
Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər.
"Xəzər TV"yə danışan şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub.
Zərərçəkənlərdən bəzisi pulu qeyri-rəsmi qaydada verdiyini desə də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.
Maraqlıdır, bəs görəsən, bu hallarda dələduzluqla məşğul olan şirkətləri reklam edən bloqerlər hər hansı məsuliyyətə cəlb oluna bilərlərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan hüquqşünas Hikmət Əliyev qeyd edib ki, bloqer dələduzluq edən şirkətlə əlbir olmayıbsa, bu zaman o hər hansı məsuliyyət daşımır:
"Əgər bloqer reklam edəcəyi şirkətin vətəndaşları aldadıb pulunu mənimsəyəcəyini bilir, buna baxmayaraq onunla əlbir olub reklam edir, vətəndaşların pulunu dələduzluq yolu ilə əldə edirlərsə, bu zaman bloqer məsuliyyət daşıyır. Çünki burada artıq cinayət tərkibi yaradacaq şəxslə bloqer əlbir olur, vətəndaşların pulunu mənimsəyir. Amma bloqer şirkətin dələduzluq edəcəyini bilmədən onu reklam edirsə, bu zaman onun heç bir məsuliyyəti yaranmır.
Qanunla qadağan edilmiş fəaliyyətlər təbliğ olunarsa, reklam edilərsə, bu artıq məsuliyyət yaradır. Qanunla qadağan edilmiş fəaliyyətlər deyəndə buna qumar, mərc oyunlarının təbliğini, narkotik, psixotrop maddələrdən istifadəyə təşviq etmə hallarının reklamını misal çəkə bilərik.
Alqı-satqı şirkətlərinin reklam edilməsi isə qanunla qadağan edilən fəaliyyət deyil".
Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) isə bildirilib ki, qurum yalnız açıq məkanlarda reklamlara nəzarət tədbirlərini həyata keçirir.