Vəkil: "İcra məmurlarının üzərinə düşən yük artırılmalıdır"

GÜNDƏM 18 sentyabr 2025, 20:55
"Məhkəmə qərarlarının icrası sahəsində, ümumiyyətlə, dövlət məmurları sistemində müəyyən boşluqlar mövcuddur. Əlbəttə, qəbul edilən yeni qanun müəyyən mənada problemi aradan qaldıra bilər. Amma bunun tam nəticə verməsi üçün xeyli vaxt lazımdır". 

Bunu Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

Ekspert bildirib ki, qanun qəbul olunmaqla iş bitmir, yeni institutların formalaşması və fəaliyyətə başlaması illər çəkəcək:

"Problemin digər həll yolları da mövcuddur. Birincisi, bütün məhkəmə qərarlarının icra olunmadığını demək düzgün deyil. İcra olunmayanların əksəriyyəti borc məsələləri ilə bağlıdır. Burada əsas problem odur ki, borcunu ödəməli olan şəxslərin ödəmə imkanı olmur. Belə hallarda müflisləşmə institutu işləməlidir. Azərbaycanda isə təəssüf ki, hələ də şəxslərin müflis elan edilməsi praktiki olaraq tətbiq olunmur. Halbuki bütün sivil ölkələrdə bu institut mövcuddur: şəxs müflis elan edilir, iş bağlanır və məsələ yekunlaşır. Beləcə, məhkəmə qərarlarının icrasız qalması probleminin böyük hissəsi aradan qalxır".

Onun sözlərinə görə, əgər müflisləşmə mexanizmi işləsə, bu gün icrasız qalan məhkəmə qərarlarının təxminən 75%-i bağlanacaq, yalnız 25%-i qalacaq:

"O zaman məsuliyyət əsasən icra məmurlarının üzərinə düşəcək. Bunun üçün isə onların fəaliyyətinin gücləndirilməsi, maaşlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması vacibdir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top