Türkiyəli müğənni İzzet Yıldızhan futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi işi ilə bağlı onun nüfuzuna zərər vurduğunu iddia etdiyi şəxslərə qarşı məhkəməyə müraciət edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
İstanbulun Ümraniyə rayonunda martın 19-da silahlı hücum nəticəsində öldürülən futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı iş üzrə ötən həftə hökm oxunub. Məhkəmə Yıldızhanı "cinayətkarı himayə etmək" ittihamı üzrə təqsirsiz hesab edərək ona bəraət verib.
Müğənni ilk açıqlamasında prosesin həm özünə, həm də ailəsinə ciddi təsir göstərdiyini bildirib. O, hadisədə iştirak etmədiyi halda bəzi aparıcı, prodüser və yayımçıların onu qətlin sifarişçisi kimi təqdim etdiyini iddia edib. Yıldızhan həmin şəxslərə qarşı iddia qaldırdığını, məhkəmə çərçivəsində əldə edəcəyi maddi vəsaiti isə Uşaq Himayə Müəssisəsinə bağışlayacağını deyib.
Sənətçi məhkəmə prosesinə təsir etməmək üçün indiyədək susduğunu, hökmün nəticəsini gözlədiyini söyləyib. Onun sözlərinə görə, baş verənlərdən ən çox ailəsi zərər görüb və yayılan ittihamlar yaxınlarını ciddi şəkildə incidib.
Jalə


