Deputat: "Sülh sazişinin ratifikasiyasını əngəlləyən hüquqi maneə aradan qaldırılmalıdır"

SİYASƏT 28 avqust 2025, 13:21
İkinci Qarabağ müharibəsi regionda uzun illər davam edən münaqişəyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi və Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Bu reallıqlar fonunda Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Lakin bu mühüm sənədin yekun imzalanması və ratifikasiyası bir sıra hüquqi və siyasi maneələrlə qarşılaşıb. Ən ciddi maneələrdən biri Ermənistanın Müstəqillik Bəyannaməsində və konstitusiyasının preambulasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların mövcudluğudur. Bu problemlər avqustun 8-i Vaşinqtonda tərəflər arasında paraflanmış 17 maddəlik sülh sazişində də əksini tapıb. Bu səbəbdən, Ermənistan konstitusiyasında dəyişiklik edilmədikcə davamlı və hüquqa əsaslanan sülhə nail olmaq mümkünsüz görünür. Mövcud vəziyyət isə regional sabitlik və beynəlxalq təhlükəsizlik baxımından belə dəyişikliklərin zəruriliyini bir daha gündəmə gətirir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov bildirib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə nəticələnməsinə və Azərbaycanın qalib tərəf olmasına rəğmən, ölkəmiz beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh sazişinin bağlanması təklifini irəli sürüb:

"Ancaq belə bir irimiqyaslı beynəlxalq-hüquqi aktın yekun imzalanması və ratifikasiyası ciddi maneə ilə üzləşdi. Məsələ burasındadır ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar, həmçinin Ermənistan konstitusiyasının preambulasında da öz əksini tapıb. Beynəlxalq hüquqa zidd olan bu cür yanaşma aradan qaldırılmadan sülh sazişi bağlana bilməz".

Parlamentari deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, yalnız Ermənistan konstitusiyasında dəyişikliklər edildiyi halda davamlı sülhə nail oluna bilər:

"Məhz dövlətimizin əsaslı və birmənalı mövqeyi nəticəsində Ermənistanın baş naziri etiraf etməyə məcbur olub ki, "əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq".

Xatırlatmaq istərdim ki, bunu Nikol Paşinyan 1 fevral 2024-cü ildə ölkənin İctimai radiosuna müsahibəsində deyib. Ermənistan konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlı fundamental hüquqi məqamlar cari ilin avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamə və iki ölkənin xarici işlər nazirlərinin "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanması ilə bağlı olub. Birgə Bəyannamənin 4-cü maddəsinə əsasən, "dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiqetmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılıb. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır".

"Digər əhəmiyyətli məqam sülh sazişinin paraflanması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, paraflanma beynəlxalq hüquqi termindir və onun tövsifini vermək üçün "Müqavilələr hüququ haqqında" 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına müraciət etmək lazımdır. Azərbaycan Respublikası həmin Konvensiyaya 2 oktyabr 2017-ci il tarixində qoşulub. Xatırlatmaq lazımdır ki, Konvensiyanın 12-ci maddəsi "İmzalama yolu ilə müqavilənin məcburiliyinə razılıq" adlanır və həmin maddənin 2-ci hissəsində nəzərdə tutulur ki, birincisi, danışıqlarda iştirak edən dövlətlərin bu cür razılığa gəldiyi müəyyən olunduğu təqdirdə mətnin paraflanması müqavilənin imzalanması hesab olunur, ikincisi, dövlətin nümayəndəsi tərəfindən müqavilənin ad referendum imzalanması həmin dövlət tərəfindən təsdiq edildiyi təqdirdə müqavilənin yekun imzalanması hesab olunur.

Latın termini olan ad referendum - təsdiq olunana qədər, təsdiq olunma şərti ilə anlamına gəlir və ad referendum imzalanma dövlətin təmsilçisi tərəfindən beynəlxalq müqavilənin şərti imzalanmasıdır. Beynəlxalq müqavilələr hüququnda paraflanma, həmçinin müqavilənin mətninin razılaşdırılması və onun yekun xarakteri daşımasını təsdiq edən müvafiq səlahiyyətli şəxslər tərəfindən ilkin imzalanması prosedurudur.

Paraflanma bir çox hallarda beynəlxalq müqavilə mətninin autentikliyini, yəni rəsmi dövlət dilində olan mətnlərin eyniliyini də təsdiq edir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir", - deyə müsahibimiz diqqətə çatdırıb.

N.Səfərov onu da qeyd edib ki, sülh sazişinin mətninə nəzər salsaq, onun 1-ci maddəsinə əsasən, tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıdığını və hörmət etdiyini görərik:

"Mühüm müddəalardan biri də 2-ci maddədə əksini tapıb və nəzərdə tutur ki, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Ermənistanın əsas qanununda müvafiq dəyişikliklər baş verərsə, sülh müqaviləsinin təsdiqi və həyata keçirilməsi üçün ən ciddi maneə aradan qaldırılmış ola bilər. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, "Ermənistan konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə, obyektiv şərtdir". Azərbaycan tərəfi beynəlxalq hüquqa və mövcud geosiyasi reallıqlara əsaslanan mövqeyi birmənalı olaraq nümayiş etdirir ki, dövlətimiz Cənubi Qafqaz regionunda beynəlxalq təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl fəaliyyətini davam etdirir və şübhəsiz ki, bu səylər öz müsbət nəticələrini verəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top