Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir

SİYASİ 11 noyabr 2024, 10:38
Konstitusiya əsas sosial-siyasi institutlara verilən tələbləri müəyyən etməklə onları formalaşdırır və bütün sistemin əsasını təşkil edir. O, qanunvericilik sisteminin yaradılması və dəyişdirilməsi qaydalarını, onun məzmununu müəyyən edir. Bir sözlə, Konstitusiya mövcud sistemin konkret olaraq necə olduğunu və necə olmalı olduğunu ortaya qoyur.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də isə ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. 

Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə olduqca nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi.

Əminliklə vurğulanmalıdır ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin məntiqi yekunu oldu.
 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davan edən Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad etdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi işğal altında qalmış Ağdam, Kəlbəcər və Laçın rayonlarını isə hərbi əməliyyatlar aparılmadan azad etməyi öz öhdəsinə götürməli oldu. 

Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları, eləcə də Azərbaycan Res­publikasının konstitusiya quruluşunun bərpa edilməsi zəruriliyi antiterror əməliyyatının keçirilməsini labüd edirdi.

Lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Bu artıq Azərbaycanın yeni mərhələyə daxil olduğundan xəbər verir.

Faiq Xosrovlu
Abşeron rayonu, Mehdiabad qəsəbə 5 nömrəli tam orta
məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top