Əsrlərdir mübahisə mövzusu olan "əvvəl toyuq yaranıb, yoxsa yumurta?" sualına elm cavab verib. Təkamül araşdırmalarına əsasən, yumurta toyuqdan milyonlarla il əvvəl mövcud olub.
Demokrat.az xəbər verir ki, bu barədə AOL yazıb.
Paleontoloji məlumatlara görə, yumurta qoyan canlılar təxminən 540 milyon il əvvəl mövcud olublar. Bu isə quşların, o cümlədən toyuqların yaranmasından xeyli əvvələ təsadüf edir. Balıqlar, sürünənlər və dinozavrlar da toyuqlardan milyonlarla il əvvəl yumurta qoyublar.
Alimlər bildirirlər ki, müasir ev toyuğu (Gallus gallus domesticus) minilliklər ərzində baş verən təkamül dəyişiklikləri nəticəsində formalaşıb. Onun əcdadlarından biri Cənub-Şərqi Asiyada yaşayan bankiv cəngəllik toyuğudur. Toyuqların əhliləşdirilməsinin təxminən 8 min il əvvəl başladığı güman edilir.
Təkamül baxımından isə ilk "əsl toyuğun" ondan əvvəlki, hələ tam müasir toyuq olmayan iki quşun yumurtasından çıxdığı izah edilir. Həmin yumurtada baş verən genetik dəyişiklik nəticəsində ilk müasir toyuq formalaşıb. Bu baxımdan, konkret olaraq toyuq yumurtası nəzərdə tutulduqda belə, yumurta əvvəl yaranıb.
Beləliklə, elmə görə, cavab yumurtadır. Ümumilikdə isə yumurtanın təkamül tarixi müasir quşların və toyuqların tarixindən yüz milyonlarla il daha qədimdir.
Jalə

