“Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib — FOTOLAR

GÜNDƏM 01 iyul 2025, 22:55
1 iyul 2025-ci ildə Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihə çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” antologiyasının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə təşkilatın sədri və layihə rəhbəri fil.ü.f.d. Adilə Nəzərova açıb və layihə haqqında və Antologiya haqqında geniş məruzə edərək qeyd edib ki, Qarabağ Zəfərindən sonra turançılıq ideyaları digər sahələrdə olduğu kimi ədəbiyyatda da aktual mövzulardan birinə çevrilib. Doğrudur, turançılığı təkcə coğrafiya ilə əlaqələndirmək olmaz, hansı coğrafiyada türk toplumu varsa orada bu ideya vardır, amma Azərbaycan turançılıq ideyasına daha çox can atan və bu birliyə çalışan ölkədir. Bəlkə də bu, bir az da hazırda ölkəmizin gündəmində olan məsələlərlə əlaqəlidir, amma ümumilikdə ideya özlüyündə daha geniş anlam kəsb edir: Bu, əsasən İsmayıl bəy Qaspıralının dediyi kimi: “Dildə, işdə, fikirdə birlik” ideyasıdır. Antologiyada yer alan nəzm və nəsr əsərlərində vətənpərvərlik ruhu, birlik, bərabərlik, türkçülük və turançılıq ideyaları mühüm yer tutur.”

Tədbir iştirakçıları layihəni yüksək dəyərləndiriblər. Çıxış edənlərdən yazıçı Səfər Alışarlı, Jalə Cəfərova, Xanım Mehdixanlı, türkoloq Ələsgər Siyablı, professor İbadulla Ağayev, Hümeyir Əhmədov, ədəbiyyatşünas-alim Aygün Bağırlı, şair Yusif Nəğməkar, Qulu Ağsəs, Ramiz Rusarçaylı, Təranə Məmməd, İlqar Türkoğlu qeyd ediblər ki, bu gün təqdimatına toplaşdığımız bu antologiyada yer alan əsərlər heç də Qarabağ Zəfəri, o zəfərdən daha da güclənən turançılıq ideyaları haqqında gəlişigözəl sözlər, fikirlər deyil, bu əsərlərdə Azərbaycan xalqının, eləcə də türk toplumunun arzuları, ümidləri və inancları birləşib. Əsərlərdə mövzu ilə bağlı xalqımızın (və digər türk xalqlarının) milli dəyərləri və turançılıq ideyaları işıqlandırılır. Bu da xalqın milli ruhunu yüksəldir, onu bir milli ideya ətrafında daha sıx birləşməyə səsləyir.

Tədbirdə vətənpərvər şeirlər səslənib və aşıq Fikrət Cəfəroğlunun ifası dinlənib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top