44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri — IV HİSSƏ

GÜNDƏM 03 oktyabr 2025, 23:03
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.

Generalın “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələr silsiləsindən dördüncü hissəsini təqdim edirik:

ZƏFƏRƏ AÇILAN QAPI: CƏBRAYIL

“Düşmən çox ola bilər, ancaq inadlı iradə qarşısında ən böyük qala da dağılar” - Çingiz Xan

02 oktyabr 2020-ci ilin səhəri günəşin ilk şəfəqləri ilə hücum əməliyyatı başlandı. Gecə boyu pələng kimi səssizcə düşmən mövqelərinin yaxınlığında gizlincə mövqelənmiş xüsusi təyinatlılar, səhərin ilk işığında qartal kimi ildırım sürəti ilə şığıyaraq düşmənin müdafiə sədlərinə soxuldular. Düşmən belə qəfil və amansız basqını gözləmədiyindən, çaşqınlıq içində özünü qorumağa çalışır, Azərbaycan xüsusi təyinatlılarının ölümcül hücumundan can qurtarmaq üçün panik halda qaçmağa məcbur olurdu.

Həmin an 1-ci hərbi hissənin iki taboru Böyük Mərcanlı istiqamətində döyüşə qatıldı. Onlar düşmən postlarını yandan ötərək qəfil arxadan basqın etdərək mövqeləri darmadağın etdilər.

Düşmən basqının hansı istiqamətdən və nə vaxt olduğunu bilmədiyindən, vahimə içində nizamsız atəş açırdı. Polkovnik-leytenant Babək Mustafayev və mayor Səfərli Gündüzün komandiri olduqları taborlar inadla irəliləyərək düşmənin müqavimətini qısa zamanda qırdılar. Qanlı döyüşdən sonra Böyük Mərcanlı ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürüldü və hücum əməliyyatının növbəti mərhələsi üçün şərait yaradıldı.


Əməliyyat nəticəsində düşmən mövqelərində böyük miqdarda silah-sursat və texnika (bütün növ atıcı və iri çaplı sursatlarla dolu sursat anbarı, bəziləri 120 mm minaatan mərmiləri ilə tam yüklü URAL və KamAZ yük maşınlarıı,  T-72 tankı və BMP-2 döyüş maşını, çox sayda 120 mm minaatan, daşınan zenit-raket kompleksləri, AQS-17 avtomatik qumbaraatanları, Tankəleyhinəidarə olunan  raket qurğusu çox sayda raketilə, 12,7 mm-lik DŞK pulemyotu, çox sayda avtomatı,  pulemyot, snayper tüfəngi və müxtəlif çaplı sursat)  ələ keçirildi.

Sonrakı mərhələdə hücum Nüzgar kəndi istiqamətində davam etdirildi. Düşmən bu dəfə daha amansız idi — artilleriya qurğuları və snayperlər vasitəsilə bölmələrimizi dayandırmağa çalışırdılar. Yoğun atəş altında irəliləyən bölmələrimiz, ağır itkilər verməmək üçün ərazinin qırışlarından və düşmənin tərk edib qaçdığı səngərlərdən siper kimi istifadə etməyə məcbur oldular.

Lakin bu da müvəqqəti idi. Hərəkəti ləngidən artilleriyanın susdurulması üçün bölmələrimiz rabitə ilə TKM-dən atəş dəstəyi istədilər. Qısa müddət sonra geri bölgənin dərinliyindən ağır mərmilərin gurultusu eşidildi. Azərbaycan artilleriyası dəqiq zərbələrlə düşmənin atəş nöqtələrini darmadağın edirdi.

Düşmən mövqelərinə endirilən dəqiq artilleriya zərbələri fonunda polkovnik Ələkbər Cahangirovun komandiri olduğu 3-cü hərbi hissə, polkovnik Kənan Seyidovun rəhbərlik etdiyi Taktiki Komanda Mərkəzinin birbaşa idarəsi altında Horadiz–Cəbrayıl istiqamətində hücuma keçdi.

Lakin düşmən inadla müqavimət göstərirdi. Xüsusilə də 1-ci hərbi hissənin taborlarını ardıcıl olaraq atəşə tutan düşmən artilleriya batareyası susmaq bilmirdi. Bu, irəliləyişi ləngidir, döyüşün gedişatında təhlükəli gərginlik yaradırdı.

Bu anda 3-cü hərbi hissənin həmin istiqamətdə hücum edən dəstəsinin komandiri mayor Orucov İlqar dəstəsindən bir qrup ayıraraq düşmən artilleriya batareyasının yerinin tapılaraq məhv edilməsinə göstəriş verdi. Qrup səssizcə irəliləyərək düşmən mövqelərini ötüb keçdi və qəfil basqınla artilleriya batareyasını sıradan çıxardı.

Batareyanın susdurulması ilə Səfərli Gündüzün taborunun qarşısındakı maneə aradan qalxdı. Hücum yenidən sürət qazandı və Azərbaycan xüsusi təyinatlıları düşmənin müdafiə xəttini yararaq əraziləri azad etməyə davam etdilər.

İldırım sürətli hücumun nəticəsi olaraq günün sonuna qədər Şeybəy, Quycaq kəndləri 3-cü hərbi hissənin bölmələri tərəfindən tam nəzarətə götürüldü. Əməliyyat zamanı ayrılmış qruplar düşmənin müdafiəsinin aralarından sürətlə müdafiəsinin arxasına sızaraq düşmənin artilleriya və minaatan batareyalarına, ehtiyat qüvvələrinə, komanda məntəqələrinə qəfil basqınlar etdilər; nəticədə düşmənin çox sayda şəxsi heyəti və texnikası məhv edildi və düşmənin atəş qabiliyyəti əhəmiyyətli dərəcədə zəiflədildi. 

Qarşıya qoyulmuş tapşırıq xüsusi təyinatlılara yaraşan dəqiqlik və cəsarətlə artıqlaması ilə icra edildi. Bu uğur Cəbrayıl istiqamətində hücumun davam etdirilməsi üçün vacib əlverişli mövqelər qazandırdı: əsas istiqamətlərdə düşmənin möhkəmlənməsinə imkan verilmədi — bir çoxları məhv edildi, bəziləri geri çəkilməyə məcbur oldu. Strateji yüksəkliklər və yaşayış məntəqələri nəzarətə götürüldü, böyük miqdarda silah və texnika ələ keçirildi və ən əsası, xüsusi təyinatlılarla birgə hücuma qatılan digər birliklərin bölmələrinin şəxsi heyətinin ruh yüksəkliyi daha da yüksəldi.

2 oktyabrdan 3 oktyabra keçən gecə ərzində xüsusi təyinatlılarımız dayanmayaraq düşmənin müdafiəsinin ikinci və üçüncü eşalonunda möhkəmlənməyə çalışan qüvvələrinə qəfil basqınlar edərək onların mövqelənməsinə imkan vermədilər.

3 oktyabr səhəri çiskinli yağışla açıldı. Sanki göylər də bu günü gözləyirmiş – azadlıq sevinci ilə göz yaşı tökürdü. Xalq mahnımızdakı misralar yada düşürdü: “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın.” İndi isə sanki göylər özü Azərbaycan əsgərinin yolunu su ilə yuyur, Cəbrayılın – Qarabağın qapısını, qələbəyə açılan yolu düşmənin murdar izlərindən təmizləmək istəyirdi. Qarşıda gələn günlərin şərəfi, şəhərin azadlığı bu yağışın altında daha da müqəddəs görünürdü.

Azərbaycan Ordusunun ildırım sürətlilə Cəbrayıla necə çatdığının yaratdığı vəziyyətdən şoka düşən və nə baş verdiyini hələ də anlamayan düşmən, ardıcıl əks-hücumlarla itirdiyi mövqeləri geri qaytarmaq istəyirdi.

Saat 06:00 radələrində Horovlu yaşayış məntəqəsindən çıxan, müxtəlif tipli 10 hərbi avtomobildən ibarət kolonun Füzuli–Hadrut–Cəbrayıl yolayrıcına doğru hərəkəti müşahidə edildi. Dərhal hazırlıq görən 3-cü hərbi hissənin tank əleyhinə idarəolunan raket kompleksləri heyəti kolonu nişan aldı. Bir neçə saniyə sonra dəqiq zərbələr düşmən kolonunu alova qərq etdi. Əsgərlərlə dolu avtomobillər ard-arda partlayır, yolun üzəri qara tüstü və alovla bürünürdü. Avtomobillərdən enməyi bacaran düşmən əsgərləri Cəbrayıl şəhərində yerləşən düşmənin 9-ce alayının yerləşmə yerinə doğru qaçırdılar.

Bu məhv zərbə ilə düşmənin əks-hücumu daha başlanğıcda sındırıldı, Azərbaycan bölmələrinin irəliləyişi isə qarşısıalınmaz surətdə davam edirdidi.

Yenidən döyüşə qatılan 1-ci hərbi hissənin iki taboru Səfərça kəndi istiqamətində, 3-cü hərbi hissə isə birbaşa şəhər mərkəzinə doğru irəliləyirdi.

Düşmən bölmələrimizin sürətli hücumunu durdurmaq üçün yol kənarlarında tələsik mövqelənərək hərəkətdə olan bölmələrimizi qəflətən atəşə tuturdular.

Polkovnik Kənan Seyidovun Taktiki Komanda Məntəqəsinin (TKM) Horovlu kəndindən Cəbrayıl şəhərinin mərkəzinə doğru hərəkət edən iki zirehli maşından ibarət kolonu da belə bir pusquya tuş gəlmişdi. Sayca çox olan düşmən əlverişli mövqelərdə, yolun sağ tərəfində gizlənmişdi.

Lakin maşınların zirehli olması, TKM heyətinin peşəkarlığı düşmənin məqsədinə çatmasına imkan verməmişdi. Onlar dərhal texnikaların əks tərəfindəki qapılardan çölə tullanaraq yolun sol tərəfində mövqelənmiş, cəld manevr edərək pusquya qarşı qoyma üsulu ilə düşməni çevrələməyə başlamışdılar.

Bu anda rabitə zabiti polkovnik-leytenant Abbasov İlham özünü  itirməyərək sürücülərlə birlikdə maşınları atəş basqını altından çıxarmış, düşmənə texnikaları tank əleyhinə vasitələrlə vurmağa imkan verməmişdi.

TKM-in düşmən pusqusuna düşdüyünü görən polkovnik-leytenant Bağırov Yaşarın dəstəsi tərəddüd etmədən həmin istiqamətə yönəlmişdi. Onlar çiskinli yağış altında sürətlə pusqu yerinə çatmışdılar. Lakin düşmənlə gərgin döyüş aparan TKM heyəti, yaxınlaşan dəstəni səhvən düşmən qüvvələri hesab edərək dairəvi müdafiə mövqeyi qurmuşdu.

Bu vaxt vəziyyət daha da gərginləşmişdi. Polkovnik Kənan Seyidov, ehtiyatı əldən vermədən, TKM heyətinə geridən gələn qüvvələrə də atəş açmağa hazır olmaları barədə komanda vermişdi. Ancaq son anda yaxınlaşanların öz bölmələrimiz olduğunu anlayaraq əmri ləğv etmişdi.

Beləcə, Bağırov Yaşarın dəstəsinin dəstəyi ilə pusqu quran düşmən qüvvələri tam məhv edilmişdi. Bu döyüş, həm bölmələrin qarşılıqlı əlaqəsinin, həm də döyüş meydanında anlıq qərarların necə həyati əhəmiyyət daşıdığının bariz göstəricisidir.

Silah-sursat baxımından heç bir problemimiz yox idi. Ermənistan ordusundan ələ keçirilən silahlar, müxtəlif çaplı sursatlar, qumbaratanlar, zirehli texnikalar (tanklar, PDM-lər və s.) və müxtəlif avtomobillər artıq onların özünə qarşı istifadə olunurdu. İllərlə yığdıqları arsenal indi öz əsgərlərini məhv edirdi. Sanki düşmənin silahı sahibini tanımamış, üzünü çevirmişdi — öz gülləsi bizim əllərimizdə özünə dəyirdi.

3 oktyabr, günortadan sonra polkovnik-leytenant Zamiq Əmirovun rəhbərliyi ilə, polkovnik-leytenant Babək Mustafayev və mayor Səfərli Gündüzün komandiri olduğu taborlar Cəbrayıl şəhərinin yaxınlığında, təpənin üzərində yüksələn teleqülləni düşməndən təmizləyərək nəzarətə götürdülər.

Düşmən dəfələrlə artilleriya atəşi ilə dəstəklənən, çoxsaylı tank və PDM-lərlə gücləndirilmiş qüvvələrlə əks-hücuma keçərək itirdiyi mövqeləri geri qaytarmağa çalışdı, lakin hər dəfə layiqli cavab alıb geri oturduldu.

4 oktyabr tarixində gün boyunca Cəbrayıl şəhəri və ətraf yüksəkliklər düşməndən tam təmizləndi. Əldə keçirilmiş mövqelər digər birliklərin bölmələrinə təhvil verilməsi üçün hazırlandı və möhkəmləndirildi. Düşməndən ələ keçirilən qənimət hesabına sərf edilmiş silah-sursatın yeri dolduruldu. Çünki düşmən Cəbrayıl şəhərində yerləşən 9-cu alayın daimi dislokasiya məntəqəsini tərk edərkən anbarlarda çox sayda silah və texnika qoyub qaçmışdı.

Həmin gün alaqaranlıq düşən kimi 2-ci briqadaya Hadrut istiqamətində planlanan hücum əməliyyatları üçün əlverişli yüksəklikləri və mövqeləri ələ keçirməsi barədə əmr göndərdim. Hərbi hissənin təyin edilmiş istiqamətdə hərəkəti zamanı irəli göndərilmiş qrup bir müddət sonra qarşıda çoxsaylı düşmən qüvvələrinin olması barədə məlumat verdi.

Dərhal hərbi hissə komandirinə göstəriş verdim: bir tabor yandan ötərək düşmənin arxasına keçsin və artilleriya atəşindən sonra əsas qüvvələrlə birlikdə düşməni tam məhv etsin. Eyni zamanda bizi dəstəkləyən artilleriyanın atəşini dozordan gələn koordinatlara yönəldərək düşmənə dəqiq zərbələr endirdik. Gözləmədiyi anda artilleriya atəşi ilə vurulan düşmən, arxadan və yanlardan edilən sürətli həmlələrlə darmadağın edildi.

Düşmən komandanlığı artıq 2-ci hərbi hissənin yerini aşkar etmiş və artilleriyası həmin yerlərə zərbələr endirməyə başlamışdı. Hava qaranlıq olsa da, partlayışların işıqları ərazini günorta kimi aydınladırdı. Mən dərhal hərbi hissəyə atəş zonasından çıxmaq və marşrutunu dəyişmək əmrini verdim.

Bu döyüşdə şəhid olan və yaralanmış yoldaşlarımız dərhal təxliyə edildi. Bəzi yaralılar təxliyyə olunmaqdan imtina edərək döyüşə davam etmək istəyirdilər. Yoldaşlarının və komandirlərinin qəti təkidindən sonra məcburda olsa daha ağır olanları təxliyyə edə bildik. Yüngül yaralılar isə qətiyyətlə etiraz edərək sıraya qayıtdılar.

5 oktyabrda gün ərzində Cəbrayıl şəhərinin ətrafındakı azad edilmiş bütün mövqelər nizamlı şəkildə 2-ci birliyin bölmələrinə təhvil verildi. Xüsusi təyinatlı qüvvələrin bütün hərbi hissə və bölmələri XTQ komandanın əmrinə əsasən dərhal yenidən qruplaşma apararaq — Hadrut istiqamətində hücuma hazırlaşmalıydılar. Hər bir hərbi hissə və bölmə  öz tapşırıqlarını alan kimi cəld, elə hərəkətdəcə qərar qəbul edərək detallı şəkildə şəxsi heyətə çatdırırdılar. Yeni əməliyyat üçün lazım olan bütün təminat vasitələri Arxa Komanda Məntəqəsinin rəhbəri polkovnik Akif Priverdiyev tərəfindən fasiləsiz olaraq təmin edilirdi. 


Komanda məntəqəsinin Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətində yerdəyişmə etməsinə göstəriş verdim.  Hərəkətə başlamaq istərkən bir zirehli idarəetmə avtomobilinin Cəbrayıl şəhərinə doğru hərəkət etdiyini gördüm. Zirehli avtomobili saxlatdırdım. Birlik komandiri general-mayor Mayis Barxudarov idi. O, çox yorğun görünürdü və səhra geyimidə qan ləkələri var idi. Qucaqlaşıb görüşdük. Hara getdiyini soruşdum.

— Qardaş, Baş Qərargah rəisi əmr etdi ki, Cəbrayıl şəhərində özüm olum və müdafiəsini ordan şəxsən təşkil edim. Birazdan Kərim Vəliyev də gələcək. Bilirəm siz Hadruta tərəf hazırlaşırsınız. Həmişə əlaqədə olaq. Nə olar, nə olmaz.

— Əlbəttə, qardaş. Bir-birimizi məlumatlı saxlayaq — cavab verdim.

Mayis Barxudarov Ali Hərbi Məktəbdə məndən bir kurs aşağıda oxusa da, 2002-ci ildə hər ikimiz eyni vaxtda Silahlı Qüvvələr Akademiyasına qəbul olmuşduq. Həmin vaxt hər ikimiz mayor rütbəsindəydik və Akademiyaya qədər olan xidmət müddətində daim əlaqə saxlamışdıq.

Akademiyada oxuduğumuz illərdə münasibətimiz ailəvi dostluğa çevrildi; imtahanlara ya onların evində, ya da bizim evdə toplaşaraq hazırlaşırdıq. Sonradan məni Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlar Akademiyasına göndərdiklərinə görə yollarımız ayrıldı. Mən akademiyadan qayıdıb “Yaşma” hərbi hissəsinə komandir təyin edildim, o isə ön xətt hərbi hissələrinin birinə təyinat aldı. Amma harada olmağımızdan asılı olmayaraq dostluğumuz həmişə davam etmişdi — bir-birimizə hər zaman etimadımız var idi. İndi isə eyni cəbhədə, eyni istiqamətdə döyüşürdük.

General-leytenant Kərim Vəliyev isə sözün əsl mənasında hamımızın böyüyü, ağsaqqalı idi. Biz yeni zabit rütbəsi alıb ordu sıralarına qatıldığımız zaman o artıq Birinci Qarabağ müharibəsinin çətin günlərindən keçmiş, gənc yaşında hərbi hissə komandirliyindən müdafiə nazirinin müavinliyinə qədər yüksəlmiş bir komandan idi. Birinci Qarabağ müharibəsində bir çox çətin döyüşlərdə iştirak etmişdi. Hətta onun hərbi hissəsindən Qubadlı istiqamətinə göndərilən taboru tək qoymamış, Nəciməddin Sadıkovun israrlarına baxmayaraq onlarla birlikdə döyüşə girmişdi.

1993-cü ilin avqust ayında Qubadlı istiqamətində ordumuz hücum edərək düşmənin Ermənistan sərhədi keçən yüksəkliklərdəki mövqelərini ələ keçirmişdi. O zaman cəbhə komandanı Nəciməddin Sadıkov Qubadlıya gəldikdən sonra nədənsə ordumuzun bölmələri həmin mövqeləri döyüşsüz tərk etmiş, düşmən isə əl-qolunu sallaya-sallaya gəlib döyüşsüz Qubadlını işğal etmişdi. O döyüşdə Kərim Vəliyev göstərdiyi böyük şəxsi şücaət və igidliyi sayəsində taboru mühasirədən çıxarmışdı.

Onunla döyüşdə iştirak etmiş zabit və əsgərləri həmişə onun haqda hörmətlə danışırdılar.

1995-ci ildən sonra Birlik komandiri olanda biz onun tabeliyində olan hərbi hissələrdə xidmət edirdik və bizim yetişməyimizdə, peşəkar inkişafımızda onun böyük xidməti olmuşdu. Xüsusi Təyinatlı Qüvvələr yarandıqda Hikmət Mirzəyev məni dəfələrlə XTQ-yə istəsə də, birlik komandirim olaraq o, məni vermək istəmirdi — mən də komandirimə qarşı çıxmamaq üçün razılıq vermirdim. Sonradan, 2000-ci ilin əvvəlində mənim hərbi hissə komandirinin müavini vəzifəsinə təyinatım üçün göndərilmiş təqdimata əsasən, Hikmət Mirzəyevin o dövrdəki müdafiə naziri Səfər Əbiyevdən xahişi edərək təyinatımı Xüsusi Təyinatlı Qüvvələrə dəyişdirdi.

İndi isə bu döyüşlərdə o da bizimlə eyni cəbhədəydi — öz yetişdirdiyi zabitlərlə birlikdə.

Bunları yazmaqda məqsədim xalqımızın öz ləyaqətli oğullarını tanıması, onların Vətən və xalq üçün nə qədər mərhumiyyətlərə sinə gərdiyini, Ali Baş Komandanın verdiyi hər tapşırıq üçün canından və qanından keçməyə hazır olan müxtəlif rütbələrdə necə vətənpərvər zabitlərimizin olduğunu bilməsidir. Onlar Vətəni öz həyatlarıdan və ailələrindən çox sevdiklərini sübut edərək döyüşürdülər.

6 oktyabr, səhər saatlarından etibarən düşmən yenidən son qüvvələrini toplayaraq Cəbrayılı geri qaytarmaq məqsədilə əks-hücuma keçmişdi. Bu düşmənin artıq dördüncü əks-hücumu idi. Güclü artilleriya, tank və digər atəş vasitələrinin atış səsləri dağlarda əks-səda verərək bütün ərazidə qorxunc bir təsir yaradırdı. Mərmilər yağış kimi hər yerə yağırdı. Çiskinli hava olmasına baxmayaraq hər yeri toz-duman bürümüşdü. 

XTQ komandanı məxfiçiliyin qorunması məqsədilə əməliyyat şöbəsinin zabiti polkovnik-leytenant Vüqar Abdullayev və baş gizir Aftandil Sadıqovla Hadrut istiqamətində hücum əməliyyatının yazılı əmrini və krokisini göndərmişdi. Çox çətinliklə, artilleriya atəşindən yayınaraq gəlib bizi tapmışdılar. Əmrə əsaəsən Hadrut istiqamətində hücuma mən rəhbərlik edəcəkdim. Bütün Xüsusi Təyinatlı hərbi hissələr və digər birliklərdən  əməliyyat tabeçiliyimizə verilmiş bölmələr əmrimə verilmişdi. Əməliyyat əmri üzrə tapşırıqlarımızı aydınlaşdırdıqdan sonra  hərbi hissə və bölmələrin təyin edilmiş həddlərdə hücum üçün çıxış vəziyyəti almalarına göstərş verdim. 

Düşmənin fasiləsiz atəşi altında hərbi hissə və birləşmələrimiz Hadrut istiqamətində irəliləyirdik.

Düşmən qeyri-nizami şəkildə geri çəkilir və olduğu yerdə tələsik möhkəmlənməyə çalışırdı.

Onlar əllərində olan bütün atəş vasitələrindən — artilleriya, tank, pulemyot və qumbaraatanlardan — istifadə edərək bizim hərəkətimizi məhdudlaşdırmaq və dayanmağa məcbur etmək istəyirdi. Eyni zamanda düşmənin geri bölgəmizdə qalmış, müxtəlif istiqamətlərdən qaçan kiçik, silahlı dəstələri peyda olur, bəzən bizimlə üzbəüz toqquşur, bəzən isə yolda tələsik bizim bölmələrə pusqu qururdular.

Belə hücumlara və pusqulara ən çox təminat və təxliyə qruplarımız məruz qalırdı. Gecə-gündüz kvadrosiklla yaralı və şəhidlərimizi təxliyə edən qruplarımızdan bəziləri belə pusqulara düşərək qəhrəmancasına şəhid olmuşdular. 

Düşmən bütün vasitələrlə cəbhədən qaçmağa çalışırdı. Qəflətən bir və ya bir neçə avtomobilin arxa və yandan sürətlə yaxınlaşdığını görürdük, lakin onları düşmən yoxsa öz bölmələrimiz kimi müəyyən etməyə vaxt qalmırdı. Çünki düşməndən ələ keçirilmiş avtomobil və texnika bizim öz bölmələrimiz tərəfindən təminat, təxliyə və ya şəxsi heyətin tez bir vaxtda hansısa nöqtəyə çatdırılması üçün istifadə olunurdu.

Gələn nəqliyyat vasitəsinin kimə məxsus olduğunu müəyyən edənə qədər, əgər o düşmən idisə, ilk növbədə bizim üzərimizə atəş açırdılar. Belə bir hadisədə az qalırdı polkovnik Quliyev Maisi vuracaqdılar. Lakin vaxtında mövqelənib reaksiya göstərərək, UAZ markalı avtomobildə Cəbrayıldan Füzuli istiqamətinə qaçan beş hərbi qulluqçusunu məhv etdik.

Bu insidentdən sonra bütün hərbi hissələrə göstəriş verdim: qənimət götürülmüş və istifadə ediləcək avtomobil və texnikalara gündəlik dəyişən və hərbi hissələrin məlumatı olan tanınma nişanları vurulsun; tanınma nişanı olmayan bütün nəqliyyat vasitələri dərhal məhv edilsin.

Daşkəsən kəndində düşmənin qoyub qaçdığı artilleriya hərbi hissəsinin yanına çatanda mənə zəng gəldi — Mayis Bərxudarov idi.

— Buyur, qardaş, — cavab verdim.

— Qardaş, görürsən ki, düşmən dayanmır. İndi də Şaqax tərəfdən əks-hücum edir. Mənimkilər o istiqamətdə azdır. Bəlkə mənə kömək göndərəsən? — dedi.

— Baş üstə, qardaş. Dərhal göndərirəm, — cavab verdim.

Mən dərhal 2-ci hərbi hissənin komandirinə tapşırdım: Mayıl Şahbazovu, taboru ilə birlikdə Mayis Barxudarovun sərəncamına göndərsin və onların qüvvələri ilə birlikdə Cəbrayılı hər nə bahasına olursa olsun müdafiə etsinlər.

Mayıl Şahbazovun komandiri olduğu tabor komanda alan kimi dərhal, ətrafda partlayan mərmilərə baxmayaraq sürətlə həmin istiqamətə hərəkət etdilər. Onlar yeni gələn düşməni məhv edəcəklərinə və yoldaşlarımızın qisasını alacaqlarına sevinirdilər.

Havada ağır, davamlı bir uğultu vardı. Diqqətlə Cəbrayıl şəhərinin üzərindən göyə baxdım — düşmən təyyarələrinin hər an bu istiqamətdən hücum etməsi ehtimalı ağlımdan keçdi. Uğultu yaxınlaşdıqca onun arxadan gəldiyi, texnikaların uğultusu olduğu aydınlaşdı.

Bizə bu istiqamətdə hər hansı bir texnikaların yerdəyişməsi və ya gələcəkləri barədə heç bir xəbər verilməmişdi. Düşmənin atəşindən qorunmaq üçün üzərində səngər olan bir təpənin üstünə çıxdım və səs gələn istiqamətə baxdım. Rabitə vasitəsilə hərbi hissələri arxadan ola biləcək mümkün hər hansı fəaliyyətə hazır olmaları barədə xəbərdar etdim — bu texnikalar düşmənin nəzərimizdən yayınaraq arxada qalmış zirehli birləşmələri də ola bilərdi.

Polkovnik Quliyev Maisi yanıma çağırdım.

— Mais Musayev Zauru götür, UAZ-la gedin, baxın geridən bura hərəkət edən texnikalar kimindir. Amma çox yaxınlaşmayın; görən kimi qayıdın.

— Oldu, — deyib cəld UAZ-a mindilər.

Mən polkovnik-leytenant Orucəliyev Vidadiyə yuxarı qərargahla əlaqə saxlayıb texnikalar barədə aydınlıq gətirməsini tapşırdım. XTQ-nin idarəetmə məntəqəsində belə məlumat yox idi.

Bir qədər sonra Maisin getdiyi UAZ sürətlə geri qayıtdı. Maşın dayanar-dayanmaz tullanıb yanıma qaçdı.

— Cənab polkovnik, onlar nazirliyin ehtiyatında olan hərbi hissələrindən biridir. Baş Qərargah rəisi onlara əmr edib ki, kolon şəklində Cəbrayıl şəhərinə getsinlər. Mən onlara dedim ki, irəlidə düşmən var və artilleriya onları vuracaq, amma məni dinləmədilər, — dedi.

Bu, çox məsuliyyətsiz və təhlükəli qərar idi. Cəbrayıl şəhəri və ətrafı düşməndən təmizlənmiş olsa da əsas yüksəkliklər hələ də onların nəzarətində idi. Orada yerləşən artilleriya topları, minaatanlar, tank və tank əleyhinə vasitələrlə bütün ərazini nəzarətdə saxlayır və atəş altında tuturdular.

— Mais, get yenidən onlara izah et: onları vuracaqlar, qayıtsınlar geri. Yaxud buralarda, dərələrin birində yerləşsinlər, ərazini və düşməni öyrəndikdən sonra hərəkət etsinlər, — dedim.

— Oldu, — deyib o, sürətlə texnikaların hərəkət etdiyi yolun Cəbrayıl–Füzuli magistral yoluna birləşən kəsişməyə doğru irəlilədi.

Kolonun başı ora çatırdı. Bayaqdan hərəkət zamanı kolon dərədə idi və tam açıqda deyildi. İndi isə irəlidə hərəkət edən zirehli texnikalar dərədən çıxıb yol kəsişməsinə çatırdılar. Ora düşmənin əlinin içi kimi açıq bir yer idi. Hər an düşmən texnikamıza vura bilərdi. Maisi yenidən göndərdiyimə görə peşman idim — o da bu qarışıqlığın içində təhlükəyə düşə bilərdi.

Birdən Hadrutun üzərindən, Şişdağ yüksəkliyinin ətəyindən atəş səsləri gəldi. Gözümüzün qarşısında düşmən elə ilk atəşdə qabaqda gedən zirehli transportyoru vurdu. Transportyor alovlandı. Düşmən köhnə olsa da, hələ də peşəkarlıqla istifadə etdikləri KS-19 topu və digər atəş vasitələri ilə kolonu atəşə tutmuşdu. 

Kolondakı texnikaların bəziləri vurulmuş, bəziləri isə ərazidə pərən-pərən düşərək gizlənəcək yer axtarırdı. Dərədən çıxa bilməyənləri polkovnik Quliyev Mais dayandıra bilmişdi.

Kolonda olan texnikalar gözümüzün qarşısında yanırdı. Bu qədər səhlənkar, məsuliyyətsiz qərar verən adamı ürəyimdə lənətləyirdim — qazandığımız qələbəyə ləkə salan, Azərbaycan əsgərini öz eqosuna qurban verən bir qərar idi.

Mənim əlimdən heç nə gəlmirdi. Aldığım tapçırıq üzrə Hadrut uğrunda döyüşlərə köklənməliydim. Hadrut istiqamətində hücum edəcək XTQ-in bütün hərbi hissə və bölmələri hücum üçün çıxış həddini tutmuşdu. Irəlidə düşmənin alınmaz qala hesab etdiyi, bütün ev və küçələrin, təpə və dərələrin Azərbaycan əsgəri üçün məzar olacağını iddia edən, yerin altında çox sayda qüvvələri gizlədərək bizimlə partizan döyüşləri aparacaqlarını dediyi Hadrut var idi. 

Burada isə düşməni bütün torpaqlarımızdan söküb atamaq üçün qisas hissi ilə alışıb-yanan Azərbaycan ordusu hücum üçün komanda gözləyirdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 21:58
03 oktyabr 2025, 20:53
Top