“Bəzi dairələr ermənilərin statusu üzərindən münaqişənin yaranmasında maraqıdır” — MÜSAHİBƏ

MÜSAHİBƏ 24 noy 2022, 21:19
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun Demokrat.az saytına müsahibəsi:

- Elşad müəllim, Ermənistanın artıq Qarabağa iddia etməyə nə maddi, nə də ki, siyasi gücü yoxdur. Ancaq son dövrlər Qarabağın “statusu”, Qarabağ ermənilərinin taleyi məsələsindən sui-istifadə cəhdlərinə rast gəlinməkdədir. Sizcə, Qarabağ mövzusunu gündəmdə saxlayanlar kimlərdir?

- Ermənistan yekun sülh sazişi bağlamaqdan hər zaman yayınıb və bu gün də yayınmaqdadır. 2020-ci ildən ötən zaman ərzində Paşinyan Ermənistanın ağır məğlub durumunu qismən də olsa yüngülləşdirmək üçün kənarda dəstək axtarırdı və əsas ümidi də elə Avropaya bağlı idi. Çünki bildiyimiz kimi, sürəkli olaraq Rusiyadan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək almağa çalışdı, amma bunu bacarmadı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Azərbaycanın kifayət qədər böyük nüfuzu var. Orada təmsil olunan dövlətlər Ermənistan istisna olmaqla, Azərbaycanla hərtərəfli inkişaf etmiş əlaqələrə malikdirlər. Təbii ki, Paşinyan hər zaman təsəvvürlərə malik idi ki, KTMT-dən heç bir dəstək almayacaq və bunu bildiyi halda da KTMT-yə israrla müraciətlər edirdi. Məqsəd də ondan ibarət idi ki, təşkilatın Ermənistan üçün əhəmiyyəti olmadığını erməni cəmiyyətinə aşılaya bilsin və bu təlimatlar sözsüz ki, Paşinyana Avropadan gəlirdi. Paşinyan bu cür müraciətlərdən sonra təbii ki, KTMT-yə qarşı ittihamlar irəli sürmək üçün əsaslara malik olurdu. Bu da bütövlükdə Qərbin təlimatlarına uyğun idi. Düşünürəm ki, “status” məsələsinin qabardılmasında hər zaman biz Avropanın aşkar maraqlarını görmüşük. 

- Bugünədək Ermənistan tərəfi səmimi addımlar atmaq istəmir. Sizcə, Ermənistanın əsas məqsədi nədir?

- Xatırlatmaq lazımdır ki, 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə bəyanatda və ondan sonra imzalanan sənədlərdə Azərbaycanın ərazisində yaşayan ermənilərin statusu ilə bağlı heç bir müddəa yer almayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev açıq mətnlə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir. Bunu hər hansı dövlətlə müzakirə etmək fikrində deyil. Və ölkə prezidenti həm də dəfələrlə çox ciddi şəkildə bildirib ki, “status” məsələsi ümumiyyətlə yoxdur. Biz vaxtilə yenilənmiş Madrid prinsipləri üzrə münaqişənin aradan qaldırılması istiqamətində müzakirələrin aparılmasında iştirak etdik. Lakin Ermənistan çox güman ki, yenə də kənar müdaxilələr sayəsində sözün gedən prinsiplər üzrə münaqişələrin tənzimlənməsi istiqamətində səmimi addımlar atmadı. Ermənistanın məqsədi ondan ibarət idi ki, işğal etdiyi bütün ərazilərin hüququ statusunu dəyişsin. Həmin əraziləri anneksiyaya məruz qoysun. 

- ATƏT-in Minsk qrupunun əsas hədəfi nə idi?

- Münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun da əsas hədəfi ondan ibarət idi ki, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini leqallaşdırsın. Təbii ki, uzun zaman çərçivəsində tənzimlənmə istiqamətində yalnız dekorativ xarakterli fəaliyyət göstərən ATƏT düşünürdü ki, məsələni uzatmaqla hədəfinə çata biləcək. Yəni, Ermənistanın maraqlarının təmin olunmasına nail olacaq. Lakin Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qeyd etdiyi kimi, mənasız danışıqları sonsuzluğa qədər davam etdirmək niyyətindən uzaq olmuşuq. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik və münaqişəyə son qoyduq. İndiki mərhələdə maraqlı dairələr münaqişənin sanki hələ də davam etdiyi təsərrüatını formalaşdırmağa çalışırlar. Ermənistanın törətmiş olduğu təxribatlar da ona xidmət edir. Düzdür, Brüsseldə görüşlər keçirildi, amma biz nəticədə gördük ki, Brüsseldəki görüşlər mahiyyət etbarilə Azərbaycanın güclü mövqeyini bir daha ortaya qoydu. Amma, eyni zamanda da Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində çox da təsirli olmadı. Yəni, gözləntilər var idi ki, yaxın zamanda sülh müqaviləsi imzlanacaq. Biz gördük ki, sülh müqaviləsinin imzalanması yenə də Ermənistan və onun dəstəkçilərinin səyləri nəticəsində uzanmaqdadır. Yəni, Avropada sonuncu Praqa görüşü zamanı Makronun orada iştirak etməsi və bu iştirakın Ermənistan üçün töhfəsinin Avropa İttifaqının Müşahidə missiyasının Ermənistana göndərilməsi haqqında qərarının qəbul edilməsiylə yekunlaşması aydın təsəvvürlər formalaşdırdı ki, Ermənistan yenə də münaqişəyə təhrik edilir. Yenə də münaqişənin sanki hələ də davam etdiyinin təsərrüatının yaradılması üçün səylər göstərilməkdədir. 

- Sizcə, “status” və “insan haqları” məsələsini daha çox kimlər manipulyasiya edir?

- Fransa Senatının qəbul etdiyi qətnamədə separatçılara açıq dəstək göstərilir, separatçı rejimin tanınmasına çağırış edilir. Aydın görünür ki, Azərbaycan ərazisində yaşayan ermənilərin statusu üzərindən yenidən öz ambisiyalarını reallaşdırmağa çalışan tərəflər kimlərdir. Ümumilikdə, düşünürəm ki, Avropa, Azərbaycan-Ermənistan münasibətkərinin, “status” xaric tənzimlənməsi istiqamətində mövqeləri səmimi deyil. Avropa İttifaqının lokomotiv ölkəsi olmaqla Fransa öz mövqeyini heç gizlətmir. Bir daha qeyd edirəm ki, aşkar şəkildə Azərbaycan ərazisində separatizmi dəstəkləyir. O halda dəstəkləyir ki, Fransa çox gözəl təsəvvürlərə malikdir ki, Azərbaycan ərazisində yaşayan heç bir xalq diskriminasiyaya məruz qalmır. Azərbaycan bu gün dünyanın ən parlaq multikulturalizm modelini təqdim etməkdədir. Azərbaycanda bütün xalqların tam təhlükəsizlik şəraitində, tam sərbəst inkişaf mühitində mövcud olması üçün hər cür şərait yaradılıb və bu dövlətin ayrıca humanitar siyasi xəttinin biri kimi nəzarətdədir. Bu baxımdan, mən düşünürəm ki, hazırda Azərbaycan ərazisində separatizmi yenidən körükləyən, onsuz da separatizm Azərbaycan ərazisində Ermənistanın və digər maraqlı dairələrin sayəsində mövcud idi. Maraqlı dairələr Azərbaycan ərazisində yaşayan ermənilərin statusu üzərindən münaqişənin yenidən meydana çıxmasında maraqlıdırlar. Çünki Azərbaycan tərəfi deyir münaqişə yoxdur və sanki keçmiş təcrübə təkrarlanır. Yəni, vaxtilə də Azərbaycanın ərazisində yaşayan ermənilərin guya hüquqlarının qoruması uğrunda səylər göstərildi və bu münaqişəyə gətirilib çıxarıldı. İndi də yenidən Azərbaycan öz gücü və iradəsi hesabına, ölkə prezidentinin strateji baxışları sayəsində münaqişənin aradan qaldırıldığı bir dövrdə təkrar olaraq Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi ilə spekulyasiyalar edib münaqişəni alovlandırmağa çalışırlar.  

Aynurə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top