“Yüksək bal toplamaq hər zaman universitet qəbulu demək deyil”

GÜNDƏM 28 avqust 2025, 16:10
“Yüksək bal toplamış abituriyentlərin universitetə qəbul ola bilməməsi bir neçə əsas amillə bağlıdır. Birincisi, plan yerlərinin məhdudluğu məsələsi var. Xüsusilə bəzi ixtisaslarda, məsələn, III ixtisas qrupunda plan yerləri az olduğu üçün rəqabət çox yüksəkdir. Nəticədə, yüksək bal toplayan abituriyentlər belə qəbuldan kənarda qala bilirlər”.

Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, əsas məsələ isə ixtisas seçiminin düzgün aparılmamasıdır:

“Abituriyentlər bəzən yalnız populyar və ya cəmiyyət tərəfindən "gəlirli" kimi qəbul olunan ixtisaslara üstünlük verirlər. Bu isə onların alternativsiz qalmasına və qəbul şansının azalmasına səbəb olur. Digər amil isə əmək bazarının tələbləri ilə bağlıdır. Bəzi ixtisaslar üzrə universitetlərdə plan yerləri artırılsa da, əmək bazarında həmin sahələrə tələbat azdır. Bu da ümumi sistemdə balanssızlığa gətirib çıxarır. Bu məsələlərin hər biri abituriyentlərin düzgün istiqamətləndirilməsi və təhsil planlamasının əmək bazarı ilə uyğunlaşdırılması baxımından ciddi diqqət tələb edir. Tələbatlı sahələrdə planlaşdırılan yerlərin azlığı qeyri-müəyyənlik və psixoloji gərginliyi artırır”. 

Ekspert diqqətə çatdırıb ki, psixoloji və sosial faktorlar da bu prosesə təsir edir:

“Yüksək bal toplayanların bir qismi yalnız müəyyən universitetlər və ixtisaslara üstünlük verir, lakin alternativ seçim etmədikləri üçün nəticədə uğursuzluqla qarşılaşırlar. Əslində bu, həm abituriyentlərin seçim strategiyası, həm də təhsil siyasəti ilə bağlı bir məsələdir. İxtisas seçimi zamanı abituriyentlər peşəkar məsləhət almalıdırlar. Bunun üçün təhsil ekspertlərinə və sahə üzrə mütəxəssislərə müraciət etmək məqsədəuyğundur. Plan yerləri əmək bazarının real tələblərinə uyğun şəkildə müəyyənləşdirilməlidir ki, abituriyentlər düzgün istiqamətə yönələ bilsinlər. Universitet seçimi zamanı təkcə konkret ixtisasa bağlı qalmaq yox, həm də alternativ imkanları nəzərə almaq vacibdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top