Masazırda ər ad gününə getmək istəyən arvadını yerdə sürüdü

KRİMİNAL 28 avqust 2025, 15:45
Abşeron rayonunda 28 yaşlı oğlan ailə mübahisəsi zəminində arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 13-də rayonunu Masazır qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Adil həmin gün, gecə saat 23 radələrində yaşadığı evində valideynini ad günü münasibəti ilə təbrik etmək üçün Cəlilabad rayonuna yollanmaq istəyən arvadı Məlahətə (adlar şərtidir – red.) etiraz edib. 
Həmin səbəbdən ailə münasibətləri zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə baş verib. Mübahisə əsnasında həmin evin daş hasarla əhatə olunmuş həyətinə çıxan qadının qarşısını kəsib və üzərinə hücum edib. 
Adil əvvəlcə qəsdən təpik zərbəsi ilə arvadının sinə, döş qəfəs nahiyəsinə vurub. Bununla kifayətlənməyib və onun həmin zərbəsindən yerə yıxıldıqdan sonra ayağa qalxan qadının boyun nahiyəsindən əli ilə tutaraq qəsdən yerə yıxıb . Onu yerdə sürükləməklə müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan olunub. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət ilə 2021-ci ildə ailə həyatı qurub, birgə nikahdan 1 azyaşlı övladı var: “Məlahət ilə aramızda sözlü mübahisələr olsa da, davamlı münaqişələri olmayıb. Aprelin 13-də Məlahətlə birlikdə Cəlilabad rayonuna getməyə qərar versəm də, həmin vaxt gecə saat 23 radələrində evə gəldim. Arvadım hazırlaşsa da, maddi vəziyyətim ilə bağlı, yəni pulum olmadığı, maaşı almadığım üçün rayona gedə bilməyəcəyimi söylədim. Bunu görən Məlahət əsəbiləşdi, mənimlə münaqişə etdi. Ona sakit olmasını bildirdim. Lakin olanlardan əsəbiləşən qadın evdən çıxaraq həyətə tərəf qaçdı. Ona evə  gəlməsini dedim. Məlahətin evə gəlmək istəmədiyini gördüm və onun arxasınca qaçaraq yaşadığım evin daş hasarla əhatə olunmuş hissəsində ona çatdım. Təpiklə sinəsindən bir dəfə vurdum. Aldığı zərbənin təsirindən yerə yıxıldı. Əsəblərim sakitləşmədiyi üçün yenidən onun boyun nahiyəsindən tutdum və yerə yıxdım. Yerdə  sürüyərək evə tərəf aparmaq istədim. Bu zaman Məlahətin dizləri qanadı. Daha sonra isə əlimdən çıxaraq küçəyə tərəf qaçdı və oradan getdi. Bundan sonra münaqişələrimiz başa çatdı. Artıq Məlahətin arxasınca getmədim və yaşadığım evə daxil oldum”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ona qarşı şikayətinin geri götürməsini nəzərə alıb.

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top