“Neçə nəfər tanıyıram ki, kəbinsiz, nikahsız bir yerdə yaşayırlar” — Deputat

GÜNDƏM 03 sen 2022, 18:07
Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bəs bu təsirin miqyası nə dərəcədədir? Bu gün doğrudanmı Azərbaycanda ailə institutu deformasiyaya uğrayıb?

Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında bildirib ki, bütün zamanlarda hər dövrün, zamanın öz tələbi olub və bu inkişafı dayandırmaq mümkün deyil.
“İnsanlar məcbur qalıb gərək öz baxışlarını və yanaşmalarını dəyişsinlər. Əsrlər boyu gələn gerçəklər, ənənələr, adətlər belə dəyişib və müasirləşib. Bizim üçün bu ona görə ağrılıdır ki, biz bir ictimai-siyasi quruluşdan başqa quruluşa keçmişik. Hər quruluşun da öz təsirləri, tələbləri və qaydaları olub. Yalnız 20-ci əsr ərzində biz üç ictimai-siyasi quruluş yaşamalı olmuşuq və bütün bunlar şüurumuza, adət-ənənəmizə ciddi təsir göstərib. Ailə dəyərləri də tənəzzülə uğrayır. Artıq Azərbaycanda da neçə nəfər tanıyıram ki, mollasız, kəbinsiz və rəsmi nigahsız bir yerdə yaşayırlar, xoşları gəlmir və “partnyorlarını dəyişib başqası ilə yaşayırlar. Övladını evləndirmək, ərə vermək istəyən valideynlərlə danışın, deyəcəklər ki, yaxşı qız, yaxşı oğlan tapmaq çətindir. Ailə bizdə hörmətli bir institut idi, indi heç kollec də deyil”. 

“Hələ eramızdan əvvəl adını xatırlamadığım yunan filosoflarından biri hələ o vaxtı deyib ki, belə gəncliklə, düşüncəylə, kitab oxumayan, böyüklərə hörmət qoymayan gəncliklə hara gedirik? Bütün əsrlərdə və zamanlarda yaşlı nəsil, gənc nəsildən şikayət edib, onun hərəkətlərini bəyənməyib, başına ağıl qoymaq istəyib, gənc nəsil isə onları köhnə fikrin davamçısı adlandıraraq, ös seçdiyi yol ilə gedib. İndi də belədir. Bizim üçün dəyər kimi görünən hərəkət gənc nəsillər üçün gülməli gəlir. İndi texnologiyaların inkişafı ilə sərhəd məfhumu da itib və bütün mədəniyyətlər qarışıb, “mənim mədəniyyətim” deyilən dəyər, ənənə basqı altındadır və onu saxlamaq get-gedə daha da çətinləşir. Qarşısını almaq mümkün olmur. Ona görə də, çıxış yolu bəzi adət-ənənələri yeniləşdirmək və bir az da ikonlaşdırmaq lazımdır. Bizdə isə bu ikonlaşma, müqəddəsləşmə açığını desək getmir. Çünki, bir çox sahələrdə bu işə cavabdehlik daşıyanlar onları da özlərinin şəxsi ambisiya və maraqlarına xidmət etməyə vadar ediblər”, - deyə deputat sonda qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top