"Pandemiya tamamilə sona çatmayıb və təhlükə hələ də mövcuddur" — Adil Qeybulla

GÜNDƏM 13 may 2025, 13:12
İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə yeni koronavirus infeksiyası dalğası barədə xəbərdarlıq edib. Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Nazir müavini insanları maskalardan istifadə etməyə çağırıb. O, həmçinin ictimaiyyətin məlumatlandırılmasında medianı və məscidləri daha fəal rol oynamağa və ictimaiyyəti bu məsələyə ciddi yanaşmağa səsləyib.

Tanınmış həkim Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, hələ də Azərbaycanda və digər ölkələrdə koronavirus infeksiyasına yoluxma halları müşahidə olunur:

“Təəssüf ki, bu infeksiya nəticəsində həyatını itirənlər də var. Sadəcə olaraq, insanlar bu vəziyyətə alışmış kimi davranırlar və təhlükəni əvvəlki kimi ciddi qəbul etmirlər. Təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi radikal dini qruplar, xüsusi maraqlardan qaynaqlanan şəxslər və məlumatsız insanlar vaksinasiyaya qarşı cəfəng iddialar yayaraq ictimai rəyə mənfi təsir göstərirlər. Halbuki pandemiyanın nəzarət altına alınmasında vaksinasiya əsas rol oynayıb”. 

Həkim əlavə edib ki, əgər genişmiqyaslı peyvəndləmə olmasaydı, pandemiya bu gün də davam edərdi:

“Beynəlxalq səviyyədə, xüsusilə də Dünya Səhiyyə Təşkilatının bu prosesə adekvat moderatorluq edə bilməməsi, ölkələrarası koordinasiyanın zəif olması infeksiyanın tamamilə söndürülməsinə mane oldu. Hazırda immun sistemi zəif olan şəxslər, xroniki xəstələr və terminal vəziyyətdə olan pasiyentlərdə virusun orqanizmdə qalaraq çoxalması və mutasiyaya uğraması yeni epidemik dalğaların yaranmasına zəmin yaradır. Bu hal təkcə Almaniya və Avropa ölkələrində deyil, Azərbaycanda da müşahidə olunmaqdadır. Hazırda belə xəstələr var, kliniki hallarda da bu müşahidə edilir. Ağciyər müayinələrində koronavirusa xas dəyişikliklər hələ də görünməkdədir. Bu da onu göstərir ki, pandemiya tamamilə sona çatmayıb və təhlükə hələ də mövcuddur. Bu reallığı nəzərə almaq və ciddi yanaşmaq vacibdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top