Göygöldə ailə cinayəti: 45 yaşlı kişi arvadına xəsarət yetirdi

KRİMİNAL 28 avqust 2025, 14:51
Göygöl rayonunda 45 yaşlı kişinin arvadı ilə mübahisəsi cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 28-də rayonun kəndlərindən birində baş verib. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Mədət həmin gün saat 15 radələrində kənddə yerləşən fərdi yaşayış evində arvadı Səlimə (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Onların arasında mübahisənin yaranmasına səbəb isə arvadının ona sərxoş halda evə gəlməsi barədə irad bildirməsi, həmçinin özü ilə gətirdiyi meyvələri yerə çırparaq əzməsi səbəbindən baş verib. Mədət zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq yerə yıxıb. 

Daha sonra saçından tutaraq sürüyüb və ayağı ilə zərbələr vurmağa davam edib. Bu hərəkətləri ilə o, arvadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mədətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismin təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü evə gəlib və paketdə olan meyvələri Səliməyə verib: “O, isə masanın üzərinə qoydu. Həmin paketdə alma, banan, üzüm və digər növ meyvələr olub. Həmin vaxt içkili olmamışam. Mən çölə çıxdım və dam tərəfə getdim. Gördüm ki, arvadım aldığım meyvələri yerə vurub və meyvələrin suyu çıxıb, əzilib. Həmin vaxt o, qapını bağladı. Arvadımın niyə elə etməsinin səbəbini bilmirəm. Buna görə də niyə elə hərəkət etməsini soruşdum və ondan qapını açmasını tələb etdim. Lakin qapını açmadığına görə yumruqla vuraraq qapının balaca şüşəsini qırdım və qapını  arxasından açdım. Onun sifət nahiyyəsindən bir-iki şillə vurdum. Daha sonra isə vurmadım. Səliməyə ayağım ilə zərbə vurmamışam. O, özü-özünü yalandan yerə döyüb. Onun gözünün altı vurmam səbəbindən şişib. Lakin onun biləyindən tutmamışam. Ona ancaq şillə vurmuşam , onu yerə yıxmamışam və yerdə sürüməmişəm. 4-ildir ki zərərçəkmiş şəxs ilə bir yerdə yaşayıram və bir uşağımız var. Bizim aramızda əvvəllər dava olmayıb”.

Təqsirləndirilən şəxs bildirib ki, onların arasında olan hadisə təxminən saat 15 radələrində baş verib: “Hadisə birdə yaşadığımız evdə baş verib. Həmin ev zərərçəkmiş şəxsə məxsusdur. Mən hadisə günü işə getmişəm. Arvadım zəng vuraraq uşağın meyvə xoşlamasını və meyvə almağımı istədi. Mən də meyvələri aldım və gətirərək evdə stolun üzərinə qoydum. Sonra isə çölə çıxdım. Həmin vaxt qadın meyvələri dalımca atdı və qapını bağladı. Mən isə yumruqla vuraraq qapının şüşəsini sındırdım və qapını açdım. Zərərçəkmiş şəxsdən bunu niyə etməsini soruşdum. O, isə məndən evdən getməyimi bildirdi. Həmin vaxt ona iki şillə vurmuşam. Bundan başqa zərərçəkmiş şəxsin bədəninin heç bir yerinə vurmamışam. O, da yerə yıxılmayıb. Həmin vaxt içkili olmamışam. Uşaq isə digər otaqda olub. Arvadımı şillə ilə  vurduqda üz yanağım qızardı. Bundan sonra isə oradan öz evimə getdim. Hazırda zərərçəkmiş şəxslə ayrı yaşayırıq. Bizim aramızda barışıq əldə olunmayıb. Törətdiyim əməldən peşman olmuşam”. 

İş üzrə zərərçəkmiş Səlimənin sözlərinə görə, hadisədən iki-üç gün əvvəl Mədət onunla dalaşıb və öz evinə gedib: “Mən isə ona dedim ki, gedirsən, bir daha gəlmə. Bundan sonra bir dəfə ətir alaraq gəldi. Mən isə ona getməsini bildirdim və qapını bağladım. Həmin vaxt Mədət təhqir edici sözlər işlətdi və evi dağıdaraq getdi. Bundan sonra təkrarən meyvə alaraq gəldi, həmin vaxt qapı açıq olub. Aldığı meyvələri uşağımız Əhmədin qabağına qoydu. Sonra Mədət çölə çıxdıqda onun aldığı meyvələri çölə qapının yanına ehmal qoydum və ondan getməsini deyərək qapını bağladım. Mədət qapını döysə də, açmadım. Bundan sonra Mədət qapını qırdı. Həmin vaxt uşağı digər otağa keçirdim. Mədət isə böyük daş götürərək aynadan bizə tərəf atdı. Mən aynaya tərəf çıxaraq qonşulara uşağını öldürməsini bildirdim. Ərim küçədə bizi döydü, mənim saçımdan tutaraq sürdü. Mədət məni döydükdə küçəyə tərəf qaçdım. Həmin vaxt  saçımdan tutaraq təkrar məni döydü”. 

Zərərçəkmiş deyib ki, Mədət bundan əvvəlki ildə onları döyüb: “O hər gün içkili vəziyyətdə gələrək bizi narahat edir. Mən öz evimdə yaşayıram, iki övladım var. Mədəy mənim ikinci yoldaşımdır. Ondan da bir övladım var. Mədət məni küçədə və evin həyətində döyüb. Mədət mənim sifətimə yumruqla və bədənimin müxtəlif nahiyələrinə təpiklə vurub. Mənim əlimə şüşə xəsarət yetirib. Mədətin tutulmasını istəmirəm. Lakin bizə yaxın gəlməmisini istəyirəm. Mənə 2000 manat ziyan dəyib”. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mədət 9 ay müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilib.

Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhəri və Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində  tərk etməsinə məhdudiyyət qoyulub.

Təqsirləndirilən şəxsin üzərinə elektrоn nəzаrət vаsitəsini  gəzdirmək və həmin vаsitənin işlək vəziyyətdə sаxlаnılmаsı üçün оnа xidmət etmək, müvаfiq məhkəmə qərаrı оlmаdаn yаşаyış yerini dəyişdirməmək vəzifələri tapşırılıb. 

Qeyd edək ki, Mədət bundan əvvəldə məhkum olunub. O, ilk dəfə 2013-cü ildə cinayət törətdiyi üçün Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Həmin ilı amnistiya aktı əsasında cəzadan azad edilib. 

Bundan başqa, o, 2017-ci ildə də Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə 2 il müddətinə islah işləri cəzasına məhkum edilib və 2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılıb. 

Daha sonra isə 2023-cü ildə cinayət törədib və Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. O, Göygöl rayon Məhkəməsinin qərarı ilə barəsində cinayət təqibinə xitam verilib və zərərçəkmişlə barışdığı üçün cinayət  məsuliyyətindən azad edilib. O, həmin dövrdə də sərxoş vəziyyətdə arvadını döymüşdü. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top