Seçiciləri bu deputatı niyə bəyənir? — Problemi seçicini qaldığı yerdə həll edir (FOTOLAR)

TƏHLİL 27 fev 2023, 11:55
Ötən həftə “Heydər Əliyev ili” çərçivəsində Masallıda millət vəkilləri və jurnalistlərin iştirakı ilə “Heydər Əliyev və media” adlı konfrans və media-tur təşkil olunmuşdu. Həmkarımız Cəfər Cəfərovun təşəbbüsü ilə təşkil olunan media-tur həm ulu öndər Heydər Əliyevin milli medianın inkişafında atdığı addımları xatırlamaq və keçmiş təcrübə üzərindən gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirmək, həm medianın regionlara diqqəti, həm də regionlardakı mövcud vəziyyəti yerində müşahidə etmək baxımından əhəmiyyətli tədbir idi.

Müşahidələrimiz Masallanın respublikamızın inkişaf edən bölgələrindən olduğunu deməyə əsas verir. İstər abadlığı, istər müasir infrastrukturu, istərsə də rayonda əhalinin həyat səviyyəsinin yüksək olması baxımından diqqəti cəlb edir. Rayonun bu qədər inkişafına səbəb təbii ki, Prezident İlham Əliyevin regionlara verdiyi diqqətdir. 

Eyni zamanda, Masallı rayonunun rəhbərliyinin dövlət başçısının bu siyasətini uğurla icra etməsi gördüyümüz müsbət mənzərənin ortaya çıxması ilə nəticələnib.




Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Söhbət Masallı rayonundan deputat seçilmiş Məşhur Məmmədovun fəaliyyətidir. Sirr deyil ki, deputatların hamısı seçildikləri bölgəyə diqqət yetirmir, belə demək mümkünsə, seçicilərin görüşünə seçkidən seçkidə gedirlər. Məşhur Məmmədov isə bu məsələdə əsl örnək hesab edilə bilər. Özü Masallı rayonunun Yeddioymaq kəndində doğulan Məşhur Məmmədov rayonun inkişafından tutmuş, əhalinin problemlərinin həllinə qədər bütün işlərdə yaxından iştirak edir. 

Rayon sakinləri ilə söhbət zamanı məlum oldu ki, Masallı camaatı Məşhur Məmmədovu xeyirxah adam kimi tanıyır və bu da səbəbsiz deyil.



Öyrəndik ki, Məşhur Məmmədov deputat seçildikdən sonra Masallı şəhərinin mərkəzində 2 ikimərtəbəli müasir uşaq baxçası inşa etdirib. Bununla yanaşı, deputat rayonda Azərbaycan Stolüstü Tennis Feserasiyasının inzibati binasını da tikdirib, yaxında binanın açılışı planlaşdırılır. 

Deputat Məşhur Məmmədov Masallıda təhsilə, aztəminatlı ailələrə, o cümlədən, şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırır. 

Sakinlərin sözlərinə görə, deputat Məşhur Məmmədov Masallıda Təhsil Fondu yaradıb. Bu fond Masallıdan olan aztəminatlı qız uşaqlarının təhsil haqqını ödəyir, əlaçı tələbələrə isə yüksək təqaüdlər verir.





Bununla yanaşı, Məşhur Məmmədov 44 günlük Vətən savaşından sonra 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş Masallıdan olan şəhidlərin xatirəsinə Qəhrəmanlar Parkı abidə kompleksinin inşasına yarım milyona yaxın vəsait ayırıb. Bu kompleksdə 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidləri barədə informasiyalar yerləşdirilib, həmçinin Masallıdan olan 3 Milli Qəhrəman və 2 Vətən Müharibəsi Qəhrəmanının büstü ucaldılıb. Kompleksin önündə Dəmir Yumruq abidəsi də qoyulub. 

Hazırda deputatın dəstəyi ilə Masallıdakı Heydər Əliyev Mərkəzinin 125 yerlik konfrans zalı sökülərək, onun yerində müasir standartıara cavab verən 500 yerlik konfrans zalı tikilir. 

Məşhur Məmmədov Masallıda fəaliyyət göstərən yaradıcı insanlara, elm adamlarına da hər zaman diqqət və qayğı göstərir. Onun dəstəyi ilə yazıçı Nurəddin Ədiloğlunun müəllifi olduğu “Şəhidlər manifesti” kitabı böyük tirajla dərc edilib. 




Böyük mütəfəkkir maarifçi-pedaqoq, tarixçi-etnoqraf,  Azərbaycanın Cənub bölgəsində ilk qızlar məktəbinin yaradıcısı Teymur bəy Bayraməlibəyovun adına doğulduğu kənddə məktəb tikdirib və büstünü qoydurub, Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ilə bağlı keçirilən tədbirlərə sponsorluq edib.

Səfərimiz zamanı Məşhur Məmmədovla bağlı eşitdiklərimiz, onun rayonda həyata keçirdiyi işlər bu deputatın digər həmkarları, xüsusilə də seçkidən seçkiyə gözə dəyənlər üçün böyük bir örnək olduğunu deməyə əsas verir...


Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top