstünlüyü azalda bilər. Sidney Universitetinin qidalanma professoru Jennie Brand-Miller bildirib ki, makaron qablaşdırmada göstərilən müddətdən daha çox bişirilərək yumşaqlığını və bərkliyini itirdikdə qan şəkərini daha çox yüksəldə bilər.
Qeyd edək ki, 1986-cı ildə diabet xəstələri üzərində aparılan başqa bir araşdırmada spagettinin 5 və ya 15 dəqiqə bişirilməsinin nəticələr arasında ciddi fərq yaratmadığı müəyyən edilmişdi.
Jalə


