Maraqlı

Quru lobyanın dadını artıran sadə üsullar

Quru lobyanın dadını artıran sadə üsullar

Quru lobya Azərbaycan və türk mətbəxində geniş istifadə olunan yeməklərdən biridir. Lakin bu paxlalı məhsul bəzi insanlarda həzm çətinliyi, şişkinlik və qaz probleminə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, quru lobyanın daha rahat həzm olunması və dadının yaxşı alınması üçün bir sıra üsullardan istifadə etmək mümkündür.

Bütöv kartofdan istifadə edin

Quru lobya bişirilərkən qazana soyulmuş, bütöv kartof əlavə edilməsi bəzi mətbəx mənbələrində tövsiyə olunur. Yemək hazır olduqdan sonra kartofu qazandan çıxarmaq mümkündür.

Bəzi reseptlərdə isə lobyanın bişirilməsi zamanı zirə kimi ədviyyatlardan istifadə edilir. Zirə yeməyə xoş ətir və dad verir.

Lobyanı əvvəlcədən isladın

Lobyanı bişirməzdən əvvəl ən azı 8 saat suda saxlamaq məsləhətdir. Daha sonra islatma suyunu süzüb lobyanı təmiz su ilə bişirmək olar.

Bəzi reseptlərdə islatma suyuna az miqdarda çörək sodası əlavə edilir. Lakin sodanın həddindən artıq istifadəsi yeməyin dadına və teksturasına təsir göstərə bilər.

Quyruq yağı dadı zənginləşdirir

Quru lobyanın dadını daha zəngin etmək üçün quzu quyruq yağından da istifadə olunur. Təxminən 50-100 qram quyruq yağını bütöv və ya xırda doğranmış şəkildə yeməyə əlavə etmək mümkündür.

Yağ bişmə prosesində əridikcə yeməyə daha zəngin dad və ətir verir.

Bişirmə qaydasına diqqət edin

Lobyanın yaxşı bişməsi üçün onu yüksək odda deyil, orta və ya vam odda bişirmək daha məqsədəuyğundur. Bu, lobyanın həddindən artıq dağılmasının qarşısını almağa kömək edir.

Təzyiqli qazanda bişirmə müddəti adətən daha qısa olur. Adi qazanda isə lobyanın tam yumşalması daha uzun vaxt tələb edə bilər. Müddət lobyanın növündən, əvvəlcədən isladılıb-isladılmamasından və istifadə olunan qazandan asılıdır.

Yemək hazır olduqdan sonra onu bir müddət dincəltmək dadların daha yaxşı birləşməsinə kömək edir.

Jalə

JD
Jalə Davud