“Kişilər qadına dəstək göstərsələr, elmin inkişafında onların rolunu görərlər” — Elmsiz qadın, yoxsa, qadınsız elm?

GÜNDƏM 27 iyn 2024, 15:52
Qadınların cəmiyyətdə rolu hər zaman kişilərinkindən daha çox müzakirə olunub. Müzakirə, hətta deyərdim mübahisə doğuran məqamlardan biri də qadınların elmin müxtəlif sahələrində fəaliyyəti, uğurlarıdır. Daha doğrusu, qadınların da elmdə uğur qazanması, kişilər qədər yeniliklər, kəşflər edə bilməsi və kişilər qədər məşhurlaşması çoxlarına inandırıcı gəlmir. Axı tarixdə bunun nümunələri az deyil – Mariya Küri (Nobelə 2 dəfə layiq görülən ilk elm adamı, fizikaçı və kimyaçı), Ada Lavleys (dünyanın ilk kompüter proqramçısı), Barre- Sunissi (HIV virusunun AIDS xəstəliyinə səbəb olduğunu kəşf edib), Rita Levi-Montalçini (tibb üzrə Nobel mükafatçısı)... 

Bir müddət əvvəl Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov qadınlarla bağlı açıqlamaları ilə gündəmə gəldi. Qrossmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu demişdi: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”. Tanınmış şahmatçı ağırlıq qaldırmada, aşpazlıqda da qadınların kişilərdən geri qaldığını qeyd etmişdi.   

Tanınmış müğənni Akif İslamzadə də düşünür ki, cəmiyyətdəki bütün problemlərin kökündə matriarxatlıq dayanır. “Yeni Sabah”a danışan sənətkar məktəbləri buna nümunə göstərib: “Orada da əksəriyyət qadın müəllimlərdir. Qadınların məktəblərdə, digər sahələrdə, cəmiyyətdə üstünlük təşkil etməsi əksər problemlərin kökündə dayanan səbəblərdəndir. Bu da son zamanların əlamətləridir. Orta məktəblərdə, ali təhsil müəssisələrində qadınların üstünlük təşkil etməsi problemlərin yaranmasına səbəb olur". Müğənni fikirlərinə davam edərək əlavə edib ki, xanımlar ən yaxşı halda məlumat verə bilərlər, ancaq qadın elm verə bilməz: “Bizim elm ocağımız yoxdur. Elmi ocaqda, universitetlərdə, məktəblərdə müəllim qalmayıb. Hamısı müəllimələrdir. Allah qadını belə yaradıb. Ona elm verilməyib. İstisnalar da olur. Məsələn, böyük şəxsiyyətlərin yanında çiyin-çiyinə qadınlar olublar. Üzeyir bəyin yanında Məleykə xanım, Niyazinin yanında Həcər və sairə. Onlardan danışıb qurtarmaq olmaz". 

Elm və qadın – niyə çoxları bu iki sözü bir-birinin yanına “yaraşdırmır”? 

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri araşdırmaçı İradə Rzazadəyə də eyni sualı ünvanlayaraq cavab tapmaq istədik. Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən araşdırmaçı xanımın fikrincə, qadınlar elmin inkişafına böyük fayda verə bilərlər, bir şərtlə ki, kişilər də onları dəstəkləsinlər: 




“Akif İslamzadəyə əlbəttə, çox hörmət edirik, sevilən bir müğənni kimi, müəyyən fikirlərinə də qatılırıq. Son söylədiyi fikirlərdə də qatıldığım, eyni zamanda da razılaşmadığım məqamlar var. Təhsillə bağlı biz dəfələrlə demişik ki, təhsil müəssisələrində qadınların sayı qat-qat çoxdur. Ola bilsin ki, bunun özü müəyyən problemlər yaradır. Müəllimlərin arasında kişilərin də olması vacibdir, çünki bu, hər halda uşaqların təhsilə daha ciddi yanaşmasına səbəb ola bilər. Düzdür, müəllim özü – kişi və ya qadın fərq etməz, hər bir məsələyə ciddi yanaşmalıdır, peşəkar  olmalıdır, uşaqlarla düzgün ünsiyyət qurmalıdır, tədrisi düzgün aparmalıdır. Mən də bu məsələdə Akif müəllimə qatılıram. Bəli, kişilərin təhsildə olması, müəllimlik etməsi lazımdır, çünki onların öz baxış bucağı olur, fərqli metodikaları ola bilər, uşaqları bəzi səhv hərəkətlər etməkdən çəkindirə bilərlər.

Digər məsələlərə gəldikdə isə bir çox xanım akademiklərimiz, alimlərimiz var ki, sahələrini çox gözəl mənimsəyiblər və digərlərinə də çatdırıblar. Bu məsələdə Akif müəllimlə elə də razı deyiləm. Əsas odur ki, elmə insanda həvəs, sevgi olsun. Gəlin belə danışaq – ailədə bilirik ki, uşaqla ən çox qadın məşğul olur. Amma gərək bu, birtərəfli olmasın, ana və ata ikisi də uşağın inkişafı üçün çalışmalıdır. 

Kişilər qadınları daha çox evdar xanım kimi görmək istəyirlər – uşaqlara baxsın, bişirsin, yusun, təmizləsin... Bununla da bacarığı olan, elm sahəsində yaxşı işlər görə bilən qadın qalır kənarda. Amma onun da dəstəyə ehtiyacı var. Demirəm ki, ailəsini qoysun, bütün günü elmlə məşğul olsun. Amma kişilər də qadınlara bu məsələdə dəstək göstərsələr, görərlər ki, həqiqətən də elmin inkişafında qadınların nə qədər rolu ola bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top