Rəsmi Bakının Trampdan gözləntiləri nədir? — TƏHLİL

SİYASİ 22 yanvar 2025, 10:06
ABŞ-ın 47-ci prezidenti Donald Tramp inaqurasiya mərasimində mühüm mesajlar verdi. Bu mesajların ən önəmlisi isə dünyada ənənəvi dəyərlərin qorunması, qlobal sülhün və sabitliyin təmin edilməsi ilə bağlıdır.

Tramp bəyan etdi ki, “ABŞ-ın siyasəti kişi və qadın olmaqla, iki cinsi tanımaqdan ibarət olacaq”. Bu, Bayden Administrasiyasının, ümumiyyətlər demokratların ailə institutunu məhv etmək siyasətinin Tramp tərəfindən ləğv edildiyinin anonsudur. İndiyə qədər xüsusilə LGBT+ hüquqları üzərindən ənənəvi dəyərlərə qarşı hücumlar edilib. Bu ailə dəyərlərinə üstünlük verən bütün ölkələr, o cümlədən, Azərbaycanın maraqlarına uyğun deyil.

Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində bildirmişdi ki, “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir”. 

Trampın inaqurasiya mərasimində səsləndirdiyi fikirlər Azərbaycan liderinin haqlı olduğunu göstərdi.

Azərbaycan Prezidenti hələ ötən ilin iyun ayında Şuşa Forumunda çıxışı zamanı ABŞ-da davam edən seçki yarışı haqda sualı cavablandırarkən Trampın bütün dünya üçün daha xeyirli namizəd olduğunun mesajını vermişdi.

“Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər”, - dövlət başçısı bildirmişdi.

Trampın birinci prezidentliyi dövründə müharibələrdən yayınması, ABŞ qoşunlarını xarici ölkələrdən geri çəkməsi onun qlobal təhlükəsizliyə töhfəsinin real nümunəsi idi. Eyni zamanda, seçki yarışında verdiyi mesajlar da bu yöndə idi. 

Nəhayət, Donald Tramp inaqurasiya mərasimində çıxışı zamanı da qlobal sülhün və sabitliyn təmin edilməsinə çalışacağını bəyan etdi. ABŞ-ın yeni prezidentinin Qəzzada atəşkəsə nail olması, Ukrayna-Rusiya müharibəsinin başa çatması üçün göstərdiyi səylər verduiyi vədləri yerinə yetirməyə çalışdığını göstərir.

Dünyanın Trampdan gözləntiləri böyükdür, o cümlədən, Azərbaycanın da. 

Rəsmi Bakının əsas gözləntisi Bayden Administrasiyasının zərbə vurduğu ABŞ-Azərbaycan münasibətlərinin yenidən inkişaf etdirilməsi ilə bağlıdır. Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində bu məsələyə toxundu.

“Tramp öz açıqlamaları ilə çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin inaqurasiya mərasimindən sonra Trampa ünvanlandığı təbrik məktubunda da ABŞ-Azərbaycan münasibətlərinin strateji səviyyəyə yüksəldilməsi ilə bağlı açıq mesajlar yer alır.

Birincisi, İlham Əliyev Trampın dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağını vurğulayır. Keçmiş təcrübəsi və verdiyi mesajlar Trampın bunu edəcəyinə ümidləri artırıb.

İkincisi, Prezident ABŞ-Azərbaycan əlaqələrinin ənənəvi və yeni əməkdaşlıq sahələri üzrə inkişaf edəcəyi gözləntisinin mesajını verir. 

“Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”, - məktubda qeyd olunur və əlavə edilir ki, “Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”.

Üçüncüsü, Prezident Azərbaycanın ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyində oynadığı rolu xatırladır, yeni dövrdə bu istiqamətdə əməkdaşlığın artırılması perspektivinə toxunur.

“ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirir, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyinizi xüsusi vurğulamaq istərdim”, - deyə dövlət başçısı bildirir.

Göründüyü kimi, Azərbaycanın ABŞ-ın yeni hakimiyyətindən gözləntiləri var. Trampın ilk prezidentliyi dövründəki fəaliyyəti, həmçinin, yenidən seçildikdən sonra verdiyi mesajlar ABŞ-Azərbaycan münasibətlərinin yenidən strateji səviyyəyə yüksələ biləcəyindən, qlobal sülhə və sabitliyə birgə töhvənin verilməsi imkanlarının olduğundan xəbər verir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top