YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm

Əli Kərimlinin məhkəməsində bir saatlıq ifadəm: Kim üzədurandır, kim həqiqəti deyir? – Rauf Arifoğlu yazır

Əli Kərimlinin məhkəməsində bir saatlıq ifadəm: Kim üzədurandır, kim həqiqəti deyir? – Rauf Arifoğlu yazır

Mən Əli Kərimlinin məhkəməsində şahid qismində ifadə verdim. Təxminən bir saat davam edən prosesdə həm vəkillərin, həm prokurorun, həm də hakimin çoxsaylı suallarını cavablandırdım. İfadəmin hər sözünün arxasındayam. Nə istintaqa, nə də məhkəməyə yalan danışmışam.

Danışdıqlarımın hamısı şəxsən şahidi olduğum hadisələrə, iştirak etdiyim proseslərə, üzbəüz söhbətlərə və illər əvvəl ictimailəşdirdiyim faktlara əsaslanır.

Amma məhkəmədən dərhal sonra baş verənlər məni bu yazını qələmə almağa vadar etdi.

Əli Kərimliyə yaxın sosial media hesabları, trollar və Meydan TV məhkəmədəki bir epizodu kontekstdən çıxararaq yalnız mənim üzərimdə qurulmuş qarayaxma kampaniyasına çevirdilər.

Halbuki Əli Kərimli məhkəmədə cəmi bir dəqiqəyə yaxın replika verdi. Bildirdi ki, bu məhkəmə siyasi sifarişlidir, məzhəkədir, saxtadır və o, bu prosesdə iştirak etmir, ifadə vermir, məhkəmənin gətirdiyi saxta, üzəduran şahidlərə də cavab verməyəcək.

Göründüyü kimi, cəm şəkilçisindən istifadə olunub və bu, təkcə mənim ifadəmə aid deyildi. Məndən əvvəl Sərdar Cəlaloğlu, Eldar Namazov və digər şəxslər də ifadə vermişdilər. Onlar da Milli Şura layihəsi əleyhinə ifadə veriblər. Heç birinin də ifadəsi Əli Kərimlinin xeyrinə deyil. Hətta Kərimlinin öz yaxını, adamı sayılan Fuad Qəhrəmanlının ifadəsi Əli Kərimli üçün öldürücü sübut növüdür…

Məhkəmədən sonra bir dostuma təəssüratımı danışarkən dedim ki, ifadə verdim, səhnədə hakim özüm idim və sözün yumşaq mənasında həm vəkilləri, həm prokuroru, həm də hakimi "uddum". Əli Kərimli də "cükküldədi", yerində oturtdum.

Təcrübəli dostum: "Hazır ol, bu axşamdan sosial mediada Əlinin trolları, İran-Rusiya kalonları başlayacaq sənə qarşı geniş hücuma".

Və başlayıb! Özü də necə! Əli vəkilləri vasitəsilə sosial mediadakı trol ordusuna "vurun" mesajı yollayıb, tezisləri də göndərib. Mənimlə orada polemikaya "tortu" çatmadı; hər zamankı kimi qaragüruha komanda verdi...

Məhkəmədə nələr oldu?

Təxminən bir saat davam edən ifadə və sual-cavab prosesində təşəbbüs mənim əlimdə idi. Suallardan yayınmadım, heç bir mövzudan qaçmadım, əksinə, hər sualın mahiyyətinə uyğun cavab verdim. Bəzi hallarda sual verənlərin özlərini izahat vermək məcburiyyətində qoydum.

Hətta Əli Kərimlinin özünə də replika verdim. Ona xəbərdarlıq etdim ki, yerində sakit oturmasa, ifadəm daha da dərinləşə bilər.

Danışdıqlarım şahidi olduğum hadisələrin, bildiyim proseslərin yalnız müəyyən hissəsidir.

Və bütün məsuliyyətimlə bildirirəm: istintaqa verdiyim ifadədə də, məhkəmədə söylədiklərimdə də bircə yalan yoxdur.

Mən bir qəzetçiyəm. Fakta söykənmədiyim heç bir məsələ ilə bağlı nə yazaram, nə də ifadə verərəm. Bu, mənim onilliklər ərzində formalaşmış peşə prinsipimdir.

Əli Kərimli haqqında dediklərim yeni deyil – 2013-cü ildən bu barədə yazıram!

Məsələnin ən maraqlı, eyni zamanda ən absurd tərəfi budur ki, mənim məhkəmədə söylədiklərim heç də yeni məlumatlar deyil.

Bu barədə ilk dəfə 2013-cü ildə açıq danışmışam, yazmışam, çoxsaylı müsahibələr vermişəm.

Həmin dövrdə Moskvada formalaşdırılan Milli Şura layihəsini Azərbaycanın siyasi həyatına kənardan müdaxilə cəhdi kimi qiymətləndirmişəm. Əli Kərimlinin bu modelə sahiblənməsini, onu Azərbaycan müxalifətinə calaq etməsini, həmin layihənin aparıcı iştirakçılarından birinə çevrilməsini sərt tənqid etmişəm, onu açıq şəkildə dövlətə-vətənə xəyanətdə ittiham etmişəm. 12-13 il öncədən!

Bəli, mən o zaman bu prosesə siyasi baxımdan vətənə xəyanət kimi qiymət vermişdim.

Bu, mənim həmin dövrdə də açıq ifadə etdiyim mövqeyim idi və bu gün də ondan imtina etmirəm.

2013-cü ildə yazdıqlarım var. Sonrakı illərdə verdiyim müsahibələr, televiziya çıxışlarım, videoşərhlərim var.

2019-cu ilin oktyabrında isə İsveçrədə fəaliyyət göstərən Azlogos.eu saytına, yazıçı Əli Əkbərə geniş müsahibə vermişəm. Həmin müsahibə "Yeni Müsavat"ın 30 illiyi münasibətilə hazırlanmışdı.

(https://azlogos.eu/yeni-musavat-media-qrupunun-r%C9%99hb%C9%99ri-rauf-arifoglu-il%C9%99-musahib%C9%99/)

Azloqos saytı hazırda işləmədiyi üçün müsahibəni 2019-cu ildə təkrar çap etmiş Modern.az saytının linkini təqdim edirəm.

(bax: https://modern.az/az/news/212857/)


Burada 2012–2013-cü illərin siyasi proseslərini, Milli Şuranın yaradılması ətrafında baş verənləri, Əli Kərimli ilə münasibətlərimi, bildiyim və şahidi olduğum hadisələri geniş şəkildə danışmışam.

Hətta deyərdim ki, bu müsahibədə söylədiklərim istintaqa və məhkəməyə verdiyim ifadədən daha detallı, daha genişdir.

Yəni indi məni üzəduranlıqda ittiham edənlərə sadə bir sualım var:

Əgər mən bu gün yalan danışıramsa, 2013-cü ildə nə edirdim? 2019-cu ildə, Əli Kərimlinin həbsindən altı ildən çox əvvəl həmin faktları niyə açıq müsahibədə səsləndirmişdim? Kimsə də ittihamlarımı təkzib etməyib, yalanlamayıb.

O zaman nə bu cinayət işi vardı, nə indiki məhkəmə, nə də mənim şahid qismində dindirilməyim.

Mən bunları on ildən də çoxdur açıq deyirəm. Öz imzamla, öz səsimlə, öz üzüm və reputasiyamla.

Vəkillərin əsas sualı: Niyə hüquq-mühafizə orqanlarına məlumat verməmisiniz?

Məhkəmədə vəkillərin təkrar-təkrar qayıtdıqları əsas sual bu idi:

Əgər Milli Şuranın Rusiyada hazırlanmış layihə olduğunu düşünürdünüzsə, əgər Əli Kərimli ilə söhbətlərinizdə dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirdiyiniz məqamlar vardısa, niyə vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməmisiniz?

Bu sualı müxtəlif formalarda dəfələrlə verdilər.

Mən də hər dəfə eyni mahiyyətdə cavablandırdım.

Mən bu barədə açıq media resurslarında 2013-cü ildən başlayaraq yazmışam. Sonrakı illərdə də dəfələrlə danışmışam. Televiziya efirlərində, videomüsahibələrdə açıqlamalar vermişəm. 2019-cu ildə isə bütün bu prosesləri geniş müsahibədə, demək olar, bir siyasi epopeya şəklində ictimailəşdirmişəm.

Mən jurnalistəm. İctimai əhəmiyyət daşıyan məlumatı ictimaiyyətə çatdırmaq mənim peşəmdir. Bunu etmişəm.

2025-ci ildə Əli Kərimli həbs olunan gün məni istintaqa dəvət etdilər. Vaxtilə yazdığım və danışdığım məsələlərlə bağlı suallar verdilər.

Və mən orada təəccüblə gördüm ki, istintaqın maraqlandığı istiqamətlər 2019-cu ildə Azlogos-a verdiyim müsahibədə açıqladığım məsələlərlə üst-üstə düşür.

Deməli, mənim illər əvvəl ictimailəşdirdiyim faktlar və iddialar nəhayət hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilmişdi.

Dövlət mənim 12 il əvvəl yazdıqlarıma indi reaksiya verirsə, bunun günahı məndə deyil ki!

Mən niyə susmaqda ittiham olunmalıyam?

Susmamışam axı!

Yazmışam, danışmışam, xəbərdarlıq etmişəm. Özü də bir dəfə yox, dəfələrlə.

Bu cavabı həm vəkillərə, həm hakimə, həm də prosesdə iştirak edən hər kəsə verdim.

Məhkəmədə məni ən çox nə məyus etdi?

Vəkillərin suallarının səviyyəsi.

Başa düşürəm, vəkilin vəzifəsi müdafiə etdiyi şəxsin hüquqlarını qorumaq, ittihamın əsaslılığını yoxlamaq, şahidin ifadəsində ziddiyyət axtarmaqdır.

Bu, tamamilə normaldır. Hətta vacibdir.

Amma mənim iştirak etdiyim prosesdə verilən sualların əhəmiyyətli hissəsi zəif, dayaz, həm də təkrar idi.

Eyni sualı müxtəlif formalarda təkrarlamaqla mənim mövqeyimi dəyişəcəyimi düşünürdülərsə, yanılırdılar.

Mənim nümunəmdə müdafiə tərəfi istədiyi nəticəni əldə edə bilmədi.

Əksinə, suallar mənə illərdir söylədiyim fikirləri yenidən, daha sistemli və ətraflı izah etmək imkanı verdi.

Bununla belə, mən çox dərinə getmədim.

Çünki məqsədim Əli Kərimlinin vəziyyətini ağırlaşdırmaq, yaxud məhkəmə zalında şəxsi hesablaşma aparmaq deyildi.

Mən oraya şahid kimi çağırılmışdım və şahid kimi bildiklərimi danışdım.

Əli Kərimlini görəndə nə hiss etdim?

Burada çox səmimi bir etiraf etmək istəyirəm.

Əli Kərimlini məhkəmə zalında görəndə onun vəziyyəti məni məyus etdi.

Xeyli arıqlamışdı. Mənim tanıdığım dövrlə müqayisədə qocalmış, yaşlanmış, yıpranmış görünürdü. Beli bükülmüşdü. Hər oğulun işi deyil, həbsdə "diri" qalmaq.

Mən də 17 ay həbsdə olmuşam. "Ölüm korpusu"nda! Altı ay yarımdan çox müddətdə məhkəmə proseslərində dəmir qəfəsin içində oturmuşam.

İndi Əli Kərimlinin oturduğu şüşə qəfəsin yerində bizim dövrümüzdə dəmir qəfəs vardı.

Mərhum hakim Mənsur İbayevin sədrliyi ilə keçirilən, mənim qərəzli hesab etdiyim uzun məhkəmə prosesini yaşamışam.

Həbsxananın nə olduğunu, insanın azadlıqdan məhrum edilməsinin nə demək olduğunu, məhkəmə zalında müttəhim yerində oturmağın ağırlığını çox yaxşı bilirəm.

Hər adam həbsxanada öz ruhunu, mənəvi gücünü qoruyub saxlaya bilmir. Mən və dostlarım bunu bacarmışdıq.
Əlidə vəziyyəti fərqli gördüm.

Ona görə də heç vaxt arzulamamışam ki, kimsə həbsxanaya düşsün.

Əli Kərimli də daxil.

Mən onun siyasi fəaliyyətini sərt tənqid etmişəm, müəyyən addımlarını dövlətə qarşı fəaliyyət kimi qiymətləndirmişəm, bu gün də həmin mövqeyimdəyəm.

Amma bu, onun həbsdə olmasını arzuladığım anlamına gəlmir.

Amma bir paradoksu mütləq deməliyəm: Əli Kərimlini siyasi baxımdan həbsxana xilas etdi!

Məncə, Əli Kərimlinin həbsi onun siyasi karyerasına indiyədək heç bir siyasi fəaliyyətinin verə bilmədiyi qədər böyük dividend qazandırıb.

Əli Kərimli siyasi baxımdan tükənmiş, cəmiyyətə yeni ideya, yeni siyasi perspektiv təqdim etmək imkanlarını böyük ölçüdə itirmiş bir müxalifət təmsilçisinə çevrilmişdi.

Onun rəhbərlik etdiyi siyasi xəttin real nəticələri yox dərəcəsində idi. İlham Əliyevin qazandığı tarixi və böyük Zəfər onu və bütün müxalifət liderlərini bitirmişdi.

İndi isə nə baş verir?

Əli Kərimli həbs olunur və birdən-birə beynəlxalq diqqətin mərkəzinə gətirilir.

Onun haqqında Qərb mediasında palaz-palaz məqalələr yazılır, bəyanatlar verilir, məhkəməsi izlənilir. Müxtəlif xarici dairələr onu Azərbaycanın əsas müxalifət lideri kimi təqdim etməyə başlayırlar.

Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi Qərb, Rusiya və İran dairələri də bu hadisədən ölkəmizə informasiya və siyasi təzyiq vasitəsi kimi istifadə edirlər.

Beləliklə, siyasi təsir imkanları zəifləmiş bir şəxs yenidən beynəlxalq gündəmə qaytarılır.

Əslində, hakimiyyətin Əli Kərimlini həbs etməsi onun bir siyasətçi kimi qurtuluşuna çevrildi.

Bu, Azərbaycan siyasətinin paradokslarından biridir.

Əli Kərimli, obrazlı desək, nəzir verməlidir ki, həbsə düşüb. Çünki onun illərlə siyasi fəaliyyətlə əldə edə bilmədiyi beynəlxalq görünürlüyü bu həbs ona qazandırdı.

Əlbəttə, azadlıqdan məhrum edilmək ağır hadisədir. Mən onun insani tərəfini kiçiltmirəm.

Amma siyasi nəticə baxımından vəziyyət məhz belə görünür.

Mən ümumiyyətlə, ömrünü müxalifət siyasətinə sərf etmiş bir sıra liderlərə, kiçik "fürer"lərə acıyıram.

Onların arasında gənclik illərindən tanıdığım, birlikdə mübarizə apardığım, Azərbaycan üçün böyük xəyallar qurduğumuz insanlar da var.

Onların bir qismi vaxtilə həqiqətən vətənpərvər idi.

Azərbaycanın müstəqilliyi üçün çalışmış, riskə getmiş, müəyyən tarixi mərhələlərdə ciddi fəaliyyət göstərmişdilər.

Bunu inkar etmək fikrim yoxdur.

Amma 2013-cü ildən sonra mənim Milli Şuraya transfer olunanlara münasibətim kökündən dəyişdi.

Çünki mənim gözümün qarşısında Rusiyada hazırlandığına əmin olduğum, onların da bildiyi, Azərbaycan dövlətinə qarşı siyasi təxribat kimi qiymətləndirdiyim Milli Şura modeli ortaya çıxdı.

Və həmin insanlar bu layihəyə qoşuldular.

Mənim də rəhbərliyində təmsil olunduğum İctimai Palatanı dağıtdılar, Moskavada hazırlanan Milli Şura xəttini seçdilər.

Mən isə bu layihəni qəbul etmədim.

Açıq etiraz etdim. Onu siyasi xəyanət hesab etdiyimi bildirdim və qoşulmadım.

Bu qərarımın arxasında o zaman da dayanmışam, indi də dayanıram.

2020-ci ildən, xüsusilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra həmin siyasi çevrələrin fəaliyyətinə münasibətim daha da sərtləşdi.

Mənim qiymətləndirməmə görə, 2020-ci ildəki Zəfərdən sonra onların bir qisminin siyasi mövqeyi artıq hakimiyyətə qarşı müxalifətçilik çərçivəsini aşaraq Azərbaycan dövlətinin milli maraqları ilə ziddiyyətə girdi.

Hakimiyyətə qarşı olmaq olar. Onun siyasətini tənqid etmək olar. Bu, siyasi həyatın təbii hissəsidir.

Amma Azərbaycan dövlətinin qələbəsinə, onun tarixi nailiyyətlərinə, milli maraqlarına qarşı mövqe tutmaq başqa məsələdir.

Mən bunu qəbul edə bilmirəm.

Və ona görə də həmin insanlara acıyıram.

Ömürlərini səmərəsiz siyasətə verdilər. Gəncliklərini, enerjilərini, həyatlarının ən məhsuldar illərini boşuna hədər etdilər.

Sonda isə mənim nəzərimdə özlərinin bir zamanlar xidmət etmək istədikləri dövlətin tarixi uğurlarının qarşısında dayandılar.

Bəlkə də zamanında siyasətdən getsəydilər, öz keçmişlərinə, mübarizə tarixlərinə və adlarına daha çox hörmət qazandıra bilərdilər.

Bəlkə də bugünkü aqibətlə üzləşməzdilər.

Bu, mənim üçün siyasi olduğu qədər insani faciədir.

"Rauf Arifoğlu üzədurandır" deyənlərə cavabım

İndi Əli Kərimliyə yaxın sosial media hesablarında mənim əleyhimə kampaniya aparılır.

"Üzəduran", "böhtançı", "yalançı şahid" və başqa ifadələr dövriyyəyə buraxılır.

İlk dəfə deyil. Əli K. yaşadığı müddətcə son bulmayacaq. O, illərdir ki, məni hədəfə alıb.

(Bax: https://report.az/daxili-siyaset/rauf-arifoglu-milli-sura )

Mənə qarşı təşkil olunan informasiya hücumu Əli Kərimlinin özünün stilidir. Həbsxanada olsa da, xislətindən əl götürməyib.

Amma bunu təşkil edənlər bir mühüm məqamı unudurlar.

Mən bu mövzuda dünən danışmağa başlamamışam.

Mənim 2013-cü ildən yazılarım, sonrakı illərdən videoçıxışlarım, 2019-cu ildən geniş müsahibəm var.

Bunların hamısı açıq mənbələrdədir.

İndi kim mənə üzəduran deyirsə, əvvəlcə həmin materiallara baxsın.

Sonra izah etsin: mən bu gün kiminsə əleyhinə ifadə vermək üçün 13 il əvvəl niyə eyni mövzuda yazmalı idim?

2019-cu ildə, indiki cinayət işindən 6 il əvvəl niyə bu qədər geniş danışmalı idim? Bu açıq və geniş yayılmış yazılara, müsahibələrə Əli Kərimli niyə heç bir zaman, bir dəfə də olsun, təkzib vermədi?

Mən öz mövqeyimi gizlətməmişəm. Əksinə, illərlə açıq müdafiə etmişəm.

Və indi də hər sözümün arxasındayam.

Məhkəmədəki bir saatın bütün təfərrüatları açıqlansa…

Burada bir məqama da toxunmaq istəyirəm.

Mənim jurnalist fəaliyyətimi, xüsusilə ekstremal şəraitdə necə işlədiyimi bilənlər yaxşı xatırlayırlar.

Bayıl türməsi 2004. İçəri keçirdiyim fotoaparatla çəkilib

Həbsxanada olarkən də jurnalist fəaliyyətimi dayandırmamışam.

Bayıl türməsində "Ölüm korpusu" adlanan bölməyə fotoaparat, diktofon keçirmişəm, orada müsahibələr hazırlamış, tarixi fotolar çəkmişəm, yazılar hazırlayıb qəzetə çatdırmışam.

2000-ci ildə MTN-də təyyarə qaçırma iddiası ilə bağlı istintaq altında olduğum dövrdə də eyni şəkildə işləmişəm.

Saçımın telinin dibinə qədər axtarış aparıldığı şəraitdə belə, demək olar, hər gün yazılarımı qəzetə göndərməyin yolunu tapmışam.

Mən həm də ekstremal situasiyaların jurnalistiyəm.

Və bu işi məndən yaxşı bacaranın bu ölkədə çox az olduğunu da bilirəm.

Mən qarşıdurma ehtimalı olan mühitlərə, həssas görüşlərə, hay-küy yaradacağı əvvəlcədən bilinən proseslərə hazırlıqsız getmirəm...

İndi təsəvvür edin ki, mən desəm, məhkəmədəki bir saatlıq ifadəmin və sual-cavabın səs yazısı (ya da stenoqramı) əlimdədir. Necə olar?

Qapalı məhkəmə idi, içəriyə heç bir cihaz keçirmək mümkün deyil. Amma MTN-dən, "Ölüm korpusu"ndan keçən bir peşəkar jurnalist üçün bu baryeri aşmaq, mötəbər fakt yaratmaq olduqca sadə məsələdir…

Orada hər şey var. Mənim səlis ifadəm, suallara təmkinli cavablarım, bəzi vəkillərin primitivliyi, hamısının bir-birini təkrarlaması…

Əli Kərimlinin cəm halında, ümumi prosesə etirazı və mənim ona dərhal susdurucu cavabım…

Buradan bir mühüm məqamı mütləq deməliyəm. Mən çox nadir hallarda ünvanıma yağdırılan böhtanlara, iddialara, şər və şəbədəyə cavab verirəm.

Çünki böyük bir yolun, böyük bir prosesin adamıyam, böyük bir missiyanın aparıcısıyam. Və mənə daş atanların 60 faizi siyasi-mətbu karyeramın 38 ilində bu dünyadan gedib, mənə və dünyaya daşdan baxırlar.

Yəni hər daş atana cavab verilsə, yol yürümək mümkün olmaz. Hürən hər itə cavab verilsə, mənzilə varmaq mümkün deyil.

Amma bu gün bir istisna edə bilərəm. Üzərimə trol hücumu təşkil edənlərə cavab olaraq məhkəmədə verdiyim 1 saatlıq ifadəmin səs yazısını yaya bilərəm!? Və darmadağın olarlar!

Amma burada vacib bir hüquqi məqam var. Məhkəmə qapalı keçirilir. Mən bunun məsuliyyətini anlayıram. Amma Rauf Arifoğlu hər zaman risk almağı sevib, seçib…

Son söz: Mən ifadəmin arxasındayam!

İstintaq məni şahid kimi dəvət edib. İllər əvvəl açıq mənbələrdə söylədiyim, yazdığım iddialar barədə sual verilib. Qısa, ehtiyatlı, başqa kimsələrə zərər verməyən rəsmi ifadə vermişəm.

2019-cu ildə verdiyim müsahibənin özəti olaraq...

Mənim Əli Kərimli ilə siyasi fikir ayrılığım köhnədir, prinsipialdır və ictimaiyyətə məlumdur.

Bu fikir ayrılığını heç vaxt gizlətməmişəm.

Amma şəxsi ədavətlə şahidlik etmək, kiminsə həbs olunmasını arzulamaq, yaxud bilərəkdən yalan danışmaq mənim xarakterimə və peşə prinsiplərimə yaddır.

Mən Milli Şura layihəsini 2013-cü ildə necə qiymətləndirmişdimsə, bu gün də həmin mövqedəyəm.

Əli Kərimlinin həmin prosesdəki roluna münasibətim də dəyişməyib.

Məhkəmədə söylədiklərimə görə məsuliyyət daşıyıram və bu məsuliyyətdən qaçmıram.

İndi mənə üzəduran deyənlər isə əvvəlcə 2013-cü ildə yazdıqlarımı, 2019-cu ildə danışdıqlarımı oxusunlar, dinləsinlər.

Sonra bugünkü ifadəmlə müqayisə etsinlər.

Görəcəklər ki, mənim mövqeyimdə siyasi konyunkturaya uyğun dəyişiklik yoxdur.

Mən o zaman da bunları deyirdim. İndi də deyirəm. Sabah da soruşsalar, eyni həqiqətləri söyləyəcəyəm.

Mənim üçün əsas olan budur.

Qalanı hay-küydür.

Bizdə yalan yox, fakt çox! Hamısını açsam, çox adam yanar…

Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri

***

Bax, linklərə. Bunlar Əli Kərimlinin həbsindən illə əvvəl yazılmış, deyilmiş müsahibələrdir.

" target="_blank" rel="nofollow">https://youtu.be/vM4m9D3E-O4?si=Zj4Q-8WV3jdIsCPk

https://www.instagram.com/tv/CPBwNDqnQQW/?igsh=NzJ1YnlnYjNleDkz

https://modern.az/az/news/212857/

https://azlogos.eu/yeni-musavat-media-qrupunun-r%C9%99hb%C9%99ri-rauf-arifoglu-il%C9%99-musahib%C9%99/

https://musavat.com/news/abbas-abbasov-hakimiyyete-qarsi-yeni-ittifaq-qurur_449045.html

Rauf Arifoğlu