"Arif müəllimin ən böyük arzularından biri Şuşada oxumaq idi" — MÜSAHİBƏ

MÜSAHİBƏ 06 avqust 2025, 13:49
Azərbaycanın xalq artisti, dəyərli incəsənət xadimi Arif Babayev 1 avqust tarixində ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Onu özünə ən yaxın dost, sirdaş bilən əməkdar incəsənət xadimi Baba Vəziroğlu onunla bağlı xatirələrini Demokrat.az-a danışıb.

- Baba müəllim, Arif Babayevlə necə tanış olmusunuz? 

- Uşaqlıqdan böyüklərlə dostluq etməyi sevmişəm. Mənim həyat prinsipim həmişə yaşca və təcrübə baxımından məndən böyük insanlarla yaxın olmaq, onlardan öyrənmək olub. Uşaqlıqdan Mirzə İbrahimov, Rəsul Rza, İsmayıl Şıxlı kimi sənətkarlarla tanış olmuşam, onlarla həm çalışıb, həm də dostluq etmişəm. Dinləməyi çox sevirəm. 

Düşünürəm ki, bildiyim şeylər məndə qalır, amma başqalarından yeni bir fikir, yeni bir bilik eşitmək insana çox şey qazandırır. Hətta uşaqlardan belə öyrənməyə çalışıram.
Arif Babayev mənim üçün belə dostlardan biri idi. Yaş fərqimiz çox olsa da, aramızda qarşılıqlı sevgi və hörmət vardı. 

- Arif Babayev xatirənizdə necə qalıb?

- O, həm böyük sənətkar, həm də unikal insan idi. Mülayim, xeyirxah, heç kimin qəlbini qırmaq istəməzdi. Əgər kiməsə bilmədən xətrə dəyən bir söz deyərdisə, günlərlə, hətta aylarla narahat olar, dəfələrlə üzr istəyərdi. Onun üçün ən böyük hakim vicdan idi və həmişə vicdanı qarşısında hesab verərdi.

- Yaxşı dost səfər zamanı tanınar deyirlər. Onunla unudulmaz səfəriniz olubmu?

-  Arif müəllimlə çox səfərlərimiz olub. Xüsusilə Qəbələ səfəri yadımdadır. Qarabağ yarasının onu nə qədər dərindən sarsıtdığını orada gördüm. Bir anlıq sanki bizimlə deyil, uzaqlara, doğulduğu kəndə, uşaqlıq xatirələrinə gedirdi. O səfərdə ifa etdiyi “Segah” muğamını nə ondan əvvəl, nə də sonra eşitdim. Bu ifa mənim ruhumun dərinliklərinə işləyən bir sənət nümunəsi idi.
Unutmadığım digər bir xatirəm isə Şuşa ilə bağlıdır. Arif müəllimin ən böyük arzularından biri Şuşada oxumaq idi. Xarıbülbül səhnəsində çıxışı zamanı artıq səhhəti imkan verməsə də, orada olması, oturub Qarabağa baxması sanki son vida idi. O, oxumağa deyil, doğma yurdu ilə görüşməyə gəlmişdi.

Arif müəllimin itkisi böyükdür, amma qoyduğu sənət irsi və xatirələri həmişə yaşayacaq. O, sadəcə sənətkar deyildi, həm də mənim sirdaşım, məsləhətçim idi. Sənət, musiqi, həyat haqqında uzun söhbətlər edərdik. 

Həmişə deyərdi: “Boş şeyləri qoy bir kənara, sənətdən danış.”

Onu həmişə xatırlayacağam. Bir şeirimin misraları ilə desəm:

“Arif, səndən bir daha olmayacaq,
Dünyaya Ariflər gəlib gedəcək,
Bir də gəlməyəcək Babayev Arif.”


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top