"Bu artım dünya bazarında qızılın qiymətinin kəskin şəkildə yüksəlməsi fonunda..." — İqtisadçı

İQTİSADİ 01 may 2025, 14:05
Azərbaycan bu ilin yanvar-fevral aylarında 748,29 kq qızıl ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Hesabat dövründə ixrac edilən qızılın dəyəri 40 milyon 170,41 min ABŞ dolları (+5,9 dəfə) təşkil edib. 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, bu proses, ölkənin ümumi iqtisadi potensialına, ixrac imkanlarına və maliyyə dayanıqlığına birbaşa müsbət təsir göstərir:

“İşğaldan azad olunmuş ərazilərdə təbii ehtiyatların, xüsusilə də qiymətli metallar tədricən emala açılır. Həmin bölgələrdə qızıl hasilatının və emalının genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.  Hazırda Azərbaycan qızılı emal üçün ixrac edir və sonradan bu emal olunmuş qızılı geri almaq imkanına malikdir. Bu isə ikiqat fayda verir. Bu yanaşma, eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatlarının diversifikasiyasını da təmin edir.Son dövrlərdə həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Mərkəzi Bankının qızıl ehtiyatlarının nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Bu artım dünya bazarında qızılın qiymətinin kəskin şəkildə yüksəlməsi fonunda Azərbaycan üçün əlavə gəlir mənbəyi və divident kimi çıxış edir. Bu strategiya ölkənin iqtisadi təhlükəsizliyi və sabitliyi baxımından mühüm rol oynayır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top