“Təhsil xərci artdıqca, ödənişli oxuyan tələbələrin təhsil haqları da artır” — AÇIQLAMA

GÜNDƏM 13 may 2025, 13:05
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb.

Bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib. "Dirijorluq", "Bəstəkarlıq", "Vokal sənəti", "İnstrumental ifaçılıq" ixtisasının illik xərci 9 min manat, "Tibb", "Müalicə işi", "Hərbi tibb", "Hərbi həkim işi"nin illik xərci 8 min manat , "Qrafika", "Stomatologiya", "Dekorativ-tətbiqi sənət" (sahələr üzrə), "Heykəltəraşlıq", "Rəngkarlıq" ixtisasının illik xərci 7 min manat , "Tibb bacısı işi", "Tibb bacısı (qardaşı) işi", "Fizioterapiya və tibbi reabilitasiya", "Əczaçılıq" ixtisasının illik xərci 6 min manat təşkil edir. İllik xərcin ən aşağı məbləği isə 2100 manatdır.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, fərqli ixtisaslarda təhsil xərclərinin fərqli olması başadüşüləndir:

“Təhsil xərci dedikdə, universitetin həmin ixtisas üzrə bir tələbəyə çəkdiyi illik ümumi xərc nəzərdə tutulur. Məsələn, hərbi həkim ixtisasında oxuyan bir tələbəyə universitet tərəfindən ildə 8000 manatlıq xərc çəkilirsə, bu, həmin ixtisasın təhsil xərci sayılır. Eləcə də, dekorativ-tətbiqi sənət ixtisası üzrə bu rəqəm 7000 manat ola bilər. Bu fərqlilik ixtisasların spesifikliyindən, həmin sahədə çalışan peşəkar müəllimlərin əməkhaqqısından, laboratoriya və avadanlıq kimi infrastruktur xərclərindən qaynaqlanır. Məsələn, musiqi ixtisasında təhsil alan tələbəyə musiqi alətləri, xüsusi otaqlar və müəllim heyəti lazımdır. Bu, universitet üçün əlavə xərc deməkdir. Eyni ilə tibb və hərbi ixtisaslarda da bu cür texniki və praktiki təchizat xərcləri çoxdur. Bu səbəbdən, təhsil xərci artdıqca, ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqları da artır. Valideyn və tələbələr üçün bu, əlbəttə, maliyyə baxımından daha böyük yük deməkdir”. 

İ.Orucov əlavə edib ki, bu xərclər təsadüfi deyil, müvafiq araşdırmalar və ehtiyaclar əsasında hesablanır:

“Əlbəttə ki, bu xərclər göydən gəlmir. Onlar müvafiq araşdırmalar, təhlillər və dövlətin təsdiqlədiyi çərçivədə müəyyənləşdirilir. Amma bu məsələdə dövlətin dəstəyi, sosial ədalətin qorunması və təhsil
bərabərliyinin təmin olunması vacibdir. Beləliklə, ixtisaslar üzrə təhsil haqları arasındakı fərqlər real iqtisadi və texniki səbəblərlə əsaslandırılır. Bu fərqlilik, yüksək keyfiyyətli kadr hazırlığına yönəlmiş məqsədyönlü siyasətin bir hissəsidir. Dövlət və cəmiyyət olaraq bu sahədə müəyyən tənzimləmələr aparmaq, bəzən isə dəstək mexanizmləri yaratmaq lazımdır. Hər universitetdə fərqli ixtisasların xərcləri müxtəlifdir və buna uyğun təhsil haqqı müəyyənləşdirilir. Amma ümumilikdə əsas məqsəd keyfiyyətli kadr yetişdirmək və tələbəyə lazım olan bütün şəraiti yaratmaqdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top