Prezidentin Çin səfəri: Bakı Pekinlə münasibətlərdən nələr qazanacaq?

SİYASİ 23 aprel 2025, 18:49
Prezident İlham Əliyevin Çinə səfəri, Pekində yüksək səviyyədə qarşılanması, ümumiyyətlə, Çinin Azərbaycanla münasibətlərə verdiyi xüsusi önəm ölkəmizin qlobal nüfuzundan qaynaqlanır. Çin mövcud qlobal siyasətdə yüksələn gücdür və siyasi təsir imkanları, iqtisadi inkişafı, hərbi gücü baxımından artıq dünyanın əsas qütblərindən biri hesab olunur. Belə bir ölkənin Azərbaycanla əlaqələrdə maraqlı olmasının bir çox səbəbi var.

Birincisi, Azərbaycanın yerləşdiyi coğrafi mövqe və strateji əhəmiyyətlidir.

İkincisi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin qlobal proseslərdə həlledici oyunçuya çevrilməsidir.

Üçüncüsü, Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsində oynadığı roldur.

Beynəlxalq ekspertlər Avrasiyanın gələcəyini Çinin “Bir kəmər, bir yol” layihəsinin müəyyən edəcəyini proqnozlaşdırır. Azərbaycan bu layihədə açar ölkələrdən biridir. Hətta, layihənin prioritet marşrutu olan Orta dəhlizin açarının Bakıda olduğunu əminliklə deyə bilərik. Çünki Azərbaycan Avropa ilə Asiya arasını birləşdirən nəqliyyat infrastrukturuna malik olmaqla yanaşı, Avropada Asiyaya uzanan coğrafiyada sabitləşdirici, birləşdirici gücdür. 

Prezident İlham Əliyevin Cənubi Qafqazın sabit gələcəyni qurmaq istiqamətində atdığı addımlar, türk dünyasını – Türkiyədən Mərkəzi Asiyaya – Çin sərhədlərinə qədər uzanan coğrafiyada birliyin və sülhün əldə edilməsi ilə bağlı gördüyü işlər Azərbaycanın bütövlükdə Avrasiyadakı mövqelərini gücləndirib. Çin üçün Azərbaycanı cəlbedici edən amillərdən biri də məhz budur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə qurulan münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan daim “Vahid Çin” ideyasını, Çin də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Vətən müharibəsində Azərbaycanı dəstəkləyən Çinin BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qərəzli münasibətə veto hüququ ilə cavab verməsi münasibətlərin səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanan sənədlər və liderlərin imza atdığı birgə bəyanat münasibətlərdə yeni səhifə açdı. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” indiyə qədər mövcud olan strateji tərəfdaşlığı daha da genişləndirmək, bütün istiqamətləri əhatə etmək məqsədi daşıyır.

Strateji baxımdan kifayət qədər önəmli olan birgə bəyanatda tərəflər bir birinin seçdiyi inkişaf yolunu, təməl maraqlarını, suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Azərbaycan “Vahid Çin” ideyasına, Çin də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyinə dəstəyini ifadə edir. Bu, həm Tayvan üzərindən Çinə müdaxilə cəhdlərinə qarşı sərgilənən mövqedir, həm də Cənubi Qafqazda Azərbaycanın gündəliyinə verilən dəstək.

Azərbaycan və Çinin bu bəyanatla müasir dünya nizamı və dünyada gedən proseslərə ortaq mövqe sərgiləyirlər, xüsusilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan əsas normalarının qorunmasına səy göstərmək, hegemonluğa və güc siyasətinə qarşı çıxmaq fonunda. Hər iki ölkə ümumbəşəri dəyərlərin - sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin lehinə edirlər.

Dünyanın ikinci iqtisadi gücü, birinci istehsal gücü olan Çin Azərbaycan üçün ticarət əlaqələri baxımından da əhəmiyyətlidir. Azərbaycan və Çin ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul edib. Bu, Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək. İki ölkə bərpa olunan enerji, nəqliyyat-logistika, sənayenin rəqəmsal transformasiyası, neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi qərarına gəlib.

Bununla yanaşı, Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Saziş, Çin-Avropa-Çin transxəzər ekspress-marşrutları yaradılması razılaşdırılıb. Bu, Orta dəhlizin gücünün artırılması, ümumilikdə Avrasiyanən nəqliyyat infrastrukturunun inkişafına töhfə verəcək. Ən aəsası Azərbaycanın tranzit rolunu daha da gücləndirəcək. 

Azərbaycanın Çinlə əməkdaşlıqda divident qazanacaq sektorlardan biri də turizmdir. İki ölkə arasında viza rejiminin ləğv edilməsi bu sektorun inkişafını təşviq edəcək. 

Birgə Bəyanatda ən önəmli məqamlardan biri də Azərbaycan və Çinin qlobal iqlim problemlərinin həlli ilə bağlı ortaq mövqedən çıxış etməsidir. Çin BMT-nın COP29-un uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib, onun nəticələrinin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə mühüm töhfə verəcək tarixi nailiyyət və dönüş nöqtəsi kimi qiymətləndirib, eyni zamanda, 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya şəhərsalma forumuna dəstəyini ifadə edib. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini də dəstəkləyib, ölkəmizin  Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyətini yüksək qiymətləndibi.

Artıq qlobal müstəvidə yeni dünya nizamının qurulması prosesi gedir. Bu prosesdə Çin əsas güc mərkəzlərindən biridir. 

Azərbaycanın Çinlə münasibətlərinin yüksək səviyyədə olması ölkəmizin dünyanın yeni nizamında mövqeyini gücləndirəcək faktordur. Əsas məqamlardan biri də dünyanın yeni gücü kimi qəbul edilən Çinin Azərbaycanla bərabərhüquqlu münasibətlərə böyük önəm verməsidir. Bu, Azərbaycanın və Prezident İlham Əliyevin beynəlxalq nüfuzunu bir daha önə çıxarır.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
23 aprel 2025, 20:27
Top