Əli Həsənov Türkiyəyə yardım üçün əmlakını satışa çıxardı — Alıcı tapa bilmir...

TƏHLİL 17 fev 2023, 10:27
Türk dünyasının qəlbi Türkiyə ilə döyündüyü bu günlərdə dünyanın hər yerindən zəlzələ qurbanlarına yardımlar edilir. Yardım edənlərin ilk sırasında Azərbaycan dayanır ki, bu da çox təbii haldır, çünki biz gerçəkdən qardaşıq. Dövlətimiz bütün vasitələrlə qardaş ölkənin yanında dayandığı kimi, xalqımız da əlindən gələn dəstəyi verir...

Qardaş Türkiyədə baş verən zəlzələ və edilən böyük yardımların gündəmdə olduğu vaxt diqqətçəkən informasiyalardan biri də Əli Həsənovun on milyonluq torpağı məsələsi oldu. 

Bir neçə gün öncə "Axar.az" saytının yaydığı məlumat belə idi: “Əli Həsənov Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsini 12 milyon manata satıb. Təchizatçı ASC-nin adına olan torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3097-ci məhəllə, 14B ünvanında yerləşir. Torpaq sahəsinin ölçüsü təxminən 1.7 hektara yaxındır. Ərazi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda torpaq sahəsi əmlak kompleksi müəssisəsi kimi göstərilib. Təchizatçı ASC ərazini tam pay sahibi kimi 2016-cı ildə qeydiyyatdan keçirib”.

Nə az, nə çox, düz 12 milyon manat. Bu, Türkiyə lirəsi ilə təxminən 120 milyon edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə keçirilən “Türkiyə tək ürək” adlı telemarafona qatılan türkiyəli iş adamları arasında 120 milyon TL ianə edən azsaylı şəxslər var idi. Çünki sözün əsl mənasında bu pul az deyil. 

Deyə bilərsiniz ki, Türkiyədəki “əsrin fəlakəti” hara, Əli Həsənov hara? Yaxud da onun satdığı torpaqdan və əldə etdiyi 12 milyon manatdan zəlzələ qurbanlarına nə dəxli var... 

Əslində, dəxli çoxdur. Bilənlər bilir, bilməyənlərə də xatırladaq ki, Əli Həsənov vəzifədə olanda özünü "ən böyük Türkiyəçi" kimi qələmə verir, qardaş ölkənin maraqlarını ondan başqa müdafiə edən olmadığını göstərməyə çalışırdı. Hətta, tez-tez türk dünyası uğrunda hər şeyə hazır olduğu mənasını verən çıxışlar edirdi.  



Sual yaranır, Əli Həsənov hardadır? Niyə qardaş Türkiyədəki zəlzələ qurbanlarına bir manat belə dəstək vermir? 

Necə olur ki, sadə azərbaycanlı son qəpiyini, pensiya və müavinətini, yaşlı nənələrimiz isə ən təzə yorğanını belə qardaş ölkəyə göndərir, Azərbaycan dövləti bütün imkanları və resursları ilə Türkiyəyə dəstək verir, amma “ən böyük Türkiyəçi”dən bir manatlıq da olsa dəstək gəlməyib. 

Əli Həsənov torpaq satışından əldə etdiyi 12 milyonun heç olmasa bir milyonunu qardaş Türkiyəyə bağışlaya bilməzdimi?

Sabiq şöbə müdiri 12 milyona torpaq satdığı xəbərini təkzib edir. Bizim saytda açıqlamasında deyir ki, “İnformasiya yayıblar ki, guya mənim ailəm Binəqədi rayonu ərazisində "Təchizatçı" ASC-yə aid torpaq sahəsini satıb. Həmin əməliyyatdan 12 milyon manat pul əldə edilib. Bildirirəm ki, bu informasiya tam yalandır və ailəmin belə firması və torpağı mövcud deyil”.

Bu təkzib hələ xəbərin doğru olmaması demək deyil, sadəcə Əli Həsənovun özünü müdafiəsidir. Amma hər kəs yaxşı bilir ki, Əli Həsənov vəzifədə olanda dövlətin bütün resurslarından varlanmaq üçün istifadə edib. Onun daşınmaz əmlaklardan, restoranlardan, villlardan ibarət mülklərinin siyahısı mediada kifayət qədər tirajlanıb. 

Eləcə də Həsənovların biznes imperiyasına təhsil müəssisəsindən tutmuş, zavodlara, gecə klubundan tutmuş klinikaya qədər hər şey var. Bu sərvətin dəyəri milyon yox, milyardlarla ölçülür. Torpaq satışından 12 milyon manat qazanmasa belə Əli Həsənovun qardaş Türkiyəyə dəstək vermək üçün kifayət qədər imkanı var.

Bəs necə olur ki, “əsrin fəlakəti”nin baş verməsindən sonra bir dəfə də “gözə görünməyən” Əli Həsənov haqqında bir məlumat yayılan kimi dərhal özü peyda olur?! 

Necə olur ki, vəzifədə olanda “böyük Türkiyəçi” olduğunu tez-tez dilə gətirən Əli Həsənov dövlətin vəsaiti və imkanları hesabına qazandığı sərvətdən bir qara qəpik də olsa belə, zəlzələ qurbanlarına ayırmır?! 



Deyir “bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qutardı, salam-əleyk qutardı”. İndi Əli Həsənov da özünü bu atalar sözünə uyğun tərzdə aparır. Vəzifədə olanda "Türkiyə sevdalısı" idi, indi bir manatını belə qardaş ölkəmizə qıymır. Əslində, nə Türkiyə, nə də qardaşının yanında dayanan Azərbaycana Əli Həsənov və onun kimi "Hacı Qara"ların qara qəpiyi belə lazım deyil, burada əsas məsələ Əli Həsənovun gerçəkdə necə biri olmasını ortaya çıxarmaqdır. Çünki Əli Həsənov vəzifədə olduğu dönəmlərdə bütün rəqiblərini "FETÖ-çu" damğası ilə nəzarət etdiyi KİV-lərdə vurdururdu, özünü isə "ən böyük Türkiyəçi" kimi təqdim edirdi. Amma bu gün FETÖ-çular da Türkiyəyə yardımları boykot etməklə, Ərdoğan hakimiyyətini sobotaj edir, Əli Həsənov da... 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top