Joze Mourinyo “Benfika”nın baş məşqçisi oldu

İDMAN 18 sentyabr 2025, 21:35
Portuqaliyalı mütəxəssis Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunub. Bu barədə klub rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Lissabon təmsilçisi açıqlamasında təcrübəli mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalandığını bildirib.

Maraqlı məqam odur ki, Mourinyonun “Fənərbaxça”dakı işinə komandasının Çempionlar Liqasında “Benfika”ya məğlub olaraq kənarda qalmasından sonra son verilmişdi. Məşqçi kimi “Fənər”i ÇL-dən kənarda qoyan Mourinyo indi özü ÇL-də çıxış edən klubdadır. Bəzi azarkeşlər ironiya ilə Maurinyonun bu hadisədə müstəsna rolunu qeyd edir.

İmza mərasimində çıxış edən portuqaliyalı çalışdırıcı bunları deyib: “Mən “Benfika” üçün yaşayacağam. Burada olduğum üçün çox xoşbəxtəm.”

Bu, Mourinyonun “Benfika”ya ikinci gəlişidir. Xatırladaq ki, 2000-ci ildə o, qısa müddətdə klubun sükanını idarə edib. Həmin ilin dekabrında “Benfika” ilə Lissabon derbisində “Sportinq”ə qalib gələn Joze klubun prezidentindən müqaviləsinin uzadılmasını istəyir. Rədd cavabı alan Mourinyo vaxt itirmədən istefasını verir. Həmin dönəm “Benfika”ya prezidentlik etmiş Manuel Vilarinyo sonralar təəsüfləndiyini demişdi. Axı Mourinyo sonrakı illərdə “Porto” ilə Avropa futbolunu silkələmiş, ardınca “Çelsi”, “Real Madrid” və “İnter” kimi nəhəng klublarda uğur qazanmışdı.

İllər sonra Mourinyo başladığı yerə geri döndü. İndi isə vəziyyət tam fərqlidir: Mourinyo “Benfika”ya gənc perspektivli məşqçi kimi deyil, artıq dünya futbolunun ən tanınmış simalarından biri kimi qayıdır.

“Benfika” Mourinyonun sərt intizamı, taktiki çevikliyi və təcrübəsindən faydalanaraq Çempionlar Liqasında daha iddialı çıxış etməyi hədəfləyir. Lakin onun son illərdə “Tottenhem”, “Roma” və “Fənərbaxça”dakı qeyri-stabil nəticələri həm də müəyyən suallar doğurur: Mourinyo hələ də “Xüsusi”dir, yoxsa dövrü arxada qaldı?

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top