Bu ölkələr Azərbaycan-Ermənistan razılaşmasına müdaxilə edə bilər

SİYASƏT 28 avqust 2025, 16:00

Prezident İlham Əliyev "Əl Ərəbiyyə" telekanalına müsahibəsində bir sıra ciddi mesajlar verib. Ölkə başçısı sülh prosesinə təhdid yaradıla biləcəyindən bəhs edib.

"Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər",- Prezident vurğulayıb.

Ölkə başçısının "güclü xarici müdaxilə" ifadəsi diqqət çəkir.

Bu xarici müdaxilə hansı ölkə və ya ölkələrdən gözlənilə bilər?

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Ermənistanın özündə bu gün sülhə təhdid olan qüvvələr var və belə qüvvələr gələcəkdə də yarana bilər:

“Cənab Prezidentimizin “Əl Ərəbiyyə” telekanalına müsahibəsini diqqətlə izlədim. Prezidentimiz müsahibə zamanı sülhə təhdid olacaq qüvvələrdən danışıb, lakin konkret ad çəkməyib. Dövlət başçımız o qüvvələrin adını çəkmirsə, mənə elə gəlir ki, bizim hər hansı ad çəkməyimiz düz olmaz. Ancaq belə qüvvələr bu gün var, gələcəkdə də ola bilər. Bir az dəqiqləşdirsək, belə qüvvələr hazırda Ermənistanda mövcuddur: revanşistlər, "Qarabağ klanı", başda Serj Sarkisyan, Robert Köçəryan və digərləri olmaqla Rusiya casus şəbəkəsi... Bunların varlığı və fəaliyyəti təbii ki, sülhə real təhdiddir”.

E.Məmmədov sülhə təhdid ola biləcək ölkələr barədə də danışıb:

“Digər tərəfdən, mən bu barədə öz fikrimi demək istəyirəm, ola bilər ki, yanılaram. Hesab edirəm ki, Cənub qonşumuz İran İslam Respublikası və Şimal qonşumuz Rusiya Federasiyası Vaşinqton razılaşması ilə bağlı məsələlərə yönəlik birbaşa və ya dolayısı ilə müəyyən pozuculuq fəaliyyətləri ilə məşğul ola bilərlər. Yəni bunlardan belə hərəkətlər gözləmək olar. Çünki avqustun 8-də Vaşinqtonda baş tutan üçtərəfli görüş, orada səsləndirilən fikirlər, imzalanan sənədlər, əldə olunan razılaşmalar, nə Cənub, nə də Şimal qonşumuzun xoşuna gəlir. Burada xüsusilə də Cənub qonşumuzu qeyd etmək olar. Təəssüf ki, bu dövlətin adında İslam sözü var. Bunlar bünövrədən Azərbaycana ya açıq, ya da dolayı yolla ziyan vurublar, həmişə düşmənçilik fəaliyyətləri ilə fərqləniblər. İndi də Əli Əkbər Vilayəti və onun kimi digər rəsmilər sərsəm bəyanatlar verməklə məşğuldurlar. Ona görə də cənab Prezidentimiz çox düzgün olaraq qeyd etdi ki, bu gün sülhə təhdid olanlar var və gələcəkdə də belə qüvvələr yarana bilər. Yenə də hörmətli Prezidentimiz qeyd etdi ki, biz hər an hər şeyə hazır olmalıyıq. Yəni dayanıqlı sülhün qorunması, dövlətçiliyimizin möhkəmlənməsi və təhlükəsizliyimizin təmin edilməsi üçün biz daha da güclənməliyik. Hərbi, iqtisadi və bütün sahələrdə güclü olmaq sülhün təminatıdır. Cənab Prezidentimiz siyasəti bünövrədən bu cür aparır və davam etdirir. Ona görə də biz qalib Azərbaycan kimi yaşayırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top